Fərahim Sadıqov “QARMON ÖYRƏNƏNLƏRƏ KÖMƏK”. Metodik tövsiyələr. Bakı, “Azərbaycan CCP Maarif Nazirliyinin mətbəəsi”. 1986, 50 s.
Qarmon dilçəkli musiqi alətidir. Alətin daxilində dərinin köməyi ilə xüsusi kanallarla istiqamətlənən hava cərəyanı vasitəsilə titrəyən metal dilcəklər vardır. Belə metal dilcəkli alətlər Çində hələ keçmişdən məlumdur. Avropada XIII əsrin axırlarında yayılmışdır. Rusiyada müsair tipli qarmonlar XIX əsrin 30 – cu illərində istehsal olunmuşdur. Ümumiyyətlə qarmon yarandığı ilk gündən hal – hazıra kimi uzun bir tarixi yol keçmişdir. Yazılı mənbələrə görə ölkəmizdə qarmonun yaradılması ideyası ilk dəfə 1780 – ci ildə Peterburqlu usta Kirşnik tərəfindən irəli sürülmüşdür. O, əvvəlcə dilçəkli və hava sıxılması vasitəsilə çalınan qarmon düzəltmək istəsə də, müyəssər ola bilməmişdir. Bundan 41 il sonra yəni 1821 – ci ildə Berlində yaşayan usta F.Buşman ilk dəfə olaraq ağız qarmonu düzəltmişdir. Bu qarmon içərisində metal dilçəklər yerləşən uzunsov qutudan ibarət idi. Sonra o, həmin formada olan qarmona qrif və körük (bu körük dəmirçi körüyünü xatırladır) düzəldərək əldə çalmaq üçün mümkün olan qarmona çevirmişdir. Bundan 3 il sonra isə (1829) Vyanada yaşan usta Deminov bu tipdə olan qarmonu təkmilləşdirmiş, ona yeni formalı körük (mex) kamera, deka və sol qrif əlavə etmişdir. Deminovun qarmonu sağ tərəfdə 7 klavişdən, sol tərəfdə isə 2 klavişdən ibarət idi. Yalnız XIX əsrin 40 – cı illərində belə qarmonlar gəlib Rusiyaya çıxmış (daha doğrusu Rusiyada qarmon həvəskarları onları etmişlər) və ilk dəfə olaraq Tula silah zavodunun ustalarının diqqətini cəlb etmişdir. Həmin ustalardan Sizov və Şkunayev ilk dəfə Vyana və Alman qarmonlarını müvafiq ağız qarmonu, sonra isə əl qarmonu düzəltmişdir. Ehtimal ki, ilk dəfə hazırlanmış əl qarmonu bir tərəfli olmuşdur. XIX əsrin II yarısında isə belə tipli qarmonlar Tula, Voloqda, Novoqorod quberniyalarında, 80 – ci illərdə isə Peterburq, Tver, Simbirsk, Yaraslava, Orlov və Kostroma quberniyalarında yayılmışdır. Sadaladığımız şəhərlərdə yayılan qarmonlar 8 klavişli təksıralı və birtərəfli Tula qarmonları tipində idi. Bu qarmonları dartanda bir səs verir, yığanda isə başqa səs verirdi. Demək, hazırda çaldığımız qarmonlar məhz həmin tula qarmonları əsasında formalaşdırılmışdır. Tula qarmonlarından sonra sağ tərəfində 3 klaviş yerləşən Saratov qarmonu ilk məşhur rus qarmon çalanı P.Nevski tərəfindən hazırlanmışdır. Bir neçə il sonra Livenski və Sibir saxsı qarmonları yayıldı. İlk xromatik sıralı qarmonlar 1871 – ci ildə Tulalı fəhlə - rəngsaz Nikolay İvanoviç Beloborodov tərəfindən hazırlanmışdır. Həmin qarmonların sağ tərəfində 12 ağ və 8 qara, sol tərəfində isə 10 klaviş yerləşirdi. Bir müddət sonra Tulalı ustalar bu tipli qarmonları hər iki tərəfində 30 səsdən ibarət hazırlamağa başladılar. Çox keçmədən belə qarmonlar Azərbaycanda da geniş yayılmağa başladı. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda yaşamış bir çox qarmon ustaları o cümlədən; Flipov, Qorbunov, Lyovuşkin, Andruşin, Karpuşkin və başqaları bu tipli qarmonlar hazırlamağa başladılar. Bunların içərisində ən yaxşı fərqlənən Karpuşkin qarmonudur. Arxip Karpuşkin Bakıda doğulmuş, təxminən 50 yaşında vəfat etmişdir. Onun soyadı ilə adlandırılan həmin qarmonlar hal – hazırda formasına, məzmununa və məlahətli səsinə görə əvəzsiz hesab olunur.
F.Sadıqov “Qarmon öyrənənlərə kömək”, Bakı, “Azərbaycan CCP Maarif Nazirliyinin mətbəəsi” 1985, Səh. 1 – 2.
_____________________________________________________________________________________________________________________________________
Zakir Qulam oğlu Mirzəyev. AZƏRBAYCAN QARMONU. Bakı, “Adiloğlu” nəşriyyatı, 2005, 160 s.
«Qarmon» harmon sözündən olub həmsaz, həmahǝng, hǝmavaz deməkdir. Avropada və Rusiyada hələ keçən əsrlərdən məlum olan bu alətin başqa növləri də mövcud olmuşdur ki, onlar qarmonika, qarmoşka, bayan, akkordeon və s. adlarla adlandırılmışdır. Bu sahədə aparılan tədqiqatlar zamanı mövcüd ədəbiyyatların təhlillərindən sonra belə qənaətə gəlmək olar ki, istər Avropa, istərsə də rus mutəxəssisləri qarmon alətinin tarixini əsasən XIX əsrdən götürürlər. Əlbəttə ki, bir qarmon ifaçısı və tədqiqatçı kimi bu alətin texniki ifa prinsiplərini, səsin hasil olunma texnologiyasını dəqiq öyrənib araşdırdıqdan sonra bu alətin daha qədim dövrlərə aid olması qənaətinə gəlinmişdir. Qarmon alətinin indiki formadakı görünüşü tarixi prosesin sonrakı dövrlərinə təsadüf etsə də bu alətin səs hasil etmə prinsipi, mexanizmi (körük vasitəsilə - Z.M.) hələ çox qədim dövrlərdən instrumental yaradıcılığımızda mövcud olmuşdur. Müxtəlif səs çeşidlərinə malik olan qarmonun daxili konstruksiyası metal dilçəklərdən ibarətdir. Alətin səslənməsi metal dilçəklərin və körüyün hərəkətə gətirilməsi ilə həyata keçirilir. Körük vasitəsilə hərəkətə gələn səs axını metal dilçəklərin bir - bir açılıb bağlanması nəticəsində müxtəlif tembrli rəngarəng səslərin meydana çıxmasını təmin edir. Qarmonda səsin bu qayda ilə hasil olması texnologiyası faktiki olaraq nəfəsli alətlərdə mövcud olan dodaq vasitəsilə nəfəsin ötürülməsi və barmaqlar vasitəsilə dəliklərin tutulub açılması texnologiyasının eynidir. Qarmon aləti bir növ göstərilən texnologiyanın müasir, təkmilləşdirilmiş formasıdır. Bu sahədə tədqiqatlar aparılarkən qarmonda səsin hasil olma texnologiyasını öyrəndikdən sonra onun daha qədim ənənələrdə mövcud olub olmaması barədə araşdırmalar davam etdirilmişdir. Elmi tədqiqatlar zamanı Avropanın bir çox instrumental musiqi sahəsində musiqi tədqiqatçıları və rekonstruktorları ilə bizim nəzəri fikrimizin üst - üstə düşməsinin şahidi olduq. Avropanın tanınmış orqan ustası və ifaçıları olan Kirsnik və Q. İ. Foqlerin, Vyanalı İ.M.Melçelin, Parisli Qrenyenin, Praqalı Zomerin və F.Z.Buşmanın təkmilləşdirmə işləri, elmi nəzəri fikirləri qarmonun daha qədim köklərinin öyrənilməsi ideyasını bir daha möhkəmlətdi. Qarmon musiqi alətinin tarixi qeyd etdiyimiz kimi elmi - metodiki mənbələrdə XIX əsrdən götürülür. Belə ehtimal vardır ki, qarmon alətinin ən qədim əcdadı «Şenq» alətidir. Bu alət haqqında müəyyən mənbələrdə bəzi fikirlərə rast gəlinir. Belə ki, avropa və rus alimlərinin fikrinə görə ilk nəfəsli alətlər Şumer dövrü ilə bağlı olduğu üçün «Şenq» aləti də b.e.a. 2700 - ci ildən Tibetdə, Birmada và Çində məşhur olmuşdur. Bu nəzəri fikirdən fərqli olaraq qeyd edək ki, səsin hasil olunması texnologiyasına əsaslanan bu alimlərin elmi mühakiməsindən çox qabaq Şərqdə, xüsusən də Azərbaycan ərazilərində həmin texnoloqiyaya əsaslanan nəfəs alətləri mövcud olmuşdur. Qarmonun qədim əcdadlarından biri fikrimizcə Tulum - Zurnadır. Bu alətdə səsin hasil edilməsi texnologiyası təqribən qarmonun eynidir. Tulum - Zurnanın tarixi haqda məlumat verən mənbələrdə qeyd edilir ki: «tunc dövrünün musiqi ənənələrinin öyrənilməsi göstərir ki, bu dövrdə günəş etiqadı ilə əlaqədar yaranmış mərasim ayinlərində kütləvi xarakterli rəqslər, xor şəklində oxu tərzi, nəfəsli və zərb alətlərinin ifasında instrumental musiqidən geniş istifadə edilərdi. Rəqslərin quruluşu qruplar halında «Yalli» tipli rəqslərdən ibarət olmuşdur. Kişilər ayrı qrupda, qadınlar isə başqa qrupda əl - ələ tutub dairə ətrafinda rəqs edərdilər. Dairənin içində günəş şəkli çəkilər, axşam mərasim rəqslərində isə dairənin ortasında od qalanardı. Rəqs qrupu isə yazın əvvəlində keçirilən ayinlərdə od ətrafında rəqslərini oynayar, əkin mövsümünün başlanğıcını və torpağın günəşin odu ilə isidilməsini arzulardılar ki, bol məhsul ili olsun. Nəfəsli alətlərdən Buğ, Surnay Zurna, Balaban, Kǝraney, Maqnay, Kərnəd, Şahnəfir, Nǝfir (Tütək), Xik Tulum, (Tulum - Zurna), Dözlə, zərb alətlərindən isə Dohul, Dümbək, Kus (kös), Tǝbil, Cam, Kuba, Naqus, Çənbək, Dǝray, Nağara və başqalarından istifadə edilərdi. Mərasim ayinləri başlamazdan əvvəl Kǝraney, Kərnəd, Buğ, Zurna, Balaban, Tulum - Zurna, Dohul, Kus, Tǝbil kimi alətlərin ifasında çağırış sədalarını xatırladan musiqilər səsləndirilərdi ki, camaatı mərasimə toplasınlar». (40, s. 49) Tulum - Zurnanın Azərbaycan instrumental musiqi mədəniyyətində əsasən kənd məişətində, folklor musiqisində geniş istifadə olunması faktları vardır. Bu alətdən Naxçıvanda geniş surətdə istifadə edilməsi qədim instrumental ənənəmizə gözəl sübutdur. Tulum - Zurna haqqında musiqişünaslardan Ə.Rəhmətov və S.Abdullayeva da məlumatlar verirlər. Bu barədə Ə.Rəhmətov yazır: «Respublikamızın bəzi rayonlarında tulum nəfəsli musiqi alətinə təsadüf edilir. Körüklü musiqi aləti olan tulumun iki melodik lüləsi vardır. Birinci lülədə melodiya, ikincidə isə basda fasiləsiz olaraq tonika səsləndirilir. Başqa lülədən isə tulumun qoyun və yaxud keçi dərisindən hazırlanan körükcüyə hava doldurulur... bu musiqi alətində mahnı və rəqslər ifa olunur». (58, s. 39) Tulum - Zurnanı tədqiq etmiş S.Abdullayeva bu alətin texniki ifa imkanlarını daha qabarıq göstərməyə müvəffəq olmuşdur. S.Abdullayeva öz tədqiqatında Ə.Rəhmətovdan fərqli olaraq Tulum - Zurnanın melodiyanı icra edən trubkasının qoşa, üzərindəki dəliklərin sayının isə 6 - 7 olmasını (Ə.Rəhmətov 5 dəlik verir) göstərir. (Şəkil 1)
Şəkildən göründüyü kimi qarmonun daha da təkmilləşmiş körüyünü qədimdə ənənədən irəli gələn qoyun və ya keçi dərisi əvəz etmişdir. Qarmonda sol əlin hərəkəti ilə açılıb sıxıldıqca hava seli hasil edilir və qarmonun plankasında yerləşən dəmir dilciklərin açılıb bağlanması ilə müxtəlif səslər yaradılır. Tulum - Zurnada da həmin prinsipdir. Alətin körüyü sol və ya sağ əlin köməkliyi ilə sıxılır və səs seli tut ağacından və ya daha qədim olan sümükdən düzəldilmiş qoşa lüləyə ötürülür. Burada isə ya ikisəsli ifa, ya da kontrapunktlu müşayiətli ifa icra edilir. Tulum - Zurnada qarmonda olduğu kimi sağ və sol əlin ifalarına məxsus ifa forması mövcuddur. Müqayisədən göründüyü kimi qədim Azərbaycan instrumental musiqi ənənəsində bu günkü qarmon alətinin prinsipcə ifa texnologiyası mövcud olmuşdur. Sözsüz ki, minilliklər keçdikdən sonra müxtəlif musiqi alətləri inkişaf məkanından asılı olaraq daha fərqli çeşidlərdə təkmilləşmiş və həyatda yeni şəkildə öz inkişafını tapmışdır. Təbii ki, qarmon musiqi alətinin keçdiyi bu inkişaf mərhələsi alətin quruluşu, ifaçılıq imkanları, tembri və bu kimi xüsusiyyətələrin daha mükəmməl formada olmasına səbəb olmuşdur. Göstərilən müqayisə qarmonun daha qədim ənənəsinin ilk prototiplərinin Azərbaycan - türk milli musiqi mədəniyyəti ilə bağlı olmasını sübut edir. Avropa, eləcə də rus alim və tədqiqatçılarının fikrinə gəldikdə qeyd etdiyimiz kimi onlar bu alətin qədim kökünün «Şenq» musiqi aləti ilə əlaqədar olmasını göstərmişlər. Bu musiqi aləti bir sıra bambuk dəstəklərdən ibarət olub qurudulmuş kuduya keçirilirdi. Bambuk dəstəklərin aşağı hissələrində sərbəst hərəkət edən dilciklər yerləşdirilirdi ki, hava axını zamanı onlar səslənirdilər. Daha qədimlərdə bu tip musiqi alətləri «Yu», sonrakı inkişaf mərhələsində müəyyən təkmilləşmə prosesindən sonra isə «Çao», «Xo», nəhayət «Şenq» (şen) adlandırılmışdır. Qeyd etdiyimiz alətlərin Avropaya hansı dövrdə gətirilməsi tədqiqat əsərlərində qeyd olunmur. Qarmonun qədim prototiplərindən sayıla bilən alətlərdən biri də fikrimizcə ərğǝnun* alətidir ki, orta əsrlərdə Şərq ölkələrində, xüsusən də Azərbaycan ərazilərində ondan geniş istifadə olunmuşdur. Ərğənun aləti qədim Çində yaşayan Uyğurların, Şərqdə isə Azərbaycanda, İranda va Hindistanda istifadə olunması haqda tarixi - ədəbi mənbələrdə kifayət qədər məlumatlar vardır. Ərğǝnun alətinin adı digər şairlərimizin əsərləri ilə yanaşı XI əsrdə yaşayan Qətran Təbrizinin «Divan» ında və Ə.Xəqaninin (XII əsr) şerlərində də çəkilir. Verilən məlumatlardan aydın olur ki, bu dövrlərdə ərğǝnun musiqi alətindən Azərbaycanda məişətdə və müxtəlif saray musiqi məclislərində istifadə olunmuşdur. Azərbaycanın tanınmış şairi Qətran Təbrizi (1012 - 1088) öz əsərlərində ərğənunun səsini belə qeyd edir:
Qumrunun avazı dost yadına dostun səsini salır,
Ərğǝnunun səsi yar yadına yarın səsini salır.
Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi isə öz söz qəzəlləri haqda yazanda onların səslənməsini ərğǝnunun səslənməsinə bənzədərək deyir: «Qəzəlim qulaqlarda ərğǝnun kimi səslənir». Başqa bir yerdə şair yazır ki, «ərğǝnun avazi ilə ərğǝvani (qırmızı) şərab qədəhini qaldır». (29, s. 33, 38) Ərğənun aləti gözəl tembrə və səsə malik olmuşdur. Onun vəsfi və bu alət haqqında verilən məlumat ərğǝnun alǝtindən orta əsrlərdə geniş istifadə edildiyini göstərir. Bu sahədə apardığımız tədqiqatlar sübut edir ki, ərğǝnun alətinin bir neçə növü olmuşdur. (Şəkil 2)
Şərqdə çalınan ərğǝnun aləti yerdə qoyularaq ifa edilərdi. Onun ilk, qədim nümunələri dodaqla üfürmə yolu ilə çalınardı. Lakin sonrakı son əsrlərdə isə Avropada dilli musiqi alətləri (qarmonun qrifinin üzərindəki dillər kimi) yaranandan sonra epinet musiqi aləti formasında olmuşdur. Ərğǝnun alətinin sol korpusunda yerləşən körüyü ifaçı sol əli ilə açıb bağladıqca hava seli yaradılır. Sağ əl isə qarmonun qrifindəki dillərdə (klavişlər) melodiyanı ifa edirdi. Sağ əlin klavişə toxunuşu zamanı o dəmir dilcikləri açıb - baglamaqla hava selini kənara buraxdığı üçün müxtəlif səs yüksəkliyinə köklənmiş notların ifası həyata keçirilirdi. Faktiki olaraq qeyd edək ki, səsin hasil olunması prinsipi bu günkü qarmonun eynidir. Fərq alətin tutuluş formasındadır. Ərğǝnun alətinin ən qədim əcdadlarından biri Çində və Mərkəzi Asiyada yayılmış növüdür. Məhz bu alətdən sonrakı əsrlərdə avropada geniş yayılmış orqan aləti yaranmışdır. Ərğǝnun alətinə qədim yunanlılar orqanun, latın dilində orqanum, ingiliscə isə orqan demişlər. Qədim ərğǝnun üç hissədən ibarət olub dodaqla çalınarmış: 1. Bir - birinin yanında düzülmüş müxtəlif ölçülü ney şəklində olan borular. 2. Səs çıxarmaq üçün bir hava mənbəyi və üfürmə borusu. 3. Səs və üfürülən havanın miqdarına nəzarət etmək üçün düymələr. Bəzi ərğǝnunlarda hava toplamaq üçün su təzyiqindən istifadə olunurdu. Belə olduqda kisəyə ehtiyac yox idi. Bu növ alətlərə su ǝrğǝnunu və ya hidroliz deyilirdi. Ərğǝnun Avropada xristian dininin yayılması ərəfəsində qadağan edilmişdi. Bu məsələ, yəni musiqinin qadağan edilməsi ola bilər ki, Yəhudi dini ilə müxalifət üçün idi. Çünki, Yəhudilər musiqini yüksək qiymətləndirirdilər. Və onların bir çox dini mərasimləri musiqi ilə keçirilirdi. Musiqinin qadağan olunması uzun sürmədi və tədricən dünyada baş verən hadisələr nəticəsində iki, üç əsr nəticəsində ləğv olundu. Bəlkə də buna səbəb daha çox 1096 - cı ildən başlayan xalq müharibələri idi. Xalq müharibələrindən sonra Avropada musiqinin yayılmasında ara musiqiçilərinin böyük rolu var idi. Bu dövrdə ərğǝnun aləti Asiyadan Avropaya yayıldı. Müəyyən inkişaf mərhələsindən sonra orqan musiqi aləti kimi təkmilləşdirildi. Bu alətə uzun müddət Avropada qiymətli bir bəzək əşyası kimi şahların sarayında və dövlət məmurlarının evində rast gəlinirdi. Sonralar isə bu alətdən kilsədə geniş istifadə olunmuşdur. Göstərilən şəkillərdən ərğǝnun alətinin ifa texnologiyası açıqaydın görünür. Bu misalların hamısı qarmon musiqi alətinin qədim əcdadlarına aiddir. Orta əsr mənbələrində dodaqla və yerdə körüyün köməkliyi ilə çalınan ərğǝnun alətlərinin müxtəlif növlərinə Hindistanda, Əfqanıstanda bu gün də rast gəlmək olar. Elmi mənbələrdə verilən məlumatlara görə ərğǝnun alətinin ǝrǝb mexanikləri tərəfindən hazırlanan pnevmatik və hidravlik növləri olub. Fikrimizcə bu belə deyil. Çünki, instrumental musiqi alətləri haqqında mövcud olan yazılı məlumatlarda ərəblər b.e.ə. VI əsrdən sonra şərqdə daha güclü olan İran mədəniyyətindən çox şeyləri əxs etmişlər. O cümlədən bir çox milli nəfəsli alətləri və onların müxtəlif növlərini də məhz Şərq ölkələrinə öz dinlərini (İslam - Z.M.) yaydıqdan sonra başqa mədəniyyətlərdən iqtibas etmişlər. (Şəkil 3)
Ərğǝnun, eləcə də orqan sözləri yunan və latıncadan dilimizə alət mənasında tərcümə edilir. Alətin inkişafı nəticəsində Şərqdə daha mükəmməl harmon aləti yaranmışdır. Körüklü, dilçəkli musiqi aləti olan harmon xromatik səsdüzümlüdür. Diapazonu isə kiçik oktavanın «do» səsindən üçüncü oktavanın «re» səsinə qədərdir. Yunancadan dilimizə tərcümədən «harmon» - əlaqə, nizam və s. deməkdir. Yəni, bir neçə səsin harmonik şəkildə ifadə edilməsinin mümkünlüyünə görə alətə «harmon» adı vermişlər. Göstərdiyimiz misallardan aydın olur ki, qarmonun müxtəlif növləri olan dodaq qarmonu, musiqar, şen, ǝrğǝnun, tulum - zurna və başqaları bu alətlərin məişətdə geniş yayılmasına dəlalət edir. (Şəkil 4)
İnstrumental musiqi tarixinin öyrənilməsi sübut edir ki, qarmon tipli musiqi alətlərinin ilk əcdadları nəfəsli alətlər olmuşdur. Onların qədim tarixi Şumer dövrünə, b.e.ə. III minilliyə təsadüf edir. Şen musiqi alətinin Tibetdən, Çindən Orta Asiya vasitəsilə qərb ölkələrinə, eyni zamanda tulum - Zurnanın, ǝrğǝnunun Şərqdən Avropa ölkələrinə yayılması türk tayfalarının bilavasitə iştirakı ilə olmuşdur. Belə ehtimal etmək olar ki, məhz qarmon alətinin sonrakı inkişaf mərhələlərində də türk tayfalarının xüsusi rolu olmuşdur. Bu fikri qıpçak - türk alimi Murad Adcının aşağıdakı sözləri bir daha təsdiq edir. O, verdiyi məlumatda qarmon alətinin qıpçaq türklərinin məişətində b.e. V əsrdə mövcud olmasını təsdiqləyir. O, bu xüsusda yazır: «Pivə həvəskarları Avropa qıpçaqları arasında daha çox mövcuddur. Onların coğrafiyası unudulmuş Dəşti - Kıpçaq sərhədləri ilə qəribə şəkildə üst - üstə düşür... Sonra Atillanın masası arxasında qəlboxşayan, sakit mahnılar səslənirdi. Bu mahnılar sanki özləri qəlblərə axır, onu xumarlandırır və musiqi sədaları altında oxuyurdular. Arfa, qarmon, qopuz (violonçelin sələfi), baraban, qopuz (balalayka) bacarıql ifaçıların əlində gəzirdi. Böyük düzənlikdə musiqisevər xalq yaşayırdı. Musiqisiz, mahnısız, dabanları çıxaran coşqun rəqssiz nə V əsrdə, nə də odan əvvəl və sonra düzənlik ola bilməzdi». (122, s. 192) Qarmonun b.e. V əsrində mövcud olması faktı digər elmi - metodiki mənbələrdə göstərilməmişdir. Qarmonun bir alət kimi sonrakı tarixi prosesdə necə inkişaf etməsi haqda lazımi məlumatlar demək olar ki, yox dərəcəsindədir. Avropa və bir çox başqa mütəxəssislərin fikrincə bu günkü qarmon aləti qədim dövrlərdə mövcud olmuş orqanın kiçik və dəyişilmiş formasından yaranmışdır. Bu məqsədlə orqanlar haqqında da qısa məlumatların verilməsi məqsədəuyğun olardı. Çünki, qarmon musiqi alətinin təkamül, inkişaf və təkmilləşmə prosesini izləmək üçün, fikrimizcə, onun tarixin müxtəlif mərhələlərindəki keçdiyi inkişaf yoluna, dəyişikliklərə nəzər salmaq lazımdır. Elmi mənbələrdə qarmonun qədim əcdadı sayılan orqanın Avropada yayılması X əsrə aiddir. İngiltərədə Vinçestr kilsəsində X əsrə aid bir orqan mövcuddur ki, o, iki sırada düzülmüş 400 boru və 20 düyməyə malikdir. Bu alət yumruq zərbələri ilə çalınardı. Onun səsi o qədər güclü olmuşdur ki, Londonun bütün yerlərindən eşidilərdi. Tarixi məlumatlara görə ilk orqanlar kralların saraylarında mövcud olmuşdur. Sonrakı illərdə bu alətin səsi çox güclü olduğu üçün onu kilsələrə yerləşdirmişdilər. Bu iş XII əsrdən etibarən həyata keçirilmişdir. Orqan XIV əsrdə artıq üç oktavaya malik olmuşdur. Bu alət XVI əsrin əvvəllərindən bu günkü formasını almışdır. Orqan dəstəklərin daxilində sərbəst hərəkət edən dillər Avropanın orqan ustaları tərəfindən XVII əsrin əvvəllərindən tətbiq edilməyə başladı. Peterburqda belə dəstəkli orqan 1770 – 80 - ci illərdə məlum idi. Onu Kopenhagendən Peterburqa köçüb gəlmiş orqan ustası Kirşnik hazırlamışdı. Orqan çalan Q.I.Foqler qastrol səfərlərinin birində Peterburq orqanı ilə tanış olmuş və öz alətinin dəstəklərinə sərbəst hərəkət edən dilləri daxil etmişdi. O vaxtlar orqanın bu növü «orkestrion>> adlanırdı. 1800 - 1805 - ci illərdən sonra bir çox ustalar orqanların dəstəklərində sərbəst hərəkət edən dillərinin tətbiqini təkmilləşdirməyə başladılar. İ.N.Melçel - Vyanada, Qreyne Parisdə, Zauer - Praqada bu prinsipi tətbiq etmişlər. Orta əsrlərdə ərğǝnunun və orqanın borularını klavişlərə çevirdilər. Bu gedişlə orqandan tamam fərqli alətlər meydana gəldi. (Şəkil 5)
Klavisin dilli musiqi alətidir. Onun əcdadı orqan alǝtidir ki, yuxarı da qeyd etdiyimiz kimi hava və boruların köməkliyi ilə ifa edilərdi. Bu alətin texniki quruluşundan yalnız ağ və qara dillər olan klavişlər sistemi sonrakı inkişaf mərhələsində qarmon alǝtinin sağ korpusunda istifadə edildi. Klavisin sonralar simli alətə çevrildi. Şəkil 5. Çünki klavisin bir neçə simə malikdir ki, onların səslənməsi klavişlərin zərbəsi ilə bağlıdır. Onların quruluşu psaltriyona çox oxşayır. Yəhudilərin dini kitabında onun adına çox rast gəlmək olur və farsca «sǝntur» tərcümə olunur. Bu nəticəyə gəlmək olar ki, klavişli alətlərin ixtira olunmasında iki növ alətlər qeyd olunmalıdır: 1. Santur qrupuna daxil olan alətlər. 2. Orqan qrupuna daxil olan alətlər. (Şəkil 6) Epinet XVII əsr klavisinin qızıl əsri adlanıbdır. Bu tarixdə klavisin 49 mizrab və 4 yarım oktavaya malik idi. Halbuki, birinci epinet sadəcə 31 mizrablı idi. (Şəkil 6)
Epinet balaca klavisindir, sadəcə 1 registirǝ malikdir. Lakin onun böyük növü bu gün dörd yarım oktavadan ibarətdir. XVII - XVIII əsrdə epinet bir bəzək aləti idi və XVI əsrdə ona ispinet deyilirdi. Bu alət üçün də bəstəkarlar çoxlu əsərlər yazıblar. Hələ indi də epinet Fransa və İtaliyada ifa olunur. Klavisinin daha bir balaca növü selestadır və səs boğmaq üçün bir pedala malikdir. Selestanın diapazonu 4 oktavadır və çox məlahətli səsi var. Yuxarıda qeyd etdiyimiz klavişli musiqi alətlərindən yalnız klaviatura olan hissədən gələcəkdə təkmilləşən qarmonun sağ korpusunda istifadə edilmişdir. Onu da xüsusi olaraq qeyd etməliyik ki, klavişli musiqi alətlərindən Avropa ölkələri ilə yanaşı Şərqdə, xüsusən də orta əsrlərdə Azərbaycan mədəniyyətinin inkişaf edib yayıldığı İranda, Səfəvilər dövründə də geniş istifadə olunmuşdur. Artıq XVIII əsrin I yarısından başlayaraq şüşə qarmonikalar yaradılır. Bir neçə onilliklər ərzində alət inkişaf yolu keçǝrǝk Avropaya, Rusiyaya geniş yayılır. Alətin məşhur ifaçıları arasında bütün Avropaya qastrol səfəri edən F.Qlyuk, Kirxner və başqalarının adlarını çəkmək olar. Alətin tembri, səslənmə tərzi bir çoxlarının diqqətini cəlb edirdi. O dövrdə bu alətlə hətta ABŞ - nın prezidenti B.Franklin də yaxından maraqlanmış, ixtisasca fizik olan bu mütəxəsis 1762 - ci aləti yenidən təkmilləşdirmişdir. (Şəkil 7)
XVIII əsrin 80 - cı illərindən başlayaraq klaviatura ilə olan qarmonikalar yarandı. Dövrün məşhur bəstəkarları V.A.Mosart, L.Bethoven, sonralar H.Berlioz və M.İ.Qlinka bu alət üçün əsərlər yazmışlar. Hatta 1788 - ci ildə Leypsiqdə İ.K.Müllerin rəhbərliyi ilə «Merод к гармонике» аlətdə ifaçılıq qaydalarından bəhs olunan kitab çap olunur. XIX əsrin ortalarında alətin inkişafı ilə bağlı olaraq artıq bu alətdən tamamilə istifadə edilmir. Dodaqla və əl ilə çalınan qarmonikaların yaranması isə eyni dövrə təsadüf olunur. Onların yaradıcısı Fridrix Buşman hesab olunur. Alətlərin keçdiyi inkişaf mərhələlərində dodaqla çalınan qarmonika (Mundharmonike) X.Messner (1804-1874) tǝrəfindən təkmilləşdirilir. Alətdən artıq digər alətlərlə səslənmədə, ansambillarda geniş istifadə olunurdu. 1825 - ci ildə Ç.Minston dodaqla çalınan qarmonikanın digər növünü icad edir və bu aləti simfonium adlandırır. Əl qarmonikası isə K.Demian (1772-1847) tərəfindən təkmilləşdirilir. Alətin sağ klaviaturasında D - dur' un əsəs səslərindən ibarət olan 5 klaviş, sol tərəfdə akkompaniment üçün on müxtəlif akkord səslənmələri təşkil edən
beş klapan var idi. Aləti K.Demian akkordeon adlandırır. Akkordeonu düzəldən digər mütəxəsislər də var idi ki, onlardan A.Reynser, Ş.Büffe və başqalırının adlarını qeyd etmək olar. Bu təkmilləşmiş qarmonikalarda müşayiət ilə sadə formalı melodiyaları ifa etmək olurdu. (Şəkil 8)
Qarmonikanın geniş yayılmasına baxmayaraq o, bəzi musiqiçilər tərəfindən qəbul edilmirdi. Lakin, alətin malik olduğu üstün xüsusiyyətlər, özünəməxsus tembri, ifa etdiyi musiqi nümunəsini yeni səslənmə tərzi ilə zənginləşdirməsi ona layiq olduğu münasibəti qazandırır. (Şəkil 9)
Qarmonikanın daha bir növü konsertino va bandoneon idi. Konsertino adını alətə 1829 - cu ildə Ç.Minston vermişdir. Alətin hər iki tərəfində xromatik səs düzümü olan 6 künclü korpus, ortasında isə dəri mövcud olmuşdur. Konsertino İngiltərədə, Almaniyada, Rusiyada və başqa ölkələrdə geniş yayılmışdır. Alətin iki növü (əsas İngilis sayılırdı) mövcud idi. Onun dörd registri: soprano, alt (tenor), bas və kontrabas olduğu üçün bu alətdən orkestrdə və solo alət kimi istifadə olunardı. (Şəkil 10)
Bandoneon aləti də xarici görkəminə görə konsertinoya yaxın idi. Əvvəllər alətin 28 düyməsi (56 ton), sonrakı inkişaf nǝticəsində isə 72 düyməsi (144 ton) var idi. Bu aləti isə 1846 - cı ildə H.Band (1821-1860) icad etmişdir.1829-cu ildə qarmon tezliklə həm Avropaya, həm də Rusiyaya yayılır. Rusiyada qarmon öz konstruksiyasını saxlamaq şərtilə bir çox formalarda da yaradılır. Alman quruluşlu qarmonda körüyün sıxılması zamanı do, mi, sol (bir neçə oktavada), açılması zamanı re, fa, lya, si səslənirdi. Rus quruluşlu qarmonda isə əksinə. İlkin qarmonlarda 5,7 və artıq düymələr mövcud olur. Həvəskar musiqiçilər üçün ucuz və əlverişli olan bu sistem bir çox xarici və Rus qarmonikalarında Tula, Saratov, Boloqoyev, Kasimov, Beleborodov, Çerenovka, Çerepaşka, Vyana və s. yerlərdə tətbiq edildi. 1870 - ci ildə N.Beloborodovun (1828-1912) ideyası ilə Tulada ilk xromatik iki cərgəli qarmon yaradılır və alət ölkənin müxtəlif regionlarında rus ustaları tərəfindən daha da təkmilləşdirildi. Burada öz işinin intuziastları sayılan Sizovu, Şoloxovu və birinci növbədə öz həyatını qarmonikanın yeni növlərinin istehsalına sərf etmiş N.İ.Beloborodovu qeyd etmək lazımdır. Onun layihəsilə dilli, ikicərgəli qarmon 1871-ci ildən sonra usta L.A.Çulkov tərəfindən hazırlanmışdır. (Şəkil 11)
Unison köklənən bir cüt təşkil edən dilciklərin ikisi də daha proqressiv sistemdir. Belə qarmonlarda səsin yüksəkliyi körüyün hərəkət istiqamətindən asılı deyil. Bu sistem öz geniş tətbiqini Sibir, Liven, Yeletsk, Royal, Vyatsk, Xromka, Akkordeon və Bayan markalı musiqi alətlərində tapmışdır. Alətlərin ifaçılıq imkanlarını genişləndirmək məqsədilə onları dilciklərin bir neçə komplektləri ilə təchiz edirdilər.
Vyatsk quberniyasında istehsal edilmiş qarmon (XIX əsrin ortaları) İkicərgəli diatonik qarmon. Xromka Qarmon alətinin xarici mütəxəssisləri sırasında V.P.Xeqstrem, M.Z.Siniçkin, P.E.Sterliqovun adlarını qeyd edə bilərik. Aşağıda isə onların təkmilləşdirdikləri qarmon alətinin klaviaturalarının sxemi təqdim olunur:
N.Z.Siniçkin
Si Do Do# - Re Re# Mi - Fa Fa# Sol - Sol# Lya Lya# - Si Do Do#
V.P.Xeqsterm
Do# Si Do - Mi Re Re# - Sol Fa Fa# - Lya# Sol# Lya - Do# Si Do
P.E.Sterliqov
Sol# Lya# Do - Si Do# Re# - Re Mi Fa# - Fa Sol Lya - Sol# Lya# Do
Beləliklə, 1875-ci ildə İ.Teletovun əl qarmonikasının və akkordeonun «xalq məktəbi» adlı sərbəst olaraq təhsil almaq üçün ilk dərs vəsaiti çap edilmişdir. Sonralar bu cür ədəbiyyatların nəşrləri vaxtaşırı olmuşdur. 1883 - cü ildə böyük rus bəstəkarı P.İ.Çaykovski öz əsərlərinin birində, «Yumoristik skertso» da ilk dəfə olaraq simfonik partituraya akkordeonlar daxil etmişdir. Bəstəkar partituranın qeydində onların istifadəsinin arzu olunduğunu yazır. Mövcud ədəbiyyatların təhlilləri XIX əsrin sonunda Rusiyada müxtəlif növ qarmonikaların istehsalının olmasını göstərir. Saratov, Çerepovetsk, Kasimov, Livenka, Sibir, Asiya, Yeletsk və başqa şəhərlərdə istehsal olunan qarmonikalar məişətdə daha çox yayıldı. Qeyd etmək lazımdır ki, o vaxt Rusiyada ilk dəfə Saratov qarmonikalarında səslərin ikinci cərgəsi qrifdə əsas səslərdən bir qədər yuxarıda yerləşdirilirdi. Sonrakı illərdə bu üsul bütün akkordeonlarda tətbiq olundu. Orta həcmli və ən nəhayət sağ tərəfdə 52 - 61 düyməli, solda isə 100 - 120 hazır müşayiət edən düymələrdən ibarət olan belə qarmonikanın bayan növləri akkordeonla eyni vaxtda istehsala başladı. Kiçik bayan tipli 7 – 12 – 14 – 16 - 18 dilli qarmonikaların sağ tərəfində müvafiq qaydada müxtəlif sayda düymələr yerləşdirilmişdir. Məsələn: sağ tərəfdə 7 dili olan kiçik qarmojkanın, yəni məktəbə qədər olan uşaq qarmonunun solda üç düyməsi var idi. Sol əldəki hər bir düymə öz - özlüyündə bir akkord səsi səsləndirir. Buna akkordlu müşayiət deyilir. Bu xüsussiyətlərə uyğun gələn «Yeletsk royal» qarmonikasını qeyd etmək lazımdır. Çünki, o, müasir akkordeonun bir başqa prototipidir. «Yeletsk royal» qarmonikası Orlov quberniyasının Yeletsk şəhərində XIX əsrin 80 - cı illərində yerli ustalar tərəfindən düzəldilmişdir. O, xromatik səs düzümü olan qarmonikadır. Onun dilləri sağ tərəfdə iki cərgədə fortepiano klaviaturasının prinsipi üzrə yerləşir. Sol tərəfdə düymələr elə yerləşdirilib ki, müşayiət zamanı beş barmaqdan istifadə etmək olar. Əsrin 70 - ci illərində Beloborodov qarmonika üzərində təkmilləşdirilmə işləri aparır. Belə ki, o, Tulada ilk dəfə fortepianonun klaviaturasına oxşar xromatik səs düzümlü qarmonikanı düzəldir. 1886 - cı ildə o, müxtəlif qarmonikalardan ibarət olan böyük bir orkestr təşkil edir. Bu məşhur orkestrdə alətin sağ tərəfində indiki akkordeonlarda olan klaviaturalı qarmonikalar var idi. Lakin, onlarda müşayət çox primitiv olmuşdur. Xaricdə o vaxtlar bu cür qarmonikalar olmamışdır. Ona görə də xarici ölkələrin firmalarının nümayəndələri həmin alətə olan patenti onlara satmaq müraciəti ilə Beloborodova dəfələrlə müraciət etmişdilər. O, öz ixtirasının patentini satmadığı üçün fortepiano klaviaturasına oxşar xromatik səs düzümlü qarmonikanın istehsalında rus ustalarının birinciliyi möhkəmlənmişdir. Nəhayət belə qarmonikaların istehsalı şərq ölkələrinə yol tapır... Kazan, Kirov, Qroznı, Ordjonikidze və Tbilisi şəhərlərində iki növ korpusdan ibarət «Venski» və «Nemetski» (Alman quruluşlu) adlanan milli qarmonlar buraxılmağa başlandı. (Şəkil 12)
Əsrin əvvəlindən 1920 - ci illərə qədər Beloborodovun tələbəsi V.P.Xeqstrem qarmonçulardan ibarət orkestrin rəhbəri olmuşdur. Bu orkestr qarmon alətinin xalq tərəfindən tezliklə sevilməsini və onun məişətdə geniş yayılmasını təmin etdi.
Qarmon alətinin təkmilləşməsi sahəsində Bakanov 1900 - cu ildə Moskvada sağ və sol tǝrəflərdə royal klaviaturası olan yeni qarmon düzəltsə də sol alda ifanın narahatlığı üzündən bu alət özünün gǝləcək inkişafını tapmadı. Bu zaman Avropada fortepiano klaviaturalı qarmonikanın akkordeonun təkmilləşdirilməsi davam etdirilir və onun istehsalı genişləndirilir. Sol klaviatura mexanikasının həcmi və quruluşu təkmilləşir. 1920 - ci illərdə akkordeonda registrlərin dəyişdiricisi açarları düzəldilir və onun xarici görkəmində dəyişikliklər olunur. (Sakil 14)
Elmi - tədris mənbələrində verilən məlumatlara görə 1914 - cü ildə Rusiyada iqtisadi böhran nəticəsində qarmonikaların istehsalı dayandırılsa da 1929 - cu ildə Muztrest Leninqrad şəhərində «Qırmızı Partizan» adlı ilk qarmon fabrikasının təşkilinə başlayır. Ondan sonra Tulada, Rostov - Donda, Saratovda, Ufada, Kiyevdə, 1935 - ci ildə isə Moskvada ilk dəfə RKKA adlanan fabrikində müasir akkordeonlar düzəldilməyə başlandı. 1936 - cı ildən «Qırmızı Partizan» 41 dilli və basda 120 düyməli akkordeonların seriya ilə buraxılışını təşkil etdi. Həmin akkordeonların istehsalata hazırlanmasında qocaman rus ustaları Stolbov, Paramonov, Aleksandrov və Lebedyevin xüsusi rolu olmuşdur. Bu tip akkordeonlar 1957 - ci ildə ilk dəfə Çində də istehsal olunmağa başladı. Son dövrlərdə akkordeonların sas diapazonu bir qədər də genişləndirilmişdir. Sağ klaviaturasında 45 dil, solda isə 140 düyməsi olan akkordeonlar ifaçılar arasında daha çox rəğbətlə qarşılanır. Bu cür akkordeonların 36 registri var. (Şəkil 15)
Elmi axtarışlar sübut edir ki, XX əsrin ikinci yarısından sonra qarmon və akkordeon ifaçıları arasında Avropada, Rusiyada, həmçinin Azərbaycanda respublika, xarici olkələrdə isə beynalxalq müsabiqələr keçirilir. Müasir ifaçılıq sənətində bu alətlərdə mürəkkəb texnikalı əsərlər ifa edilməyə başlanır. Milli oyun havalarının mükəmməl ifası və son dövrlərdə qarmonun simfonik orkestrlə ifa repertuarı bunu təsdiqləyir. Qarmon və akkordeon texniki cəhətdən inkişaf etmiş musiqi alətləri sırasındadır. 1936 - cı ilin əvvəllərində Tatarstan Sovet Sosialist Muxtar Respublikasında on iki dilli qarmon istehsalına başlandı. 1936 - cı ilin axırlarında Tatarıstanın paytaxtı Kazanda xromatik qarmonun daha yeni müasir «Şərq bayanı» adlı əvvəlki milli qarmonlardan fərqli, yəni sağ və sol klaviaturalarda yarım tonlar olan qarmonların istehsalı başlandı. (Şəkil 16)
Bu sistem qarmonun texniki imkanlarını artırdı. Müasir qarmonlarda indi sağ klaviaturada 16 ağ dillər, 11 qara dillər, sol klaviaturada isə 24 düymə vardır. Sol klaviaturada tək (unison) səsli zurlar (zur – alətin sol korpusunda hasil olun səsə deyilir) və akkord səsli zurlar vardır. Bu tip qarmonlar Avropa, rus milli musiqi ahənginə uyğun olsa da, Azərbaycanın qarmon ifaçılığı üçün yaramır. Xüsusi ilə də Azərbaycan xalq yaradıcılığı nümunələrinin, muğamların, rəqslərin ifası üçün bu sistem heç uyğun deyil. Buna görə də hələ XIX əsrin birinci yarısından Azərbaycanın musiqi həyatına daxil olan qarmon alətinin sol korpusunda milli qarmon ustalarımız tərəfindən təkmilləşmə işləri aparılmış və sol klaviaturanın səs sistemi milli musiqi sənətimizə müvafiq şəkildə uyğunlaşdırılmışdır. Azərbaycanda ifa edilən qarmonun klaviaturasının səsləri eyni ilə sol klaviaturada təkrar edilir. Azərbaycan qarmonu hal-hazırda həndəsi nöqteyi nəzərdən hündürlüyü 36 sm., eni 18 sm., uzunluğu sifarişə görə müxtəlif olduğuna görə 31; 32; 33 sm. olur. Mahir ifaçıların apardıqları təkmilləşdirmə nəticəsində isə əlbəttə ki, milli qarmonlarımızda xalq mahnı və rəqs nümunələri, muğamlarımız məharətlə ifa edilə bilir. Son zamanlar qarmon alətinin solo ifasında Azərbaycan bəstəkarlarının əsərləri istǝr fortepianonun, istərsə də, simfonik orkestrin müşayəti ilə ifa edilir.
Zakir Mirzəyev “Azərbaycan Qarmonu”, Bakı “Adiloğlu”, 2005, Səh. 19 - 36.
ƏRĞANUN*
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin «İskəndərnama» poemasında «Əflatunun çalğı aləti qayırması» başlığı ilə ǝrğanun alətini böyük yunan filosofu Əflatunun (Platon e.ə. 427 - 347) icad etdiyini yazır. Əflatunun yaşadığı dövrü nəzərə alsaq, ǝrğanunun təxmini yaranma tarixi bəlli olar: e.ə. V-IV Əsrlər. XI əsrdə yaşamış azərbaycanlı şair Qətran Təbrizi də məşhur «Divanın» da bərbət, rud, çağanə, ud, say, ney, tar, çəng, rübab kimi alətlərlə yanaşı ərğənun alətini də təsvir edir. Deməli, XI əsrdə ərğənun Azərbaycanda inkişafda olan çalğı alətlərimizdən biri olmuşdur. Ş.İ.Xətainin və İ.Nəsiminin şerlərində də ǝrğanun təsvir edilir. Qədim ǝrğanun aləti də bir sıra bərpasını gözləyən, dırnaqla (barmaqların ucu ilə) çalınan simli alətlərimizdəndir.
ƏRĞAN
Miladdan 300 il əvvəl İskəndəriyyə şəhərində yaşamış yunan mexaniki Ktezibey ixtira etmişdir. Klassik şairlərimizdən Əfzələddin Xaqani yazırdı:
O, Bǝrbudun səsimi, sazın, mizmanın səsi?
Setarmı, ya çalınan kasǝgər ilə ərgan?
Ə. Xaqaninin XII əsrdə yaşayıb - yaratdığını nəzərə alsaq, deməli, ərğandan ən azı XII əsrdə Azərbaycan ərazisində istifadə edildiyi məlum olur. Ərğan ilk düyməli (klavişli), körüklü çalğı alətimiz hesab edilir.
A.Nəcəfzadə “Azərbaycan çalğı alətlərinin izahlı lüğəti”, Bakı, “Min bir mahnı” 2004, Səh. 86,87.
_____________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “QARMON İFAÇILIĞI SƏNƏTİ VƏ ONUN AZƏRBAYCANDA TƏDRİSİ”. II nəşr (əlavələrlə) Bakı, “MBM”. 2014, 704 s.
XIX əsrin I yarısından etibarən Bakıya Rusiyadan qarmonlar gətirilməyə başlamışdır. Qarmonlar Volqaboyu ilə Xəzərdə işləyən gəmilərdə çalışanlar vasitəsilə Bakıya gətirilmişdir. Sonralar tacirlər Nijniy Novgorod yarmarkasında bu qarmonların kiçik həcmlilərindən cumaxadan sandıqlarına yığıb, üstünə də yazmışlar: "in male - məkarime-...", Badikubə (tərcüməsi, bu mal ləyaqətli filankəsindir, Bakı). Qarmonlar Bakının "Moltanı karvansarası" nda, sandıq bazarında satılırmış. Qarmonlar alınsa da, əvvəllər onu çalanlar yox idi. Satıb - alan vaxt aləti yoxladıqda qarmondan "qıd – qıd – qıdıl - qıd" səsləri çıxıb. Ona görə də yarı şəbədə, yarı gerçək qarmon satana "qıd - qılıdıcı" deyiblər. Qarmon çalmaq məşğuliyyət kimi lap əvvəllər qadınlar arasında yayılıb və xoşa gəlib. O dövrdə qadın toylarında yalnız qadın çalğıçılar iştirak etdiyindən qarmon onlar üçün əvəzsiz musiqi aləti sayılırdı. Yuxarıda qeyd etdiyimiz dövrlərdə qarmonlar Dərbənd şəhərinə də gətirilmiş və qız - gəlinlər üçün sevimli musiqi aləti kimi yayılmağa başlamışdır. Hətta oralarda bir zamanlar gəlin köçən qızlara bəzən cehiz kimi qarmon da alarmışlar. Bakıya diatonik qarmonlar əvvəllər 7 dilli, sonralar 10, 12, 14 dilli, bir müddətdən sonra isə 18 dilli musiqi alətləri kimi gətirilmişdi. Səs ardıcıllığı 8, 10, 15 düymələrdən ibarət olan qarmonlardan da istifadə olunurdu. Sonralar isə bizdə sağ tərəfdə ikicərgəli 15, 18, 22 düyməli qarmonlar da əldə edilərək çalınardı. Bu alətlər qarmonların ibtidai, sadə formada olanları sayıla bilər. Musiqi həvəskarları maraq göstərərək qarmon alır, çalmağı öyrənirdilər.Təbii ki, əvvəllər bu alətlərdə sadə havalar çalınmağa başlanmışdı. Çünki alətlərin sadə texniki imkanları yalnız buna imkan verirdi. Məşədi Məlik qarmon çalmağı da bacarırdı. Evlərində keçirilən musiqi məclisində öz 7 dilli qarmonunda bu alətin imkanına uyğun havalar çalardı. Çox güman ki, o, sonralar 16 - 18 dilli alətlərdə də çalıb.
XIX əsrin I yarısında Rusiyadan Azərbaycana yarımtonsuz, yalnız ağ dillərdən ibarət qarmonlar gətirilirdi. Qarmon alətinin onun istehsal olunduğu məkanların adıyla Tula, Boloqoy, Saratov, Vyana, Sibir, Tatar, Gürcü, Azərbaycan qarmonu adlanan növləri vardır. 1870 - ci ildə Belobarodov tərəfindən xromatik səsdüzümünə malik qarmonlar (diyezli, bemollu) düzəldilmişdir. Qarmon alətinin Rusiyada inkişafında tatar millətindən olan ustaların da böyük xidməti olmuşdur. Qarmon alətindən Rusiyada yaşayan başqa xalqlar da geniş istifadə edirlər. Alət sonralar Qafqaz xalqları arasında da geniş yayılmış, hər xalq qarmon alətini öz musiqisinə uyğunlaşdırmışdır. Məsələn, si (in H) köklü qarmonlardan yalnız Azərbaycanda istifadə edilir. Yəni, Azərbaycan qarmonunun "do" səsi, fortopianoda "si" səslənir. Məşhur azərbaycanlı alim, tarixçi, ədəbiyyatşünas, şair, nəqqaş, xəttat və musiqişünas Mir Möhsün Nəvvab Qarabağı (1833 - 1918) "Vüzuhül - ərqam" əsərində bir sıra Şərq çalğı alətləri, o cümlədən qarmon haqqında məlumat verir. O, qarmonun təsir qüvvəsindən, dinləyicidə oyatdığı zövqdən danışır. XIX əsrin sonlarından azərbaycanlı qarmon ifaçılarının sifarişi ilə yeni növ qarmon yaradılmış və alət Azərbaycan qarmonu adlanmışdır. Qarmon alətini "azəriləşdirmək"dən ötrü ustad sənətkarlarımız alət üzərində bir sıra uğurlu islahatlar aparmışlar. Qarmon dilçəkli, körüklü çalğı aləti olub, klavişli alətlər qrupuna aiddir. Həmçinin nəfəs aləti sayılır. Azərbaycan qarmonu dedikdə, xarici görkəminə görə fərqlənməsə də, ölçülərinə, kökünə ("in H", yəni "si"), sağ və sol əllərin ifa zamanı etdiyi işlərə və tənəkələrin (tirlər, plankalar) sayına görə digər qarmonlardan fərqlənən, Azərbaycan ərazisində istifadə edilən çalğı aləti nəzərdə tutulur. XX əsrin əvvəllərindən etibarən Bakının özündə peşəkar, təcrübəli qarmon düzəldən ustalar meydana çıxdılar. Onların əksəriyyəti rus millətinin nümayəndələri idi. Bu ustalar içərisində ən mahiri və ən məşhuru malakan Arxip Karpuşkin olmuşdur. Beləliklə ifaçılar iki oktava yarım xromatik səs ardıcıllığına malik (bəzən də üç oktavali) qarmon vasitəsilə xalq musiqisi incilərini, oyun havalarını, diringiləri, dəraməd və rəngləri, xalq mahnılarını və muğamlarımızı xüsusi həvəslə, şövqlə ifa etməyə başlamışlar. Dövr, zaman dəyişdikcə musiqi mədəniyyətimizin, muğam janrının ayrılmaz hissəsi olan instrumental ifaçılığımızda qarmon özünəməxsus yer tutmuşdur. "Azərbaycan qarmonu" adı alan alətlər tədricən Güney Azərbaycanın da şəhərlərinə yol alırdı. Ənzəlidə, Astarada, Zǝncanda, Ərdəbildə, Təbrizdə, Urmiyada, Xoyda, Mərənddə getdikcə qarmonçalanlar meydana gəlirdi. Çalğı bacaran onu övladına, yaxınlarına öyrədirdi.
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 10 - 11.
_____________________________________________________________________________________________________________________________________
Abdullayeva S.A. AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ DÜNYANI VALEH EDİR. Bakı, “Nurlar” Nəşriyyat - Poliqrafiya Mərkəzi, 2016, 288 s.
Klavişli - pnevmatik çalğı aləti olan qarmonun yaranma tarixi Şərq aləmi ilə əlaqədardır. Burada onun çox qədimdən prototipləri - Çin şeni (şenq), Əfqan, Pakistan və Hind harmonu və ya ərqanı, Azərbaycan cibçiqi məlumdur [56, 60]. Onlarda səslər havanın ağız və körüklə sərbəst qalxıb - enən dillər yerləşdirilən gövdəyə verilən hava ilə hasil edilirdi. Ticarət əlaqələrilə əlaqədar səsin belə alınma prinsipi Avropada da məlum olur və burada musiqi alətləri ustaları tərəfindən istifadə edilir [60]. 1821 - ci ildə Alman ustası Fridrix Kristian Buşman dodaq qarmonikasını, sonra birsıralı körüklü əl harmonikasını hazırlayır [59]. Daha sonra, 1830 - cu ildə Rusiyanın Tula quberniyasında, Nijeqorod yarmarkasında satışa çıxarılan primitiv birsıralı alman harmonika nümunəsinə uyğun, silah ustası İvan Sizov tərəfindən sağ tərəfdə 7 klaviş (dil), sol tərəfdə isə 2 bəm klapanı (düyməsi) olan və bəsit mahnıları ifa etməyə imkan verən qarmonika (qarmoşka) düzəldir. Sonralar, kustar üsulla 8 - 10 və daha çox klavişli, 2 - 4 bəm klapanlı qarmonikalar hazırlamağa başladılar. 40 - cı illərin əvvəlində Tulada bir sıra ev emalatxanaları qarmonika istehsalı fabriklərinə çevrilir. N.İ.Beloborodovun təklif etdiyi konstruksiyaya əsasən 1878 - ci ildə Tula ustası L.A.Çulkov tərəfindən qarmonikaların ikisıralı klavişli xromatik növü yaradılır [59]. Alətin təkmilləşdirmə işləri Rusiyanın müxtəlif quberniyalarında yerinə yetirilir. Qarmonikaların quruluşlarında çoxlu dəyişikliklər aparılır. Onlar bir - birlərindən kökü, diapazonu, səs və registrlərin sayı, hazır akkordların daxil edilmə imkanının olması və ya yoxluğu ilə fərqlənirdilər. Hazırlanma yerlərinə görə Tula, Liven, Vyatka, Boloqoyev, Saratov, Kasimov, Yeletsk və s. qarmonikaları adlandırılırdı. Alətin hər iki diatonik və xromatik növü sadəliyinə, güclü və parlaq səsinə, ifa imkanlarına, çalınma üsulların öyrənilməsinin sadəliyinə, habelə Tula və Vyatkada kütləvi istehsalına görə Rusiyada ( tatar, başqır, cuvaş, marı, mordva), Qafqazın şimal və cənub hissələrində məskunlaşan digər xalqlar (kabardin, ləzgi, çeçen, inquş, gürcü, osetin, acar və b.) arasında da əsl xalq çalğı aləti kimi yayılır. XIX əsrin ikinci yarısından başlayaraq qarmonikalar Azərbaycana da gəlib çıxır. Azərbaycan folklor mərasimləri və musiqisinin kamil bilicisi Əlihüseyn Dağlının dərc edilən “Ozan qarəvəli” kitabında qeyd edildiyi kimi, Xəzər dənizi və Volqa çayı üzrə yerinə yetirilən ticarət yolu vasitəsilə dənizçilər tərəfindən qarmonikaların ilk nümunələri Azərbaycana gətirilir. Onun səsi Azərbaycanda hələ dəmir yolu çəkilməyəndən əvvəl (yəni 1880 ildən əvvəl) eşidilirdi [20]. Maraqlıdır ki, onlar əvvəlcə karvansara və bazarlarda sandıq alveri ilə məşğul olan tacirlər tərəfindən oyuncaq kimi satılırdı. Diatonik səs düzümlü alətlərin 7, 12, 14, 16 və 18 ağ klavişi var idi. Tulada Akim Trofimoviç Vorontsov tərəfindən hazırlanan girdə formalı 16 klavişi olan belə alətlərdən biri Azərbaycan Milli Tarix Muzeyində nümayiş etdirilir. Məşhur tar ifaçısı Bəhram Mansurovun babası Məşədi Mansur (1833 - 1909) yeddi klavişli alətdə çalırdı. İstedadlı tarzən Şirin Axundov (1878 -1927) yeddi yaşında olarkən bu aləti səsləndirib. Sonra xromatik qarmonikalar istifadə edilməyə başlandı. Üstünlük daha çox kazan növünə verilirdi. Bu alətin ilk ifaçılardan biri Azərbaycan şəhəri Şuşadan olan tanınan qarmonçu Kərbəlayi Lətifin (1876 - 1944) atası Çəkməçi Hüseyn olub [72]. Onu qadınlar da qız toylarında qaval zərb alətinin ritmik müşayiəti ilə çalırdılar. Bununla yanaşı, köhnə Bakıda (İçəri Şəhər) Seyid Həsən (XIX əsrin sonu) qarmonikada gözəl ifa edir və gənc musiqiçiləri – ifaçıları hazırlayırdı [20]. XX əsrin birinci yarısında kiçik yaşlarında kor olan və xalq arasında Kor Əhəd kimi tanınan Əhəd Əliyev (1893 - 1942) böyük şöhrət qazanır. Qeyri - adi istedına görə (o, saz, tar, tütək və fortepianoda da gözəl çalırdı) onu “Usta” və ya “Qarmonçu Əhəd” də adlandırırdılar. 20 - ci illərin sonunda onun məsləhəti və təklifilə Saratov növlü qarmonika bakılı usta Arxip Karpuşkin tərəfindən təkmilləşdirilir. Alətin bu variantını artıq “Azərbaycan qarmonu” adlandırmağa başlayırlar, çünki onun səssırası və tembri qarmonikanın “tula”, “saratov”, "kazan" və başqa növlərindən fərqlənirdi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycanın Şirvan zonasında qadınların istifadə etdikləri qarmon həmçinin “nay”, Qarabağ zonasında isə “mizqan” adları ilə məlumdur.
S.Abdullayeva “Azərbaycan çalğı alətləri dünyanı valeh edir”, Bakı “Nurlar” 2016, Səh. 65 – 67.
_____________________________________________________________________________________________________________________________________
Nəcəzadə A.İ. ETNOORQANOLOGİYA. Musiqi təmayüllü ali məktəblər üçün dərslik. Bakı: “Ecoprint” 2016, 304 s.
Yaranma tarixi. Qarmon tipli alətlərin vətəni qədim Çin sayılır. Metal dilçəkli alətlərdən orta əsrlərdə Çində istifadə olunduğu elmə məlumdur. Müasir dövrdə də istifadə edilən Çin xalq çalğı aləti şen (və ya şenq, rezonator borulu) dodaq qarmonunun bir növüdür. Maraqlıdır ki, orta əsrlərdə Azərbaycanda cibçiq adlanan, demək olar ki, şenqə bənzəyən nəfəs alətindən istifadə ediblər. Qədimdə Azərbaycan ərazisində özündə qarmonun elementlərini əks etdirən müxtəlif alətlərdən istifadə olunub. Yuxarıda adını çəkdiyimiz cibçiqdən başqa ərğan* və tulum alətlərini də misal göstərə bilərik. Hər iki alət qarmonda olduğu kimi, hava ilə dolu körüyü sıxmaqla səsləndirilib. Bu alətlərdən tulum dövrümüzə gəlib çıxsa da ǝrğan unudulub. Maraqlıdır ki, ərğan alətində də kiçik dairəvi düymələr (qarmonun gövdəsinin sağ tərəfində olduğu kimi) yerləşdirilirdi. Bu düymələri aşağı basdıqda borulara körük vasitəsilə havavuran xüsusi pnevmatik konstruksiya işə düşüb, ǝrğanı səsləndirirdi. Deməli, qarmon alətinin xalqımız tərəfindən bu qədər sevilməsi heç də təsadüfi deyildir. 2 cür qarmon mövcuddur: dodaq və əl qarmonları. Öncə dodaq qarmonları yaradılıb, sonralar bu qarmonlara istinadən əl qarmonları icad edilib. Maraqlıdır ki, orta əsrlərdə Azərbaycanda geniş istifadə edilən musiqar (çıncıq) alətinin də dodaq qarmonunun yaranmasında rolu olub. Müasir formalı əl qarmonunu 1822 - ci ildə saat ustası, alman K.F.L.Buşman (1775 - 1832) Berlində icad edib. Belə qarmonlar diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət idi. 1829 - cu il may ayının 6 - da Avstriyanın paytaxtı Vyanada orqan ustası Kirill Demian (1772 - 1847) özü - özünü müşayiət etmək üçün sol tərəfdə alətə akkordlar ifa edəcək düymələr qoyub. Həmin düymələr sol əlin barmaqları ilə çalınır. K.Demian bu aləti akkordeon adlandırıb. Fridrix Kristian Buşmanın Almaniyada ixtira etdiyi birsıralı, primitiv ǝl qarmonu Rusiyada özünün böyük inkişaf mərhələsini keçib. 1830 - cu ildə Rusiyanın Tula şəhərində silah ustası İvan Sizov tərəfindən sağ tərəfdə 7 dil və sol tərəfdə 2 bəm düyməsi olan diatonik səsdüzümlü belə qarmonlar (qarmonika, qarmoska) istehsal olunub. Bu qarmonlarda çox sadə və bəsit mahnıları ifa edirdilər. Sonralar 8 -10 dilli (sağda) və 4 düyməli (solda) qarmonlar hazırlamağa başladılar. Lakin belə qarmonlar da peşəkar ifaçıların tələbini ödəməyib, onun təkmilləşməsinə böyük ehtiyac duyulub. Belə bir yeniliyi 1870 - ci ildə tulalı qarmonçu, müəllim və dirijor Nikolay İvanoviç Beloborodov (1828 - 1912) etmişdir. O, ilk dəfə xromatik səsdüzümlü qarmonlar düzəldib. Bundan sonra qarmonun bədii - texniki imkanları artırılaraq daha mükəmməl alətə çevrilib. Qeyd edək ki, N.İ.Beloborodov XIX əsrin 70 - ci illərində ilk qarmonçalanlar orkestrini yaratmışdır. Elə bu illərdə (1872 - 1873) Rusiyada N.M.Kulikov və K.Xvantalov qarmon üçün ilk tədris vəsaitini hazırlayıblar. Sonralar İ.Teletyov və L.Doroşkeviç tərəfindən də qarmon dərsliyi tərtib edilib. XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət qarmonlar gətirilib. O.Dağlı olduqca qiymətli "Ozan Qaravəli" əsərində yazır: "Qarmonu el bǝyǝnib, "elnən gələn toydur, bayramdır" - deyiblər. Qarmonun səsini hələ Azərbaycana dəmir yolu çəkilməzdən qabaq eşidənlər olubdur (Azərbaycanda ilk dəmir yolu xətti 1880 - ci ildə istifadəyə verilib -- A.N.'). Onu Volqada və Xəzərdə işləyən gəmiçilər Rusiyadan Bakıya gətiriblər. Sonralar tacirlər Nijninovqorod yarmarkasında bu qarmonların kiçik həcmlilərindən cumaxadan sandıqlarına qablayıb, üstünə də yazmışlar: "in male - məkarime - Badikubǝ" (farsca - dan tərcüməsi: bu mal ləyaqətli filankəsindir, Bakı - A.N.). Çox maraqlıdır ki, qarmon "Moltanı karvansara" sında, sandıq bazarında satılırmış. Əvvəllər qarmonu alan olub, amma çalan olmayıb. Satıb - alan vaxt yoxlamada qarmondan "qıd – qıd – qıdıl - qıd" səsləri çıxıb. Ona görə də yarı şəbədə, yarı gerçək qarmon satana "qıd - qılıdıcı" deyiblər. Birinci qarmon çalmaq məşğuliyyət kimi, evlərdə qadınlar arasında yayılıb (o dövrdə qadın toylarında yalnız qadın çalğıçılar iştirak etdiyindən qarmon onlar üçün əvəzsiz alət sayılırdı - A.N.). Lakin bu da məlumdur ki, XIX əsrin axırlarında Bakıda, İçərişəhərli Seyid Həsən mükəmməl qarmon çalırdı. Ətrafında həvəskar şagirdləri olub, ondan qarmon ifaçılığının sirlərini öyrəniblər”. "Ozan Qaravəli" əsərində Azərbaycanda ilk qarmon ifaçısının qadın olduğu aydınlaşır. Həm də "Qıtqılıdı" rəqsinin necə yarandığı və o dövrün daha bir qarmonçalanı - İçərişəhərli Seyid Həsən təqdim edilir. Mənbədə Seyid Həsənin şagirdləri olduğu da bildirilir. Bəlkə də Seyid Həsən Azərbaycanda ilk qarmon müǝllimi olub. Bu məlumat tədqiqatçılar üçün olduqca qiymətlidir. Xalq artisti, tarzən B.Mənsurovun babası Məşədi Məlikməmməd Ağasalahoğlu (1833 - 1909) ölkəmizdə qarmonun ilk ustad ifaçılarından biri olub. O, yeddi dilli qarmonda ifa etmişdir. Şuşalı Çəkməçi Hüseyn də Azərbaycanda qarmonun ilk ifaçılarından sayılır. Sonralar Çəkməçi Hüseynin oğlu Kərbalayi Lətif (1876 - 1944) nəinki Qarabağda, bütün Qafqazda, o cümlədən İranda ustad qarmonçalan kimi məşhurlaşıb. Xatırladaq ki, 1910 - cu ildə İngiltərənin "Qrammofon" cəmiyyəti bir qrup Azərbaycan musiqiçilərini Riqa şəhərinə dəvət etmiş, onların ifalarını qrammofon valına köçürmüşdür. Kiçik heyətli ansamblda bu musiqiçilərlə bərabər, Kərbalayi Lətif Əliyev də iştirak edirdi'. 1914 - cü ildə isə qarmonla ayrıca ilk qrammofon valı Kərbalayi Lətifin ifasında Kiyev şəhərində "Ekstrafon" aksioner cəmiyyəti tərəfindən hazırlanmışdır.
Etimologiyası. Qarmon sözünün əsli yunancadan, harmoniyadan (harmonia) götürülərək, həmahənglik, əlaqə, nizam, daha dəqiqi, ahəngdar musiqi fonu saxlamaq, səsləri bir - biri ilə tənzimləmək mənasını bildirir. Alətə qarmon adı bir neçə səsin eyni vaxtda harmonik şəkildə ifa edilməsinin mümkünlüyünə görə qoyulub. Təsadüfi deyil ki, bir sıra Şərq ölkələrində (Əfqanıstan, Pakistan, Hindistan və s.) harmon adlı körüklü, dilli nəfəs aləti mövcuddur. Beləliklə, harmon sözü Qərbdə qarmon kimi tələffüz edildiyindən və Azərbaycana Rusiyadan gətirildiyindən dilimizdə Avropada olduğu kimi qarmon adlandırılıb. Yaxın keçmişdə Azərbaycanın bəzi bölgələrində (xüsusilə Şirvan və Şəkidə) qarmon alətinə nay da deyirdlər. Burada bir məntiq də var. Bilindiyi kimi, qarmon tipli alətlər (akkardeon, bayan) aerofonlu (nəfəs) çalğı alətləri qrupuna aid edilir. Nay (ney) sözü də dilimizdə nəfəs alətlərinə verilən ümumi addır. Mənası "oxuyan qamış" olan bu söz şumerlərdə də işlədilib.
A.Nəcəfzadə “Etnoorqanologiya”, Bakı, “Ecoprint” 2016, Səh. 181 – 184.
_____________________________________________________________________________________________________________________________________