O da həyatının mənalı, sənətinin məhsuldar dövründə bu dünyaya əlvida deyib. Əzizlərinin, doğmalarının, onu sevənlərin qəlbində, dilində, sənət yoldaşlarının xatirələrində yaşayır. Biz də onun sənət dəyərinə qiymət verərək adını şərəflǝndirib musiqi tarixində yaşatmaq istədik. Firuz Alxas oğlu Eyvazov 1949 - cu il dekabrın 7 - də zəhmətsevər və halallıqla yaşayan bir ailədə dünyaya qədəm qoyub. Ailə köhnə Bakımızın tanınan məhəllələrindən olan "Cənub Sovet meydanı' nda yaşayırdı. Həmin sadə ömür sürən ailədə halal çörəklə, dərin məhəbbətlə və ata - ana nəvazişilə üç oğul, üç qız balası boy atıb böyüyüb. Firuz beşinci övlad idi. Alxas kişi və Nurxanım ana haqq adamı idilər, düzlüyü sevib halallığa sığınmışdılar. Hər ikisi iman əhli olaraq İslam dininin qaydalarına düzgün riayət edirdilər. Alxas kişi (1907 - 1966) musiqisevər, həssas qəlbli, duyumlu və düşünən bir insan idi. Pǝsdən, xoş avazla, şirin - şirin muğam və xalq mahnılarını oxuyardı. Xanəndə Ağabala Abdullayevin və Zülfü Adıgözəlovun səsini, oxumağını çox xoşlardı. Bazar günləri muğamat konsertinin vaxtını ötürməzdi, mütləq evdə olub muğamları dinlərdi. Alxas kişi "İrəvanda xal qalmadı" mahnısını gözəl ifa tərzilə, şirin boğazlarla, zərif xırdalıqlarla elə oxuyardı ki... O, doğrudan da istedad sahibi idi. Elə bu istedad Allahın hikmətilə övladlara da sirayət etmişdi. Firuzda da beləcə. Qəlbi nurlu Nurxanımın (1912 - 1977) qardaşı müharibədə həlak olanda elə təsirli bir şikəstə oxumuşdu ki, eşidənlər bu təsirdən bir müddət çıxa bilməmişdilər. Firuz 1966 - cı ildə 161 saylı orta ümumtəhsil məktəbi, 1971 - ci ildə M.A.Əliyev adına ADİİ - nin (haz. Mədəniyyət və İncəsənət Universiteti) Mədəni - Maarif fakültəsini bitirib. F.Eyvazov kiçik yaşlardan qarmon sənətinə meyl edib. 7 yaşdan qarmon çalmağa başlayıb. Radiodan tez - tez eşitdiyi qarmon ifaları onu sehirlǝmiş və özünə doğru çəkmişdi. Ailədə musiqi ilə ilk məşğul olan Firuz olub. Atası onu məhəllədəki Rəcəb adlı qarmonçalanın yanına dərs almağa qoyb. On yaşından isə Musa Həsənovun evinə gedərək dərs alıb. Musa müəllim 3 ildən artıq bir vaxt ərzində Firuzla məşğul olaraq ona xalq oyun havalarını, muğamları, dəramədləri və rəngləri öyrədib. O, M.Həsənovdan dərs almaqdan əlavə özü də sərbəst olaraq çox şey öyrǝnmişdi. Qrammafon vallarını, maqnitofondakı lent yazılarını dinləyirdi. Əsas qulaq asdığı Teyyub Dəmirovun və Məmmədağa Ağayevin ifaları idi. Ən çox da T.Dəmirovun sənətini sevirdi. 13 yaşlı Firuz baletmeyster Kamil Dadaşovun özfəaliyyət ansamblının rəqs quruluşlarını müşayiət etmək üçün Donetsk şəhərinə getmişdi. Həvəs onu İ.Əbilov adına mədəniyyət evinə gətirdi. O, neçə illər buradakı özfəaliyyət x.ç.a.ansamblında çalıb, mədəniyyət evində, digər yerlərdə verilən konsertlərdə olub, ansambllar arasında keçirilən müsabiqələrdə iştirak edib. Günləri daim mədəniyyət evində keçirdi, bura ona doğmalaşmışdı. Burada yetkinləşirdi, sənət addımlarını atırdı, sənət istəklərinə yetişirdi, məşqlərdən və konsertlərdən zövq alırdı. Onun mədəniyyət evinə, musiqiyə bağlılığını və çalğı bacarığını görüb "Könül” rəqs ansamblına müşayiətçi qəbul etmişdilər. Rəqs ansamblının rəhbəri Arif Hüseynovla neçə illər birlikdə çalışmışdı. Firuz rəqs quruluşlarını dəqiqliklə müşayiət edə bilirdi. O, İncəsənət İnstitutunda oxuduğu illərdə oranın x.ç.a.ansamblında da bir müddət çalmışdı. Bədii rəhbər tarzən Adil Bağırov (haz.x.a.) idi. Firuz həm də səviyyəli bir ansambl qarmonçalanı və müğənniləri müşayiət etməyi bacaran musiqiçi kimi formalaşmışdı. F.Eyvazov gənclik illərində müsiqi cəmiyyətində tanınaraq yaşıdları olan musiqiçilər və özündən yaşca böyük, həm də məşhur sənətkarlarla toylara qədəm qoymuşdu. Onun işlətdiyi qarmonu usta Juravlyov düzəltmişdi. Keyfiyyətli və məlahətli səsə malik alət idi. Həmin alǝt indi də onun ailəsində qorunur. Firuz o dövrdə gənc qarmon ifaçıları içərisində məharətli çalğısı ilə seçilən Həmid Haqverdiyevlə (1947 - 1980) də yoldaşlıq edirdi. Tez - tez görüşərdilər. Bir - birinin ifasını dinlər və fikir mübadiləsi aparardılar. O zamanlar Həmidin ifasında hind, Firuzun ifasında isə türk musiqisi özünü biruzə verirdi. Firuzun türk üslubunda çalmağı Həmidin xoşuna gəlirdi. Düzdür Azərbaycan qarmonunda türk musiqilərini tam dolğun çalarlarla ifa etmək çətindir, lakin mümkündür. Burada da istedad, fǝhm və bacarıq kara gəlir ki, bu da Firuzda var idi. O, duyğuları və imitasiyası ilǝ istəklərini göstərə bilirdi. Firuz artıq 1966 - cı ildən yaxşı qarmonçu kimi xalq musiqiçilərinin nəzərində idi. Toylara ǝn çox məşhur nağaraçalan Çingiz Mehdiyev (1932 - 1992) və klarnet ifaçısı Əzizağa Quluyevlə gedərdi. O, tanımlı tarzən Fərman Hüseynovla da xeyli sənət əlaqələrində olmuşdu. Müğənni Hüseynağa Hadıyev (1946 - 1994) populyar olduğu ilk illərdə Firuz onun toy ansamblında çalışmışdı. F.Eyvazov 1970 - ci ildə öz ifalarını Azərbaycan radiosunun fonduna təqdim etməyi də unutmamışdı. O, klarnetçalan Əzizağa Quluyevlə birlikdə "Arzu" rəqsini də çalmışdı. Fond üçün çaldığı musiqilər içərisində özünün bəstələdiyi, "Bayatı - Şiraz" muğamına əsaslanan lirik melodiya onun ifasında çox gözəl səslənir. Qarmon ifaçımız gənclik illərində "Dənizçilərin mədəniyyət evi" ndə məşhur baletmeyster, əməkdar artist Kamil Dadaşovun rəhbərlik etdiyi rəqs ansamblında da çalışmışdı. 1969 - cu ildə isə L.Şmidt (son.Səttarxan) adına maşınqayırma zavodunun mədəniyyət və texnika sarayının rəqs ansamblının müşayiətçisi olmuşdu. Ona çox doğma olan Əbilov adına mədəniyyət evində sonralar yenə fəaliyyətini davam etdirmiş, həm qarmon sinfində dərs demiş, həm də "Könül" özfǝaliyyət rəqs ansamblında müşayiətçi işləmişdir. O, həmin ansambl ilə Meksika, Almaniya və digər ölkələrdə səfərlərdə olmuşdur. Firuz 1997 - ci ildə Hollandiyaya da "Könül" ansamblı ilə getmişdir. Həmin səfərdə musiqiçilər sırasında Firuzun qardaşı Yasǝf də var idi. Firuz Eyvazov 1994 – 1996 - cı illərdə mövcud olmuş "Fərid" x.ç.a.ansamblında çalışıb. Musiqi rəhbəri Arif Əsədullayev idi. Ansamblın müşayiətilə Ağaxan Abdullayev (haz.x.a.) muğam təsniflərini, Nazpəri Dostəliyeva (haz.x.a.) xalq mahnılarını, Ədilə Əflaki (haz.a.a.) bəstəkarlardan Tahir Əkbər və Oqtay Kazıminin mahnılarını lentlərə yazdırmış və AzTV - də çəkilişlər etmişdilər. "Fərid" ansamblı Avropanın bir neçə ölkəsinə səfər etmiş və 1994 - cü il aprelin 6 - dan 24 - nə qədər İraqda keçirilən festivalın iştirakçısı olmuşdur. İraqdan əvvəl Suriyada konsert verilmişdi. Səfərə müğənnilərdən Ədilə Əflaki və Səfalət Səmədov, klarnet ifaçısı Vaqif Mirzəyev (haz.ə.a.), nağaraçalan Əli Xiləli, qarmon ifaçısı Firuz Eyvazov və digər alətlərin ifaçıları, həm də rəqs qrupu getmişdi. "Fərid" ansamblı qısa zaman ərzində səmərəli çalışmış və bəzi yaradıcılıq uğurlarına nail olmuşdu. F.Eyvazov sənətşünaslıq doktoru, kaman, klarnet və milli nəfəs alətlərimizin ifaçısı Abbasqulu Nəcəfzadənin 1989 - cu ildə yaratdığı "Günaydın" instrumental ansamblın üzvü idi, lent yazılarında, televiziyadakı canlı çıxışlarda iştirak edirdi. Qarmon sənətimizə, musiqi mədəniyyətimizə, milli rəqs quruluşlarının müşayiətinə sədaqətlə xidmət edən bir sənətkar özünüreklamdan qaçsa da onu tanıyanların xatirəsində yaxşı qarmon ifaçılarımızdan biri kimi qalıb. O, mərd və cəsarətli idi, haqqı sevirdi, halallığa xidmət edirdi, dostlara, qohumlara, sənət yoldaşlarına ehtiram bəsləyirdi. Bütün bunların nəticəsidir ki, onun vaxtsız itkisi bu gün də çoxlarını yandırır. Firuz Eyvazov 2000 - ci il iyunun 17 - də ürək xəstəliyindən dünyasını dəyişib. İki oğul və dörd nǝvə onun yarımçıq ömrünün layiqli və fəxrli davamçılarıdır.
_________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 375 – 378.