Azərbaycanımızın dilbər guşəsi sayılan Qarabağ ərazisinin bir hissəsi, füsunkar təbiətli ulu Bərdə xalqımıza nadir şəxsiyyətlər, sərkərdələr, alimlər, memarlar, şairlər, yazıçılar və müxtəlif sənət adamları bəxş edərək öz ad - sanını, şan - şöhrətini daha da ucaltmışdır. 850 il öncə Şeyx Nizami Gəncəvi (1141 - 1209) Bǝrdəni, bu ərənlər yurdunu sevə - sevə vəsf etmişdir. Tarixən bu torpaqda gözəl səsli xanəndələr və peşəkar musiqiçilər yetişmişdir. Belə sənətkarların hər biri sənətilə el - obasına, xalqına öz sənətinin dəyərincə xidmət edərək vaxtında öz işini görüb getmişlər. Az yaşamış, lakin qısa ömründə böyük sənət nailiyyətləri ilə sevilib - seçilmiş, qarmon ifaçılığında öz cığırını açmış, sənət dünyamıza öz ifa tərzilə gəlmiş, barlı - bəhrəli bir iş görmüş Zahid Bərdə torpağından tumurcuq - tumurcuq boy ataraq Azərbaycan musiqisində məşhurlardan birinə çevrilmişdir. Zahid İsbəndiyar oğlu Məmmədzadə 1962 - ci il mart aynın 4 - də Bərdədə dünyaya göz açmışdır. Zahid Məmmədzadə İsbəndiyar Süleyman oğlu Məmmədov şuşalıdır. O, Şuşada anadan olmuş və orada boya - başa çatmışdır. Doğma yurdunda mühasib və mağaza müdiri işləmişdir. Həyat yoldaşı Humay Kərim qızı Məmmədova Tərtərdə anadan olmuşdur. O da Şuşa şǝhərində mağaza müdiri işləmişdir. Ailə sonralar Bərdə şəhərinə köçmüşdür. Zahid 1968 - ci ildə Bərdə şəhərindəki 1 saylı məktəbin 1 - ci sinfinə getmişdir. O, 1978 - ci ildə orta məktəbi uğurla başa vurmuşdur. Kiçik yaşlarından Zahidin musiqiyə həvəsi özünü büruzə vermişdi. Qardaşı Cahidin xatirǝsindən: "Biz balaca olanda ailəmiz yay aylarını həmişə Şuşa şəhərində keçirərdi. Zahidin 4 - 5 yaşı olardı. Anam yenə bizi Şuşaya aparmışdı. Bir dəfə şəhər gəzintisinə çıxarkən dükanda uşaq oyuncaqları şöbəsində balaca qarmonu görən Zahid əlini uzadıb onu istədi. Anam həmin qarmondan ikisini - birini Zahidə, birini isə mənə aldı. Yadımdadır, səhərdən axşamacan balaca Zahid qarmonla əlləşir, çalmağa çalışır, yorulmaq bilmirdi. Axşam yatanda da qarmonu yastığının yanına qoyurdu. Bir müddətdən sonra onun qarmonunun dilləri sınıb töküldü. Mənimçün alınan qarmonu götürüb öyrənməyə başladı. Mən isə nağara çalmağı öyrəndim". Zahidin musiqiyə olan sonsuz həvəsini görən Humay xanım oğlunun musiqi təhsili alması qərarına gəlir. Beləliklə, 1973 - cü ildə Zahid Bərdə şəhərindəki 1 saylı uşaq musiqi məktəbinin qarmon sinifinə qəbul olunur. İxtisasca tarixçi olan, həm də muğam bilicisi, yaxşı musiqiçi, gözəl qarmon ifaçısı kimi tanınan, Bərdə musiqi məktəbində qarmon sənətindən dərs deyən Əşrəf Əzimov (1938 -1996) qardaşı oğlu Zahidin nadir istedadını görüb öz sinfinə gətirərək, onunla sonsuz həvəslə və çox ciddi məşğul olur. 1974 - cü ildə musiqi məktəblərinin qarmon sinfində təhsil alan şagirdlərin "Rayonlararası baxış - müsabiqəsi" ndə iştirak edən Zahid birincilik qazanaraq diplom və fəxri fərman alır. Həmin ildə Z.Məmmədzadə təhsil aldığı musiqi məktəbinin xəttilə Azərbaycan televiziyasının proqramlarının birində həm məktəb şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblının tərkibində və həmçinin ayrıca olaraq solist kimi iki xalq oyun havasını ifa etmişdir. Hər il Bərdə musiqi məktəbinin ansamblı və Zahid televiziya konsertlərinə dəvət olunurdu. Bütün bunlar onun istedadını geniş şəkildə üzə çıxarmaqla bərabər ifaçılığa olan maraq və həvəsini daha qüvvətləndirirdi. İlk dəfə Zahid 1975 - ci ildə gənc xanəndə Vidadi Bərdəli ilə toy şənliyində çıxış etmişdir. 13 yaşlı Zahid tay - tuşu olan Vidadi ilə toyda məharətli çıxışları ilə çox sevilmiş və sonralar elimizin şənlikləri onları öz çevrəsinə almışdır. Vidadi böyük istedada və yüksək diapazonlu şaqraq, zǝnguləli səsə malik olduğu üçün yetkinlik yaşa çatanda məşhurlaşdı. O, 1980 - ci illərdə xüsusilə Salyan, Neftçala, Əlibayramlı, Sabirabad rayonlarında çox sevilib. Vidadi 2013 - cü ildə dünyasını dəyişib. 1976 - cı ildə Qarabağ toylarının birində Zahid tanınan xanəndə Yaqub Məmmədovla birlikdə olduğu zaman şirin çalğı ilə ustad sənətkarın diqqətini cəlb etmişdi. Y.Məmmədov bu uşağın gələcəkdə yaxşı qarmonçalanlardan biri olacağına inandığını söyləmiş və dəfələrlə Zahidi özüylə Bərdə toylarına aparmışdı. Onların sənət yoldaşlığı xeyli sonralar da davam etmişdi. Zahidin ustad xanəndələrdən Ə.Əliyev, Ş.Kürdoğlu, Q.Rüstəmov, İ.Nəbiyev, S.Məmmədov və başqaları ilə sənət ilişgiləri olmuş, onlarla konsertlərə və toylara getmişdir. Tanınan müğənni M.Kazımov hələ tanınmazdan əvvəl Bərdədə texnikumda təhsil alarkən Z.Məmmədzadə ilə toy yoldaşlığı edərdi. 1976 - cı ildə Xan Şuşinski Bərdədə, ən yaxın dostu xanəndə Cəlal əminin qohumunun toyunda oxuyarkən, həmin məclisdə qarmonçu Zahid toy dəstəsinin üzvü olmuş, onun çalğısı Xan əminin çox xoşuna gəlmiş və tərifli sözlər söyləmişdir. Zahidin ailədə aldığı tərbiyə və nəslindən gələn saflıq, yüksək mənəvi dəyərlər həlim xasiyyətinə, sakit təbiətinə sirayət etmiş, əxlaqlı bir insan kimi yetişməsində mühüm rol oynamışdı. Onun yüksək tərbiyəsilə sənət əxlaqı bir - birinə təkan verərək yaradıcılıq yolunu rövnəqləndirirdi. Bundandır ki, o, az yaşlarından böyük sənətkarlarla davranmağı, ünsiyyət yaratmağı bacarır, onlarla yanaşı sənətdə addım ata bilirdi. Zahidin çalğısı çoxlarını məftun etmiş, sadə insanların sevimlisinə çevrilməklə bərabər yaradıcı adamların, ziyalıların da nəzər - diqqətini özünə yönəltmişdi. Haqqında qəzetlərdə, jurnallarda məqalələr yazılaraq, yüksək fikirlər söylənmiş, ona şerlər həsr olunmuşdu.
Cavansan, ürəyin, eşqin çeşməsi,
Talehin həmişə gülsün, qardaşım.
İstərəm çaldığın qarmonun səsi,
Hər eldən, obadan gəlsin, qardaşım.
Bu fikirləri "Əzizim Zahid" adlı şerində Tofiq Bayram (1934 - 1991) söyləmişdi. Z.Məmmədzadə 1978 - ci ildə Azərbaycan Dövlətə İncəsənət İnstitutuna daxil olaraq 1982 - ci ildə buranı bitirir. Təhsil aldığı ocaqda keçirilən bütün ədəbi - bədii gecələrdə, mədəni - kütləvi tǝdbirlərdə bir ifaçı kimi çıxış edir. Həmin dövrdə o, tələbə və müəllim heyyətinin və rəhbərliyin dərin hörmətini qazanaraq, ən sevimlilərdən biri olmuşdu. Zahidin peşəkar musiqiçi kimi ilk televiziya çıxışı 1978 - ci ilə təsadüf edir. O, "Xoş gördük, təlǝbə" adlı verilişdə özünün bəstələdiyi "Ülviyyə" adlı rəqs melodiyasını və bir neçə xalq mahnısını ifa edərək yaddaşlarda qalmışdır. Gənc ifaçı 1979 - cu ildən mərhələlərlə öz bəstələri "Ülviyyə", "Əfsanə", "Məftunə", "Nişanə", "Fərqanə", "Qarabağ gözəlləməsi", "Diyarı", "Nigarı", "Lətafəti", "Turalı", "Dostluq", "Badamı", "Vüsalə", "Zəriflik", "Sara gözəlləməsi", "Anarı", "Tərlanım", "Məhəbbət", "Nərminə", "Elbəyi" rəqs melodiyalarını Azərbaycan radiosunun fondu üçün yazıdırmışdır. Onun ifa etdikləri tez - tez radioda səslənərək sevilmiş, televiziya çıxışları pərəstişkarları tǝrǝfindən daim izlənilmişdir. Zahidin çaldığı "Əfsanə" rəqsi XX əsrin 80 - ci illərində toylarımızın repertuarına daxil olmuş və Azərbaycanın əksər bölgələrində bu melodiyanın sədasına şənliklərdə həvəslə rəqs etmişlər. Həmin dövrdə bütün qarmonçular bu rəqs havasını öyrənmiş və çalmışlar. 1987 -1993 - cü illərdə Z.Məmmədzadə Bərdə şəhəri 2 saylı uşaq musiqi məktəbində direktor vǝzifəsində çalışmış və eyni zamanda öz sənəti üzrə dərs demişdir. İşlədiyi müddətdə özünü bacarıqlı rəhbər, əsl təşkilatçı kimi göstərə bilmiş, həmçinin sənətini dərs dediyi şagirdlərə sevdirmişdir. Zahid 1993 - cü ildə ailəsi ilə Bakıya köçmüş və burada yaşamışdır. Zahid müəllim sənət yoldaşları Y.Məmmədov, N.Musayev, İ.Nəbiyev, V.Bərdəli, Arif Qǝdimov və V.Quliyevlə tez - tez sənət səfərlərində olardı. Onun tanınmış bəstəkarlar S.Ələsgərov, H.Xanməmmədov, O.Zülfüqarovla yaxın əlaqəsi var idi. Yaradıcılıq barədə fikir və düşüncələrini onlarla bölüşmüşdü. Bəstəkar R.Paşayevlə, şairlərdən Y.Nəğməkar, M.Məftun ilə Zahidin sǝmimi dostluğu vardı. Xalq şairləri B.Vahabzadə, Hüseyn Arif, T.Bayram, xalq artistləri, müğənni L.İmanov və bəstəkar Ş.Axundova Zahidin sənətinə yüksək qiymət vermiş, onun haqqında mətbuatda çıxış etmişlər. Bütün gənc ömrünü musiqimizə həsr edən Z.Məmmədzadə tanınmış sənətçilərimizlə müntəzəm əlaqədə olmuş, onlarla yoldaşlıq, dostluq edərək konsertlərdə, müxtəlif tədbirlərdə və toy - büsat məclislərində iştirak etmişdir. Xalq artisti, klarnet ustası V.Qədimov, gitaraçı R.Hüseynov (Rəmiş), tarzənlər R.Rüstəmov, Ə.Əsədov, skripkaçalan N.Nuriyev, bəstəkar V.Gərayzadə, mahir qarmonçular H.Həsənov, X.Cəfərov və çoxları Zahidlə olduqları anları hörmətlə xatırlayır və onun yoxluğuna heyfslənirlər. Z.Məmmədzadə ona çox doğma olan Bərdə şəhərində müxtəlif vaxtlarda sənət dostlarını başına toplayaraq dəfələrlə solo - konsertlər vermiş, el - obasını sevindirmişdir. Yorulmaq bilməyən bu insan qarmonu ilə sədaqətlə xalqımıza və onun musiqi mədəniyyətinin çiçəklənməsinə xidmət etmişdir. 1981 - ci ildə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə çağırılmış, səsyazma studiyasında Zahidin ifası lentlərə yazılaraq Moskva şəhərinə göndərilmişdir. 1987 - ci ildə sənətçinin qrammafon valı buraxılmış, az vaxt ərzində Azərbaycanda, SSRİ respublikalarında yayılmış və hətta bəzi xarici dövlətlərə belə gedib çıxmışdır. Qrammafon valında sənətkarımız "Əfsanə", "Qarabağ gözəlləməsi", "Diyarı", "Turalı", "Nigarı", "Dostluq", "Segahsayağı" və "Lətafəti" adlandırdığı melodiyaları ifa etmişdir. 1988 - ci ildə dünya şöhrətli xanəndə, xalq artisti Alim Qasımov öz tar - kaman çalanı Malik və Elşən Mansurovlarla Fransa dövlətinə dəvət olunarkən həmin səfərə Z.Məmmədzadə də getmişdir. Fransada bu sənət səfərinin təşkilatçısı və himayəçiləri Zahidi şəxsən özləri dəvət etmişdilər. Belə ki, Z.Məmmədzadənin qrammafon valını əldə edib, dinləyib bəyənənlər onun sənətilə yaxından tanış olmaq istəmişdilər. Həmin vaxt Zahidgilin Bərdədəki evinə Mədəniyyət Nazirliyindən telefonla zəng vurulub, tǝcili Bakıya çağırılmış və A.Qasımovla Fransaya göndərilmişdir. Azərbaycan muğam üçlüyünün çıxışları və Zahidin solo ifaları xarici ölkə tamaşaçıları tǝrǝfindən maraqla qarşılanmışdır. Fransanın Almaniya ilə sərhədində yerləşən Strasburq şəhərində keçirilən körüklü alətlər, akkordeon və bayan ifaçılarının müsabiqəsinə qatılan Zahid çox böyük uğur qazanmış və yüksək mükafata layiq görülmüşdür. Sənətkarın fəaliyyətini daha geniş işıqlandıraq deyə, yazımızın bu yerində arxadakı illǝrǝ dönməli oluruq. Z.Məmmədzadənin 1982 - ci il mart ayının 8 - də Azərbaycan Dövlət Filarmoniyasında solo - konserti düzənlənmiş və böyük əks - səda doğurmuşdur. Tədbirin son dərəcə uğurlu və anşlaq keçməsinə, tamaşaçıların arzu və istəklərinə rəğmən az müddətdən sonra Z.Məmmədzadənin solo - konsertləri filarmoniyada bir neçə dəfə də təşkil olunmuşdur. 1983 - cü ildə Bakının Binə qəsəbəsində tanınmış, hörmətli bir şəxsin oğlunun toyunda 4 - 5 toy dəstəsi, sazəndə qrupları, həmçinin məşhur xanəndələr iştirak edirmiş. Bu məclisə mahir saz ifaçısı Aşıq Ədalət və qarmonçu Zahid də dəvət olunubmuş. Məclisdə sənətçilərin çox olduğundan hər bir ifaçıya bir - iki dəfə çalıb - oxumaq üçün vaxt çatırmış. Növbə Zahidə çatanda, o, "Segah" üstdə gəzişmələr edərək "Baş sarıtel" havasını çalır. İfa nəinki toya dəvət olunmuş qonaqların, o cümlǝdǝn xanəndələrin, sazəndələrin və Aşıq Ədalətin də çox xoşuna gəlir. Zahid elə uşaqlıqdan aşıq havalarına meyl etmiş və onları öyrənərək hafizəsinə toplamışdır. Erkən çağlarından Laçın rayonuna toylara gedərkən "Ruhani", "Naxçıvani", "Baş sarıtel", "Qəhrəmani" və "Yanıq Kərəmini" arzu edən qonaqların sifarişilə çalırmış. Efirdə ilk dəfə qarmonda "Baş sarıtel" i səsləndirən Z.Məmmədzadə olmuşdur. Şairlərimiz B.Vahabzadə və H.Arif ziyalıların toy məclislərinə dəvət olunmuş Zahidin qarmonda ifa etdiyi el havalarını və aşıq melodiyalarını həssaslıqla dinləmiş və razılıqlarını bildirmişdilər. H.Arif Zahidlə dəfələrlə görüşmüş və onunla aşıq yaradıcılığı barədə söhbətlər etmişdir. 1970 - ci illərin sonları, 1980 - ci illərin əvvəllərində Zahid xoş səsli, gözəl avazlı ağdamlı xanəndə Sədi Məmmədovla (1954 - 2003) da sənət əlaqədlərində olaraq Qarabağda keçirilən toy şənliklǝrində və konsertlərdə iştirak edərək, el - obaya bol - bol sevinc bəxş etmişdir. Yevlaxda yaşayan, geniş səs diapozonuna malik, qüdrətli xanəndə İdris Nəbiyevlə Zahid ansambl yaradıb 1980 - ci illərdə Türkmənistan və Özbəkistan respublikalarına səfərlərə yollanaraq, milli musiqimizi tərənnüm etmişlər. Zahid 1991 - ci ildə Türkiyəyə səfərə getmiş, türk qardaşlarımızı qarmonunun səsilə valeh etmişdir. Xanəndə Arif Qədimovun oxuduğu xalq mahnıları, "Qarabağ şikəstəsi" alqışlanmışdı. 1994 – 1995 - ci illərdə Z.Məmmədzadənin İran İslam Respublikasının Təbriz və Tehran şəhərlərinə səfərləri Azərbaycan musiqisinin, qarmon ifaçılığımızın orada yaşayan soydaşlarımız qarşısında əyani surətdə və daha yaxından təbliğinə şamil edilməlidir. Evlərdə keçirilən konsertlər və cürbəcür şənlik tədbirlərində soydaşlarımız Zahidlə yaxından tanış olur, qarmon ifaçılığı haqqında suallar verir, onun çalğılarını dinləyir, videolentlǝrǝ alırdılar. Belə tədbirlərin (bərnamə) əksəriyyətində türk (azərbaycan) musiqiçiləri iştirak edir, onları maraqlandıran el havalarını Zahidin ifasında eşidir, audeo və video kassetlǝrǝ yazıb apararaq öyrənirdilər. Qarmonçalanlar Zahidin yaxınlığında əyləşib muğamlar və oyun havaları çaldıraraq, onun barmaqlarına baxıb öyrənirdilər. Belə sənət səfərlərində müğənnilər Arif Qədimov və Məzahir Kuhi (1960 - 2012) də onunla birlikdə olmuşlar. Arif Qədimovun xatirələrindən: - Biz Təbrizə gedəndə əksər evlərdə Zahidin qrammafon valı və radioda çaldığı melodiyalar var idi. Dərhal hiss olundu ki, oralarda Zahid tanınan və sevilən qarmonçalandır. Təbrizli qarmonçalanların bəziləri onun çalğı üslubunu tutub, sənət öyrənirdilər. Bizimlə səfər edən xanəndə Məzahir Kuhinin Astara, Ərdəbil, Təbriz və Tehran şəhərlərində çoxlu qohum - əqrabası var. Onlar gəlişimizə çox sevinir, bizim rahatlığımız üçün hər bir şərait yaradır və ev konsertlərini təşkil edirdilər. Çıxış etdiyimiz belə mərasimlərdə oxuduğumuz muğam, təsnif və xalq mahnılarında Zahidin məni və M.Kuhini müşayiət etməsi də qonaq gələn musiqiçiləri çox maraqlandırırdı. Hər bir ifadan sonra Zahidə sual verib, soruşub öyrənirdilər. Hamının diqqəti Zahidin qarmonunda olur, nəzərlər onun barmaqlarına dikilirdi". Zahidin Güneydəki soydaşlarımız qarşısındakı çıxışları açıq dərs, göstərici məşğələ, bir növ tədris xüsusiyyətləri daşımış, xalq musiqimiz və həm də qarmon ifaçılığı sənətinin inkişafına xidmət edən təbliğat əhəmiyyəti kəsb etmişdir. Zahid müğənni dostları ilə tarzən bəstəkar Əli Səlimi ilə Təbrizdə görüşmüş, onun məktəbində olmuşdur. Tehranda yaşayan müğənni - qarmonçalan Rəhim Şəhriyari Zahidi studiyaya dəvət edǝrǝk onun ifasında xalq musiqisi nümunələrini və ifaçının yeni bəstələrini lentə alaraq kassetləri Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zǝncan, Mǝrǝnd, Xoy, Urmiyə, Culfa, Miyanə, Muğan, Parsabad və digər şəhərlərinə göndərmişdir. Haşiyə: "Rəhim Şəhriyari Təbrizdə anadan olub, boya - başa çatıb. Uşaqlıqdan musiqi ilə məşğul olub. Müğənnilik və qarmon ifaçılığı qabiliyyəti var. Bəstəkarlıqla da məşğul olur. O, 1991 - ci ildən üzü bəri Təbrizə və Tehrana səfər edən Quzey Azərbaycan sənətçiləri ilə əlaqə yaradaraq, onlardan öyrənərək öz sənətini inkişaf etdirmişdir. Hal - hazırda Tehranda yaşayaraq musiqimizin təbliği ilə məşğul olur. Təbriz, Tehran və Bakı musiqiçilərinin birgə ifalarını lentlǝrǝ alaraq xarici dövlətlərdə yaşayan azəri türklərinə göndərir. Zakir Mirzə, Vaqif Əsədov, Zahid Məmmədzadə Tehranda olarkən Rəhim onlardan fərdi qaydada öz evində dərs almış və qarmon ifaçılığına daha mükəmməl yiyələnmişdir. O, öz ansamblı ilə Bakıya, Türkiyənin bir çox şəhərlərinə və neçə - neçə xarici dövlətlərə səfər etmişdir". Z.Məmmədzadə 1996 - cı ildə Almaniyada konsertlər vermişdir. Fransada yaşayan Əhmədağa bəy adlı yurddaşımız "Fransa - Azərbaycan Dostluq Cəmiyyəti" nin xəttilə Zahidin audeo və video lentlərini əldə edərək, vətəndaşı olduğu ölkənin teleradio verlişlərində musiqimizi təbliğ edirdi. 1996 - cü ildə bir neçə dəfə şair Y.Nəğməkar və Z.Məmmədzadə birlikdə "Xeyriyyə konserti" keçirərək "Qarabağ fondu" na kömək etmişlər. 1996 – 1999 - cu illərdə Zahid müəllim ifaçılıq fəaliyyətini əsasən Moskva şəhərində davam etdirmişdir. Zahid 1990 - cı ildə ailə qurub, iki oğlu var. Tural və Elbəy. Onlar da istedadlıdırlar. Şaroyeva adına musiqi məktəbinin fortepiano sinfində təhsil alıblar. Elbəy qarmon ifaçısı kimi yetişərək atasının sənət yolu ilə cəsarətlə addımlayır. Sanki Zahid ölümə tələsdi. Xalqının musiqisi ilə döyünən, yaratmaq eşqilə vuran bir həssas ürək qəfildən dayandı. 37 yaş nədir ki? Hələ nə qədər işlər görəcəkdi. Nə qədər saf arzular qırılıb yarımçıq qaldı. Zahid İsbəndiyar oğlu 1999 - cu il noyabr ayının 23 - də, həyatının mənalı, yaradıcılığının çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdi. Zahid az ömrü ilə çox yaşadı. Ürəyindən süzülüb gələn nəğmələri doğma xalqına bəxş edib getdi. Biz dostlar, yaxınlar isə hörmətli sənətkarımız haqqında yazmaq üçün qələmə sığınırıq və yazımızın sonunda bir daha demək istəyirik ki, ömrünü milli musiqi mədəniyyətimizə bəxş edən Zahidin adı musiqi tariximizdə yaşamalı və həm də əbədiləşdirilməlidir.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 559 – 565.