İncəsənət hər bir xalqın özünü ifadəsidir. İncəsǝnət xalqın mənəviyyatının, şüurunun aynasıdır. Hər bir xalqın incəsənətini xalq özü yaradıb, yaşadıb və yaşadacaq. Hər bir xalqın yaradıcı dühasını ifadə edən, təcəssüm etdirən, vəsf və tərənnüm edən fərdlər, şəxslər var. İstedad təşnəsindən çıxan həmin dühalara xalqın özü ustad adı verib. Seçdiyi, sevdiyi sənətə olan sonsuz məhəbbətilə, bu yoldakı fədakarlığı ilə, toy - büsatımızda ustad adı qazanan Hacı Abutalıbın ömür salnaməsinə işıq salaq. Abutalıb Balakişi oğlu Sadıqov 1945 - ci il fevral ayının 22 - də Masallı şəhərində anadan olub. Balakişi musiqiyə bağlı bir şəxs idi. O, tütək və klarnet alətlərində ifa etməyi bacarırdı. Lakin bunlarla həvəskar kimi məşğul olurdu. Məsul işlərdə çalışırdı. Həyat yoldaşı, yeddi uşaq anası Əfruz xanım ömürgün yoldaşına sədaqətlə xidmət edər, övladlarının zəhmət və qayğılarını çəkərdi. Abutalıb ailədə ən böyük uşaq idi. 1951 - ci ildə çanta götürərək birinci sinifə gedib və 1962 - ci ildə orta məktəbi bitirib. 1958 - ci ildə Balakişi ailəsinin böyüklüyünü nəzərə alıb yeni ev tikintisinə başlayır. Pəncərələri sifariş vermək üçün gedəndə xarratın çalışdığı emalatxananın yanındakı dükanda qarmon görür. Pəncərələrin pulunu verib 12 dilli diatonik (yarım pərdəsiz) qarmonu alıb evə gətirir. Atası Abutalıbın istedadını və həvəsini bildiyi üçün onun musiqiçi olmasını istəyirdi. Abutalıb səkkizinci sinifə qədər nağara çalmış, altı ay Mirzə Salam adlı musiqiçinin yanında tar dərnəyinə getmişdi. Deməli Abutalıbın evə qarmon gələnə qədər musiqidən anlayışı var idi. O, həvəslə qarmon çalmaqla məşğul olurdu. Əvvəl "Çiçək" mahnısını çalmağa başladı. Sonra Ədilbəy adlı ibtidai sinif müəllimindən "Kəsmə şikəstəni", tarzən Kamil müəllimdən bəstəkar Q. Hüseynlinin "Kəndimiz" mahnısını öyrəndi. 1961 - ci ildə Abutalıb üçün xromatik (yarımtonlu) "Kazan" qarmon alınır. Bu alətdə o daha yaxşı çalmağa başlayır. Masallı şəhər pionerlər evinə musiqi dərnəklərinə gedən bu istedadlı uşaq burada xeyli inkişaf edir. Hətta burada özünə yaxın dost, sənət yoldaşı da tapır. Bu qavalçalan Əliəşrəf Niftiyev idi. Onlar tez - tez birlikdə məşq edirdilər.
Günləri bir - bir sana,
Mən deyim bir - bir sana,
Bir elm, bir də sənət
Xəzinədir insana.
Atası Abutalıba həmişə tövsiyə edərdi: "Bala, sənətini yaxşı öyrən, çalış yaxşılardan ol. Sənət çörəkdir. Sənətdə pərgar olsan, elə bil ki, xəzinənin açarı çibindədir". Abutalıb günlərin bir günü adəti üzrə musiqi dərnəyinə məşqə gedir. Əliəşrəf ilə ciddi məşq elədikləri vaxt qapı açılır və bir kişi gülümsəyərək onlara yaxınlaşır və deyir: "Bayaqdan qapı arxasında dinləyirəm. Yaxşı çalırsınız. İstəyirəm sizi toya aparam. Nə fikirləşirsiniz? Toyun öhtəsindən gələ bilərsinizmi?" Uşaqlar bir az tərəddüd edəndən sonra razılaşırlar. Gəlib evdə valideyinlərinə məlumal verirlər. Abutalıbın valideyinləri bu xəbərdən həm təəccüblənirlər, həm də çox sevinirlər. Təəccüb və sevinc ondan irəli gəlir ki, övladları az vaxt müddətində sənətə yiyələnmişdi. Həmçinin deməli onun çalğısı xoşa gələndir, xeyir işlərə çağrılır. Həzərti Əbu Bəkir deyir: "Övladların qismətinə düşmüş ilk nemət valideyin sevgisi və məhǝbbətidir". Ata - ana hər əzaba qatlaşaraq, qayğı və zəhmətlə sevə - sevə böyütdükləri uşağın birdən - birə zəhmətə qatlaşmasına və məsuliyyətli işin altına girməsini də istəmirdilər. Odur ki, hər ikisi Abutalıbı dilə tutub deyirdilər "Bala, hələ bir az da boya - başa çat, bərkə - boşa düş, çalmağı daha mükəmməl öyrən. Lap yaxşı çalandan sonra toylara gedərsən". Abutalıb dillənir: - Axı, mən söz vermişəm. Toy sahibi mənə arxayın olub gedib. Sözümü necə danım? Axı kişinin sözü bir olar. Bu sözlər atanın çox xoşuna gəlir. Abutalıbın ilk toya getməsi üçün ata - ana xeyir - dua verir. Abutalıb da, qavalçalan yoldaşı Əliəşrəf də ən təzə paltarlarını geyinib Şərəfə kəndinə qız toyuna gedirlər. Çalıb - çağırırlar. Kənddə hamının xoşuna gəlir. Onları çox tərifləyirlər. Toydan sonra bir ağsaqqal həyətdə camaatı başına toplayıb deyir: - Ay Şərəfə camaatı. Bu uşaqlar yaxşı çalırlar. Toyumuzu yaxşı yola verdilər. Özləri də ədəbli - ǝrkanlı uşaqlardılar. Bundan sonra qız toylarına, xınayaxdıya elə bunları gətirək. Qoy gələcəkdə yaxşı sənətkar olsunlar. Yaxşı sənətkara ehtiyacımız var. Beləliklə o gündən etibarən Şərəfə kəndinin qız toylarına Abutalıb və dəfçalan dostu getmǝyǝ başladı. Belə məclislərə getməsi Abutalıbı sənətdə fəallaşdıraraq kamilləşdirdi. 1963 - cü ildə Balakişi oğluna əsl Azərbaycan qarmonu alır. Gənc qarmonçu "usta qarmon" da daha həvəslə çalaraq xeyli inkişaf edir. O, artıq peşəkar toy dəstələrinin tərkibində Masallı rayonunda tanınmış, qarmonçalan kimi toylara çağrılır, o dövrdə keçirilən ənənəvi məhsul bayramlarında və digər konsertlərdə çıxış edir. 1964 - cü ildə Masallı rayon mədəniyyət evində ictimai əsaslarla birilik Musiqi Universiteti açılır. A. Sadıqov oraya daxil olur və bitirəndən sonra Səyyar avto - kluba müdir təyin olunur. Bununla yanaşı Masallı şəhər 3 saylı orta məktəbində musiqi - nəğmə müəllimi işləyir. Belə bir məsəl var: "Evinə bax fikir elə, uşağına bax şükür elə". Balakişi Sadıqov ailənin dolanışığı üçün yorulmadan çalışmaqla bərabər onların təlim tərbiyəsinə xüsusi diqqətlə yanaşırdı. Balakişi Masallıda xeyirxah insan və əsl "Allah adamı" kimi tanınırdı. O, Allahın yetirdiyinə həmişə şükür edən bir insan idi. Övladları ilə də fəxr edirdi. Xüsusilə də onun böyük oğlu, böyük güvənc yeri, sonsuz ümidi olan Abutalıbla nəfəs alırdı. Allaha çox şükr edirdi ki, ona belə oğul qismət olub. İngilis dramaturuqu V. Şekspirin belə bir fikiri vardır:
"Versən öz ömrünü övladına sən,
Onun varlığıyla ömür eyləyərsən".
Ata Balakişi əxlaqlı, tərbiyəli, cəmiyyət üçün gərəkli övladlar böyüdərək Allahın ona bəxş etdiyi davamlı ömürü yaşamaqda idi. Ulu yaradanın hikməti böyükdür. O, yaratdığı insanları çox sevir, naümid qoymur, ruzisini yetirir. Balakişinin ailəsi böyük olduğu üçün müəyyən çətinliklər olurdu. Əvvəllər işləyən, qazanc gətirən təkcə özü idi. Təkbaşına yeddi uşağı böyüdüb ərsəyə çatdırmaq asan olmayacaqdı. O böyük Allah ailənin böyük övladı Abutalıba bacarıq, qabiliyyət, istedad bəxş etmişdi ki, ona ǝta olunmuş ağıl və fərasət müqabilində erkən yaşlarından evə, ocağa qazanc, ruzi gətirsin. Tanrının izni ilə bu oğul ailənin dikǝlib durmasına, daha yaxşı dolanmasına kömək oldu. Sözün əsl mənasında Abutalıb ata - anasına təkcə böyük övlad, böyük oğul yox, həmçinin ailəyə dirək, arxadayaq idi. Ata - anasına, ailə üzvlərinə sonsuz, dərəcəsiz məhəbbət bəslədiyindən idi ki, Tanrı onun gələcək yollarını işıqlı etdi. Abutalıb özündən kiçik olan qardaş - bacılarının təhsil almasına və ailə qurmasına köməyini əsirgəməmişdi. Qeyd etməliyik ki, uşaqların anası Əfruz xanım müdrik qadın olaraq övladlarını kiçik yaşlardan ciddi tərbiyə edərək cəmiyyət üçün layiqli insanlar kimi hazırlamışdı. Abutalıbın yaxşı qarmon çalmağından razı qalan elliləri, dostları, musiqiçi yoldaşları məsləhət gördülər ki, o, Bakıya gəlsin. Çünki əsl sənət, həqiqi sənətkarlıq, inkişaf həmişə ölkənin mərkəzində öz yerini tapır və qiymətini alır. Odur ki, A. Sadıqov Bakıya gələrək Filarmoniyaya yollanır. Onu yaxşı dinlədikdən sonra Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblna işə götürürlər. Bir müddət o, burada çalışır. Atasının çağırışı ilə yenidən doğma Masallıya qayıdır. Balakişi ata çox güvənib arxalandığı oğlunu gözündən uzağa qoymaq istəmirdi. Axı atanın nə dərdi - səri, çətinliyi var idisə, onunla bölüşürdü. Burada bir incə mətləb də var idi ki, ata oğlunu elinǝ, obasına çağırıb tanıdıqlarından evləndirmək istəyirdi. Beləliklə 1966 - cu il avqust ayının 7 - də Abutalıba toy vuruldu. Ona Masallının tanınmış ailələrindən, seyid nəslindən qız aldılar. Seyid qızının ayağı sayalı oldu. Ailə quran Abutalıbın işləri rəvan gedir, hər addımında xeyir tapır, hər bir işi uğurlu gəlirdi. O, şəhər məktəblərinin birində musiqi - nəğmə müəllimi işləməklə bərabər Masallının və oraya yaxın olan rayonların an hörmətli toylarına çağrılır. Toy - büsatda uğurlu sənətlə şan - şöhrət qazanır. Qeyd etməyimiz yerinə düşər ki, deyək, onların ailəsində Abutalıbdan başqa da istedadlı övladlar var idi. Fərahim kiçik yaşlarından qardaşını dinləyərək, əlinə baxaraq çalğı öyrənmişdi. O, məktəbdə əla qiymətlərlə oxuyurdu. Farahim 1964 - cü ildə müvəffəqiyyətlə Pedaqoji Universitetə qəbul olunmuşdu. 1965 - ci ildə Fərahinin 18 yaşı tamam olanda, evdə, ailə çərçivəsində şadyanalıq qurulur. Abutalıb xüsusi həvəslə, yüksək təblə qarmon çalıb qardaşının ad gününü təbrik edir və öz qarmonunu ona bağışlayır. Fərahim oxuduğu ali təhsil ocağının xalq çalğı alətləri ansamblının fəal üzvlərindən biri olur. Bütün tədbirlərdə çıxış edir. Ali təhsil alaraq o, elmi işlərlə məşğul olmaqla bərabər universitetlərdə dərs deyir. F. Sadıqov o dövrlərdə musiqiçi kimi də fəaliyyət göstərir və bir sənətkar kimi tanınır. Onun ifasında radionun fonduna muğam və oyun havaları yazılmışdı. Fǝrahimin pedaqoji fəaliyyətinin müəyyən hissəsi qarmon ixtisasının tədrisi ilə bağlıdır. Bu ixtisasın tədrisinə aid ilk vəsait hazırlayanlardan biri də Fərahim müəllim olmuşdur. Bu vəsait 1986 - cı ildə nəşr olunmuşdur. Abutalıb Sadıqov 1970 - ci ildə Bakıya gəlir. O, "Ədəbiyyat və incəsənət" qəzetində bir elana rast gəlmişdi. Elandan məlum olurdu ki, Bakı Mədəni Maarif Texnikumunda qarmon ixtisası üzrə dərs demək üçün müsabiqə keçirilir. Abutalıb müsabiqədə iştirak edir və 32 nəfər iştirakçının içərisindən seçilərək işə qəbul olunur. O, əvvəllər qiyabi şöbədə, sonra isə həm də əyani şöbədə dərs deyir. 1975 - ci ilə qədər burada çalışır. Həmin illərdə Abutalıb müəllim tanınmış musiqiçilər və xanəndələrlə yoldaş olaraq Azərbaycanın bütün bölgəsinə konsertlərə və toylara gedir. Məşhur yazıçılardan biri deyir: "Ona görə yazmağa başladım ki, yazmaya bilməzdim". Abutalıb ona görə qarmon çalmağa başladı ki, çalmaya bilməzdi. Onun daxilində aşıb - daşan təlatüm, vulkan var idi. Onun istedadı qaynayıb daşan, çağlayan bulağa bənzəyirdi. Bir də ki, qismətinə düşən, bu istedad taleyinə yazılaraq onun həyat fəaliyyətini tənzimləyib sənətə istiqamətləndirirdi. Respublikamızın xalq artisti, misilsiz sənəti olan, tarzən Hacı Məmmədov bir məclisda Abutalıb müəllimin ifasını diqqətlə dinləyib yeni yaratdığı xalq çalğı alətləri ansamblına dəvət edir. Ansambl Azərbaycan Dövlət Filarmoniyasında çalışırdı. Azərbaycan Dövlət Qastrol - Konsert birliyi yaranana qədər bu ansambl filarmoniyada fǝaliyyət göstərir. Ansamblın müşayiəti ilə xalq artistləri Ş. Ələkbərova, Ə. Əliyev, S. Qədimova, F.Mehrəliyeva, R. Həsənova, tanınan xanəndələrdən S. Mirzəyev, S. Abdullayev, N. Musayev vǝ b. oxuyurdular. Abutalıb bu ansamblın tərkibində filarmoniyada, Bakının ən böyük mədəniyyət ocaqlarında, rayon mərkəzlərində, kəndlərimizdə, keçmiş Sovet birliyinin neçə - neçə iri şəhərlərində konsertlərdə olmuşdur. Bütün bunların hamısı A. Sadıqovun kamil bir sənətkar kimi formalaşmasında əhəmiyyətli dərəcədə rol oynamışdı. Həmçinin həmin zamanlarda Abutalıb Azərbaycanın bölgələrini gəzərək toylarda çalıb - çağırmış, yaxşı iz qoymuş, ən yaxşı qarmonçalanlardan biri kimi tanınaraq sevilmişdi. Belə bir kəlam var: "Ev doğulmaq və ölmək üçündür, əsl həyat isə yollardadır". Abutalıb müqəddəs vətən torpağı üzərində cəsarətlə addımlayaraq, gəzib dolandığı yollarda yaxşı iz qoymuş, toy - büsatımızda yaxşı üz görmüş və taleyinə düşmüş əsl həyatını yaşamışdır. Getdiyi, gəzdiyi yerlərdə təzə nə isə əxz edir, məclislərdən nə isə yeni bir şey götürürdü. El məsəli var: "Soruşan dağ aşar, soruşmayan düzdə çaşar". A. Sadıqov Hacı Məmmədovun kollektivində çalışarkən elə ustad tarzənin özündən, ansamblın müşayiətilə oxuyan ustad xanəndələrdən, ondan da qabaqkı zamanlar birlikdə çalıb - çağırdığı sənətkarlardan, oturub durduğu müxtəlif sənət adamlarından çox şey öyrənmişdi. Özü həmişə etiraf edib deyirdi: "Mən yaxşı sənətkarlardan hǝmişə öyrənmişəm. Bilmədiyimi soruşanda utanmamışam. Bu gün səninlə oturub duran sənətkarlar sabah yoxdur. Dünyasını dəyişəndə bildiklərini də özü ilə aparır. Gərək hər şeyi vaxtında soruşub öyrənəsən ki, sonra əliboş qalmayasan. Səndən soruşanda bildiyini verəsən". Abutalıb müəllim sonralar Azərbaycan Dövtǝl Qastrol - Konsert birliyinə solist qarmonçalan dəvət olunur. "Zaqafqaziya festival" ında çıxış edir. O dövrdə Azərbaycanın bütün bölgələrində və ətraf respublikalarda müntəzəm konsertlərdə olur. A. Sadıqov 1986 - cı ildə xalq artisti Səkinə İsmayılova, Yusif Məmmədov, Ruhəngiz Allahverdiyeva, tarzən Tofiq Məmmədov, kamança ifaçısı Qabil, nağaraçalan Əli Rzayev və pianoçu Çingiz Sadıqovla Vyetnam ölkəsində çıxış etmişdi. Bir müddət sonra Kongo, Anqola ölkələrinə göndərilən Abutalıb müəllim konsertlərdə solo çıxışları ilə çox böyük alqışlar qazanır. 1987 - ci ildə bir qrup musiqiçi Azərbaycandan Macarıstana göndərilir. Sevinc şəhərində yüksək səviyyədə konsert keçirilir. Müğənnilər; xalq artisti Qəndab Quliyeva, Zöhrə Abdullayeva, Süleyman Zeynalov idi. Heyyətin rəhbəri dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Arif Məlikov olmuşdur. Orada da Abutalıbın milli musiqi nümunələrimizi solo kimi təqdim etməsi Macarıstan tamaşaçıları tərəfindən hərarətlə alqışlanır. Arif Məlikov onun çıxışından çox razı qalır, konsertdən sonra tərif edir, əlini sıxıb ürək sözlərini bildirir. Yazımızın bu yerində bir az arxa illərə dönək. A. Sadıqov 1972 – 1977 - ci illər ərzində Azərbaycan Dövlət İncəsənət İnstitutunda qiyabi təhsil almışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, A.Sadıqov toy məclislərində adi qarmonçalan olmamış, hər yerdə aparıcı, əsas musiqiçi kimi özünü göstərə bilmişdir. Sözün həqiqi mənasında o toylarımızda can qoymuşdur. Tənbəllik, yorulmaq, dincəlmək nə olduğunu bilməyən bu insanın ifasında həmişə çeviklik, cǝldlik va dinamika olmuşdur. Əbəs deyil ki, zəhməti, işgüzarlığı, yorulmazlığı və enerjisi hesabına özünə pərəstişkarlar qazanmış və uzun illər toy məclislərində dəbdə, hörmətdə olmuş, çox yerlərə öz dəstəsi, öz müğənniləri ilə dəvət olunmuşdur. Ustad sənətkar kimi Abutalıb 1980 – 1990 - cı illərdə Qobustan, Ələt, Nəvahi, Hacıqabul, Əlibayramlı (haz. Şirvan), həmçinin Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Kürdəmir, Yevlax və Bərdə rayonlarında müntəzəm olaraq toy şənliklərinə dəvət olunmuş, dəstəsilə çalıb - çağırmış və yaxşı ad qazanmışdır. 1995 – 1996 - cı illər ərzində A.Sadıqov Azərbaycan Dövlət Muğam Teatrında solist qarmonçu kimi çalışmışdır. Bir musiqiçi kimi solistlər Elza Qaybalıyeva, Zeynəb Behbudova, Famil Nəcəfov, Aygün Bayramova və Mehman Səmədovu açıq konsertlərdə, televiziya və radioda müşayiət etmişdir. Teatrın kollektivi ilə Abutalıb İsrail dövlətinə də konsert səfərinə getmişdir. Özünün bəstələdiyi "Aybəniz" və "Təranə" rəqslərini sənətçi 1970 - ci ildə radionun fonduna yazdırmışdır. Həmin vaxt onun ifasında "Səməni", "Qaytağı" xalq melodiyaları da lentə alınıb. Abutalıbın ifasında "Segah" muğamı radioda, FM - 105 dalğada tez - tez səsləndirilir. Sənətkar 1975 - ci ildə "Qars", "Məlahəti, 1977- ci ildə "Xalabacı", "Vahidi", "Rahimi" oyun havalarını (sonuncu iki hava Abutalıbın öz bəstələdiyidir), 1998 - ci ildə "Nabat xanım", "Ayşadi", "Brilliant", "Zərifə" rəqs melodiyalarını çalıb lentə köçürmüşdür. Sonuncu dörd melodiya xalq artisti, müğənni M. Tağıyevin təkidi və səs rejissorluğu ilə lentə yazılıb. Sanki görkəmli müğənnimiz öncədən hiss etmişdir ki, sonralar Abutalıbın səhhətində müşküllər olacaq və xəstǝlik onun ifasına son qoyacaq. A. Sadıqov sənətkar kimi tanınandan televiziya və radio ilə əməkdaşlıq etmişdir. 1997 - ci ildə ustad sənətçi Azərbaycan Teleradio şirkətinə solist dəvət olunmuşdu. A. Sadıqov 1999 - cu ildən ona çox doğma olan Bakı Mədəni - Maarif Texnikumunun xalq çalğı alətləri şöbəsində və Milli Konservatoriya tərkibində Musiqi Kollecində qarmonun muğam ixtisası üzrə dərs deyirdi. Onun hazırladığı tələbələr qarmonun muğam ifaçılığında sayılıb - seçilən tələbələr idi. Hacı Abutalıb tələbələrinin hamısına qayğı ilə yanaşır və bildiklərinin hamısını onlara öyrədirdi. Musiqi müəllimi kimi o, özünü həmişə doğruldub. Muğamın tədrisinə həvəslə, ciddi və qayğı ilə yanaşan Abutalıb müəllim bu sənətin milli sərvət kimi keşiyində duranlardan idi. O, bütün ifaçılığı boyu dərin təfəkkür tərzilə, yeni boyalarla, xüsusi yaradıcılıq fərdiyyətilə müğamlarımızı emosional tərzdə tamaşaçılara çatdırmışdır. A. Sadıqov muğamlar və xalq mahnılarından başqa repertuarında bir neçə bəstəkar mahnıları da səsləndirmişdir. Xalq artisti, kaman ustası Habil Əliyevin dediklərindən: "Bəstəkar Oqtay Kazıminin "Inanmaram" mahnısının melodiyasını Hacı Abutalıb elə çalıb ki, onu həmin əsərin ikinci müəllifi saymaq olar". Sənətdə ad - san qazanmış, ustad adı almış sənətçilərimizin hamısı dindirilsə, Hacı Abutalıbın dərin məzmunlu çalğısından, milli koloritli ifasından danışırlar. Ustad xanəndəmiz, xalq artisti Hacıbaba Hüseynov bütün sənəti boyu hər bir tədbirdə, hər toy məclislərində tar - kamanla oxuyub. Bir dəfə o, restoranda keçirilən toya çağırılıb. Ona məlumat verilir ki, həmin məclisdə müasir toy ansamblı çalacaq. Hacıbaba müəllim etiraz edir: "Mən yalnız tar - kamançanın müşayiəti ilə oxuyuram". Məclis sahibi bildirəndə ki, orada qarmonçalan Abutalıb olacaq, onda H. Hüseynov gülümsəyərək deyir: "Hə, Abutalıbın müşayiəti ilə oxuyaram. O muğama bələddir, xalq ruhunda çalır". Abutalıb müəllimin həyatı və yaradıcılığı ilə bağlı o qədər maraqlı hadisələr var ki, ayrıca yazılacaq kitaba sığmaz. Deyirlər ki, xatirə danışmağı bacaran xeyirxah olur. Abutalıb müəllimin o qədər maraqlı xatirələri var idi ki, danışdıqca dinləməkdən doymaq olmurdu. Xatirələrin şirin olduğu qədər də, lətifələri bir - birindən duzlu - məzəli, xoş əhval yaradan idi. O, çox yaxşı həmsöhbət idi. Onun üçündür ki, onu yaxından tanıyanların hamısı onu çox istəyir və əziz tuturdu. Bəzən insan zərbəni gözləməyən yerdən, qəfildən alır. 1999 - cu ildə Abutalıb müəllim iflic xǝstəliyinə tutulur. O ifaçılıq bacarığını tam itirir. Ömrünün barlı - bəhərli, yaradıcılığının çiçəkləndiyi bir zamanda bu ağır zərbəni bir faciə kimi qarşılamır. Allahın məsləhətinə şükür edir. O, bir an da ibadətindən qalmır, bütün dini ayinləri icra edir. O, ən böyük arzularından birinə yetişmiş, 2005 - ci ilin yanvar ayında müqəddəs Həcc ziyarətinə getmişdi. Ziyarətə yola düşməzdən əvvəl Masallıya gedib doğmalarından, qohum - əqrabadan, xüsusilə ömrünün son illərini yaşayan qoca atasından halallıq alır. Ata oğluna fikirini belə bildirir: "Sən məndən halallıq istəyirsən. Əslində mən də səndən halallıq almalıyam. Ağlın kəsəndən, əlin qazanc tutandan böyük külfətə kömək olmusan. Uşaqlarımın böyüyüb ərsəyə çatmasında, yer - yurd olmasında nə boyda çalışmısan. Xoş əməlinlə, sənətinlə, halal zəhmətinlə, həm məni sevindirmisən, həm də yaxşı ad - san qazanmısan. Bütün bu işlərin mənim ömrümü uzadıb. Get oğul, Allah köməyin olsun. Sağ - salamat qayıdasan. O böyük yaradan ziyarətini qəbul etsin". Hacı Abutalıbın üç qızı, bir oğlu ata - ana tərbiyəsilə layiqincə böyüyüblər. Hamısı təhsilli, ixtisaslı şəxslərdir. Oğul Ağasadıq atasının sənətini öyrənmişdir. O, musiqiçi kimi fəaliyyətdə olmasa da ailə şənliklərində qarmon çalıb doğmalarını sevindirir. İki ali təhsil ocağında oxuyub, İqtisad Universitetini və Naxçıvan Univerisitetini bitirib. Ustad sənətkar oğlu Ağasadıqın övladına öz adını verib və qarmonunu ona bağışlayıb. Hacı Abutalıbın nəvələri şən və xoşbəxt yaşamaqdadırlar. Sevimli sənətkarımız, əziz həmkarımız Hacı Abutalıb Sadıqov uzun sürən iflic xəstəliyindən sonra 2008 - ci il aprelin 2 - də Haqq dünyaya qovuşmuşdur. Qeyd etməliyik ki, xəstəliyi dövründə ailəsi, övladları sona qədər onun xidmətində durub, xüsusi qayğı və nəvaziş göstərmişlər. Sənət dostlarından Əhsən Rəhmanlı, Zakir Mirzə, Baxışəli Əliyev, Xeyrulla Dadaşov, Nemət Hüseynov, Sərxan Abıyev və digərləri tez - tez ona baş çəkirdilər.
_________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 263 – 269.