İnsan ümidlərlə və arzularla yaşayır. Bəzən fikirlərini bölüşmək üçün həmsöhbət axtarır, onu narahat edən mövzulardan söhbət etmək istəyir. Abbas da belələrindəndi. Özü yaxşı həmsöhbət olmaqla yanaşı, dinləmək mədəniyyətinə, çox şey öyrənmək həvəsinə malik olaraq arzularına yetmək naminə daim nəyisə ǝxz etmək, daha artıq nəyəsə nail olmaq üçün çalışır. Özü demişkən kiçik yaşlardan musiqiyə can atıb. Öyrənə - öyrənə gəlib və bu gün də öyrənməkdə və axtarışlardadır. Ağıllı, savadlı, dünyagörüşü zəngin insanlarla söhbətləşməkdən zövq alır. 2011 - ci ilin iyul ayında qarmonların hazırlanması və təmirilə məşğul olan ordubadlı usta Rəhmanın Bakıxanov qəsəbəsindəki emalatxanasında onunla rastlaşanda adımı çəkib, ayağa durub ədəb - ərkanla salamlaşanda öz adını Abbas deyə qeyd etdi. Üzünə diqqətlə baxdım, üz cizgiləri tanış gəlsə də xatırlaya bilmədim. O, mehribancasına dilləndi: "Əhsən müəllim, mən sizi çoxdan tanıyıram. İlk dəfə sizinlə Bakının "Gənclik" metrostansiyası yaxınlığındakı restoranda rastlaşmışıq. Qarmonçalan dostumuz, rəhmətlik Zahid Məmmədzadə həmin restoranda çalırdı. Siz onun yanına gəlmişdiniz. Zahid məni sizinlə tanış etdi. Çay içib şirin söhbət etdik". Onun dediklərini xatırladım. 20 ildən artıq vaxt ötmüşdü. Abbas 2-3 il öncə mənimlə Milli Konservatoriya tərkibində Musiqi Kollecində də qarşılaşdığımızı, məndən məsləhət almaq istəyi ilə gəldiyini yada saldı. Usta Rəhmanın emalatxanasında köklənən qarmonunu götürüb gedərkən bir - birimizə ev və mobil telefonlarımızın nömrələrini yazıb verdik. Həmin vaxtdan etibarən o, telefon vasitəsilə təmas tutur, nəvaziş göstərir, mənimlə görüşmək istədiyini, söhbətlərimə ehtiyacı olduğunu bildirirdi. Beləliklə, müəyyən məqam məsafələrində biz onunla görüşür, fikirlərimizi bölüşürük. Elə ilk anlardan onun mədəni davranışı, əxlaqi keyfiyyətləri, səmimiyyəti, sənətə və yaxşı sənətkarlara düzgün münasibəti məni özünə cəlb etdi. Onun sağlam sənət fikirlərini dinlədikcə, rəftarını, davranışını seyr etdikcə və səmimiyyətinə inandıqca daha bir ziyalı insanı və həqiqi sənət adamını kəşf etdim. Abbas Rafiq oğlu Abbasov 1962 - ci il sentyabrın 5 - də Füzuli şəhərində anadan olub. Bu ailǝdə dörd övlad yetişib. O, üçüncü övladdır. Rafiq Abbasov (1933 - 1999) işgüzar, bacarıqlı insan, yaxşı təşkilatçı və əsl ziyalı idi. Əvvəllər müəllim işləmiş, sonralar təhsildə və digər sahələrdə mühüm vəzifələrdə çalışmışdı. Rafiq Abbasovgilin əsli Sərdarlı kəndindəndir. Onun həyat yoldaşı Hacıyeva Şamayıl Əbülfət qızı ziyalı ailənin nümayəndəsi idi. O, öz işinin öhdəsindən bacarıqla gələn, rayonun səhiyyə sahəsində tanınan tibb bacısı olaraq özünə yüksək nüfuz qazanmışdı. Şamayıl xanımın atası Əbülfət müəllim Füzuli rayonunda yüksək vəzifələrdə çalışmışdı. Abbas 1969 – 1979 - cu illərdə Füzuli şəhərinin 1 saylı ümumtəhsil məktəbində oxuyub. Musiqiyə, qarmon sənətinə olan sonsuz həvəs onu 1972 - ci ildə Füzuli şəhər uşaq musiqi məktəbinə gətirib. 1977 - ci ilə qədər burada təhsil alan Abbas qarmon sənətinin ifaçılıq qaydalarını, ilk incəlikəri layiqincə öyrənə bilib. Ixtisas müəllimi Bəylər Əhmədov sevimli şagirdlərindən biri olan Abbasın aşıb - daşan sənət həvəsini və istedadını elə ilk məşğələlərdən hiss etmişdi. Odur ki, bu uşaqla daha ciddi və daha əhəmiyyətli məşğul olurdu. Abbas az keçməmiş musiqi məktəbinin ən bacarıqlı şagirdi kimi tanındı. O, artıq 2 - ci sinifdən musiqi məktəbinin x.ç.a. ansamblının qarmonçalanı idi. Müntəzəm məşqlər, açıq konsertlər, məktəb tədbirləri və bayram şənlikləri Abbası gələcəyin mahir qarmonçalanlarından biri kimi yetirməkdə idi. Ansamblın rəhbəri Bəhram Məmmədov hər konsertdə Abbasın sololarından istifadə edirdi. Abbas ixtisas müəllimi Bəylər Əhmədovun bütün tapşırıqlarını yerinə yetirir və evdə daim məşq edirdi. O, Bəylər müəllimin xatirəsini həmişə hörmətlə yad edir və ruhuna dualar oxuyur. Abbasla ilk tanışlığımızda o, Bəylər Əhmədovun böyük qarmon ustası, əsl sənətkar olması barədə ürək dolusu danışdı və belə bir musiqiçinin adının tarixdə yaşamasının labüd olduğunu dila gətirdi. Abbas kiçik yaşlarda sevimli müəlliminin onun kövrək barmaqlarını qarmonun dilləri üzərində necə ardıcıllıqla gəzdirməsini, aplikaturanı öyrətməsini səmimiyyətlə xatırlayarkən bir anlıq kövrəldi də. O, Bəylər müəllimin oğlu Rasimin mobil telefonuna zəng edərək, onu Bakıya çağırdı və mənimlə görüşdürdü. Rasim müəllimdən atası barədə müsahibə aldığım anda Abbas Abbasov o qədər sevinirdi ki... Əlbəttə, qarmon sənətimizin tarixinə aid hazırladığımız kitabda Bəylər Əhmədov haqqında məlumat veriləcəyi üçün iş görülərkən nə mən, nə də Abbas müəllim onun özü barədə də yazılacağını fikrimizə belə gətirməmişdik. Lakin sonrakı anlarda Abbas müəllimlə tez - tez görüşüb anlaşarkən, onun ziyalı, xeyirxah xislətini dərk edərkən, sənət mülahizələrini dinlərkən, ifaçılığını eşidərkən və tədrisdəki fəaliyyətilə tanış olarkən belə bir qarmonçalanımızın da ömür yolunu nurlandırmağa qərar verdim. Bu qərarda səhv etmədiyimi səmimi oxucularımız hiss edəcəklər. Düşünürəm ki, bu işdə Allahın izni oldu. Allahın buyurduğu bir işi biz necə yerinə yetirməyə bilərik ki? Əsas məqsədə qayıdaq. Musiqi vurğunu Abbas oxuduğu orta ümumtəhsil məktəbin özfəaliyyət ansamblında da çalırdı. O, məktəbin bütün bədii - kütləvi tədbirlərində fəallıq göstərirdi. Məktəb özfəaliyyət ansamblının rəhbəri məktəbin tərbiyə işləri üzrə direktor müavini Mehparə Quluyeva idi. Yuxarı siniflərdə oxuyarkən bu ansambla artıq Abbas özü rəhbərlik edirdi. Tez - tez təşkil olunan konsertlərdəki çıxışlar Abbas Abbasovu gələcək peşəkar sənətə hazırlayırdı. Burada bir həqiqəti də qeyd etməliyik ki, Rafiq müəllim oğlu Abbasın həmişəlik musiqiyə bağlanmasını, peşəkar sənətə qovuşmasını nəzərdə tutmamışdı. Ata, istedadı güclü olsa da, övladının eləcə musiqidən xiridar olmasını, cəmiyyət üçün hərtərəfli, geniş diapazonlu insan kimi yetişməsini istəmişdi. Rafiq Abbasov oğlunun başqa sahə üzə ali təhsil alıb çalışmasını, müəyyən mərtəbələrə çatmasını arzu etmişdi. Əslində o, öz tövsiyələrilə Abbası həmin istiqamətə yönləndirirdi. Lakin tale də öz rolunu oynamışdı. Abbas musiqidən ayrıla bilmirdi, qarmon ifaçılığına istiqamət götürmüşdü, bu yol onu ardınca çəkib aparırdı. Abbas orta məktəbin 8 - ci sinfində oxuyanda Füzuli şəhər mədəniyyət evinin x.ç.a. ansamblında çalırdı. Xeyli konsertlərdə çıxış etmişdi. O, burada əsl ansambl qarmonçalanı kimi yetişirdi. Abbas 14 - 15 yaşlardan artıq toylara da gedirdi. Toy dəstələrində özündən xeyli böyük musiqiçilər, xanəndələr onun ifasındakı işartıları duyur və Füzulidə daha bir uğurlu qarmonçalanın yetişdiyini görürdülər. Əlbəttə, gənc Abbas yaşlı, təcrübəli sənətkarların tövsiyələrindən da yararlanırdı. O, neçə illər ansambl tərkibində yaşadığı rayon ərazisində, qonşu rayonlarda saysız - hesabsız konsertlərdə olmuşdu. Abbas xanəndələri bacarıqla müşayiət edirdi. Abbasgilin evində mahir qarmon ifaçılarının lent yazıları, qrammafon valları toplanmışdı. Bunları o, özü əldə etmişdi. Gənc qarmonçu Aftandil İsrafilovun, Zakir Mirzəyevin, Aslan İlyasovun və Zahid Məmmədzadənin ifalarını dinləyirdi. O, radioda və televiziyada verilən konsertləri də müntəzəm izləyir, oradan çox şey öyrənirdi. Abbas uşaq vaxtı Füzuli toylarında Ərşad Ağayar oğlunu da dinləmişdi. Füzulidə özünü qarmonçalan kimi tanıdan Abbas ilk ǝvvəllər xanəndə Nizami Abdullayevlə (məşhur xanəndə olmuş Ağabala Abdullayevin oğlu), gitaraçalan Elbrus Sǝfərovla toylara gedirdi. Sonralar isə o, xanəndə Eyvaz İsgəndərovun dəstəsində çalışırdı. Bu toy ansamblı yalnız Füzuli ərazisində deyil, Masallıda, Lənkəranda, Ağcabədidə, Zǝngilanda, Qubadlıda, Şəkidə, Mingəçevirdə, Beyləqanda və Bakıda da toylarda çalıb - çağırırdı. Abbas Abbasov ən çox müğənni Asif Əliyevin dəstəsində çalışıb. O, rayon toylarında xalq mahnılarını, oyun havalarını, muğamları bacarıqla çalaraq hünər göstərir, məclislərin təlabatını tam ödəyirdi. Abbas müğənni Səlim Fərhadovla da səmimi yoldaşlıq edib və birlikdə el şənliklərində ad - san qazanıblar. Həmin müğənninin 1980 - ci ildə audio - kasseti çıxmış və geniş yayılmışdı. Onu müşayiət edən musiqiçilər arasında Abbas Abbasov da xüsusi məharət göstərmişdi. 2009 - cu ildə Abbas Abbasovun ifalarını özündə əks etdirən disk işıq üzü görüb. 1000 tirajla nəşr olunan bu disk ifaçının ilk böyük uğuru sayıla bilər. Abbas müəllifi mərhum sənətçimiz Zahid Məmmədzadənin "Turalı" rəqsini xüsusi şövqlə ifa edərək klip çəkdirib. Bir zamanlar "Space" telekanalında yayımlanan, sevimli aktyorumuz, xalq artisti, professor Yaşar Nurinin aparıcısı olduğu "Unudulmazlar" verilişində, 2009 - cu ilin yayında tamaşaçılar Abbas Abbasovun da yaradıcılıq yolu ilə tanış olmuş, ifasını dinləmişlər. Abbas "Xəzər" TV - nin "Ahəng" verilişinə də dəvət olunmuş və burada onun klipi də nümayiş etdirilmişdir. Hörmətli ifaçımız pedaqoji sahədə də çalışır. O, 1980 - ci ildən Füzuli şəhər Seyid Şuşinski adına 1 saylı uşaq musiqi məktəbinin qarmon sinfində dərs deməyə başlayıb. Bununla yanaşı Abbas Abbasov rayon müəllimlər evində fəaliyyət göstərən qarmon sinfinin də müəllimi olub, həm də bu mədəniyyət ocağının x.ç.a. ansamblında çalıb. Abbas müəllimin çalışdığı musiqi məktəbi 1993 - cü ildən köçkün təhsil ocağı kimi Bakıda mǝskunlaşıb. O, ona çox doğma olan bu təhsil müəssisəsində pedaqoji fəaliyyətini davam etməkdə və Bakı musiqi mühitinə qoşularaq ifaçılıq sahəsində çalışmaqdadır. Abbas Abbasov 1980 - ci ildə ailə qurub. Üç övladı var.
___________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 572 – 575.