Əhliman Zabit oğlu 1952 - ci ildə Ağdaş şəhərində anadan olub. Uşaqlıqdan qarmon çalmağa başlayıb. Az yaşlardan nəzər - diqqəti cəlb etdiyi üçün musiqiçilər onu özlərilə toylara aparıblar. İstedadı onu tez qabağa aparıb və tanıtdırıb. Onların ailəsi Göyçaya köçüb. Bu zaman Əhlimanın 16 yaşı olub. O, burada yerli xanəndə Murtuzəli Məmmədovla toylara gedib. Göyçay mədəniyyət evinin qarmon sinfində dərs deyib. Onun burada dərs deməsi həmin rayonda qarmon sənətinin inkişafına təkan verib. Ə. Zabitoğlu 1973 - cü ildə Bakıya gəlib və Aqşin Quluyevin rəhbərlik etdiyi "Şənlik "x.ç.a. ansamblında fəaliyyətə başlayıb. Az sonra ansamblın solistinə çevrilib. Həmin ildən başlayaraq Dövlət Filarmoniyasında "Şənlik" ansamblının müşayiətilə Ə. Zabitoğlunun dəfələrlə solo konsertləri olub. Bu konsertlər və onun səhnə çıxışlarından lentlərə yazılan ifalar onu az zaman kəsiyində respublikamızda geniş şəkildə tanıtdırmışdır. Çaldığı "Segah" və Şahid Əbdülkərimovun "Təki sən səslə məni" mahnısı o dövrdə onun repertuarını bəzəmiş və sənətkara rəğbət gətirmişdir. O, həmin konsertlərdə "Sanqam" hind kinofilmindən bir mahnı da çalmışdı ki, bu və digər hind melodiyaları da maqnitofon kasetləri vasitəsilə geniş təşəkkül tapmışdı. Bütün bunlardan sonra o, adlı - sanlı xanəndələrimizlə Azərbaycanın hər yerinə toylara getmişdir. Onun özü də dəbdə olan, sevilən sənətkar kimi öz toy ansamblı ilə çox yerlərə dəvət olunmuşdur. Əhliman ürəkli, təsirli qarmon ifaçısı olaraq həmişə seçilmişdir. Onu da qarmon sənətimizin qabaqcıllarından, usta ifaçılarımızdan saymalıyıq. Ə.Zabitoğlu Teleradioda fəaliyyət göstərən, tarzən Ağasəlim Abdullayevin rəhbəri olduğu "Araz" x.ç.a.ansamblında 30 ildən artıq çalışıb. Müxtəlif illərdə müğənnilərin televiziya çıxışlarında, səslərinin radio fonduna yazılışlarında layiqli müşayiətilə xidmət göstərib. Radio fonduna öz solo ifalarını da təqdim edib. Bu ifalar arasında "Segah" muğamı, bəstəkar mahnıları və xalq havaları da vardır.
________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 369.