Onunla XX əsrin 90 - cı illərində tanış olmuşuq. Məsələ belə olmuşdu. O, keçmiş illərdə hazırlanmış qarmona tonlar əlavə edərək hazırladığı aləti Bakıya, xalq musiqiçiləri toplaşan bağa satmağa gətiribmiş. Çoxları yaxınlaşıb alətə baxsalar da, çalıb tanış olsalar da, alan olmamışdı. Həmin illərdə ölkədə Qarabağ uğrunda döyüşlər getdiyi üçün ümumi maddi vəziyyət ağır idi. Odur ki, musiqiçilərin də alət almaq imkanı məhdudlaşmışdı. Haqqında mövzu başladığım Rəhman da aləti Bakıya satmağa gətirmişdi, geriyə aparmaq lüzumsuz idi. Dənizkənarı parkda onunla tanış olan, əslən gədəbəyli qarmonçalan Nofiq Şirinov Rəhmana gətirdiyi qarmonu mənə də göstərməyi tövsiyyə etmişdi. Nofiqlə Rəhman bizə gəlmişdilər. Mən onları ən əziz qonaq kimi qarşıladım. Rəhmanla yaxından tanış oldum. Gətirdiyi 1/4 tonlu qarmonu çalıb yoxladım, xoşuma gəldi. Sözün düzü çoxları kimi mənim də maddi durumum ürəkaçan deyildi. Lakin qapımıza gəlmiş belə mədəni, gülərüz, çöhrəsindən nur yağan həmkarımızın, həm də Azərbaycan qarmonlarının təmirinə, bərpasına və təkmilləşməsinə qoşulan bir ustanın gətirdiyi aləti yenidən özüylə geriyə, Naxçıvana aparmasını rəva bilmədim. Odur ki, evdəki olan - qalan pulumuzu, üstündə də əlavə dəyər olaraq məndəki qarmon tənəkələrini (planka) verib Rəhmanın gətirdyi aləti götürdüm. 2 - 3 ildən sonra həmin qarmonu tələbələrimdən biri gəlib apardı. 1 - 2 ildən sonra Rəhman yenidən Bakıya gələrkən bir də məni tapdı. Məndən xahiş etdi ki, məşhur qarmon ustası Velçev Valentinlə onu tanış edim. Mən onu Valentingilə apardım. Valentindən xahiş etdim ki, Rəhmanı maraqlandıran məsələləri izah etsin, öz təcrübəsinə əsasən bəzi işləri ona anlatsın. Valentinlə çox yaxşı münasibətdə olduğumuzdan o, sözümü yerə salmadı. Rǝhmanı maraqlandıran suallara cavab verdi, bəzi incə məsələləri izah etdi. Rəhman onun sözlərini, izahlarını diqqətlə dinləyirdi, kağız qələm çıxarıb qeydiyyat aparırdı. Hər ikimiz usta Valentinin evindən məmnunluqla çıxdıq. 1990 - cı illərin sonlarında Rəhmanın düzəldib hazırladığı qarmonları bəzi ifaçılarda gördüm. Bu alətlər arasında 4 tonlu olanlar da var idi. Qarmonlarla yaxın tanış olduqda ordubadlı Rəhmanın tam peşəkar usta kimi yetişməsi qərarına gəldim. Budur, artıq 2011 - ci ilin isti iyul ayında onunla yenidən görüşmüşəm. Bakının Bakıxanov qǝsəbəsində onun kirayələdiyi üçotaqlı mənzildə, otaqların birində yaratdığı emalatxanasında ǝyləşmişəm. Gördüyü işlərlə, düzəltdiyi qarmonlarla yaxından tanış oluram. O, öz təcrübələrindən danışır, bəzi maraqlı məlumatlar verir. Hazırladığı və özünün ifası üçün nəzərdə tutduğu 4 tonlu qarmonu çalıb mənə göstərir. Həmin qarmonu mən də ifa edirəm, məndə maraq oyadır. Rəhmanın ustalığı məni qane etdiyi üçün öz ifa qarmonumu, mənimlə 40 ildən artıq sənət yolu gələn alətimi onun kökləməsini rəva bilirəm. 2 - 3 gündən sonra Rəhmanın telefonuna cavab verərkən o, mənə deyir: - Əhsən müəllim, qarmonunuz hazırdır, bu alətin nə gözəl tembri var, buyurub gəlib apara bilərsiniz. Mahir qarmonçalan Manaf Rza ilə getdik. Hər birimiz qarmonu çalıb yoxladıqda xoşumuza gəldi. Alət təmiz köklənmişdi. Rəhman əvvəldən dediyi kimi, qarmonumu təmənnasız kökləmiş, mənə hədiyyə etmişdi. Mən ona dedim ki: "Rəhman bǝy, etdiyiniz hörmətə, mənə göstərdiyiniz qayğıya görə çox sağ olun. Lakin, "tərəzi bürcü" ndə anadan oldugum üçün, bu işin borcu boynumda qalır. Doğulduğum bürcə görə məndə hər şeyin öz hesabı var. Özümdən asılı olmayaraq bürcümün diqtəsilə heç kəsə borclu qala bilmirəm". Cavabında bunu eşitdim: "Əhsən müəllim, siz bürcünüzün hesabını çoxdan vermisiniz. Yadınızdadırsa, siz məni usta Valentin Velçevin evinə apardınız. Sizin xatirinizə, hörmətinizə o, bildiklərini məndən əsirgəmədi. Bilmədiklərimi, qarmonun bəzi sirlərini ondan soruşub öyrəndim. Onun evində apardığım qeydiyyatlar, qarmon düzəldilməsi işindəki incəliklər, xüsusilə alətin içindəki incə ölçülərə aid yazdıqlarım sonralar mənə çox lazım oldu. Valentingildə olarkən o, böyük ustaya da, sizə də minnətdar olmuşdum. İndi isə borcumdan çıxmaq istəyirəm". Sözün düzü bu əhvalat mənim yadımda deyildi. Rəhman bəy bunu xatırladarkən məmnunluq duydum. Sevindim ki, bu gün aşınma gedən cəmiyyətimizdə nə gözəl ki, yaxşılığı unutmayanlar, itirmək istəməyənlər var. Emalatxanasında əyləşərək ona bəzi suallar verib, məntiqli cavablar alıram. O, deyir: "Qarmon düzəldən bütün ustalar öz təcrübələrinə əsasən və ya indiyə qədər olan ustaların təcrübələrini əsas götürərək işləyirlər. Mən isə nəzəriyyəyə əsasən işləyirəm". Onun gördüyü işlərdən bir nümunəni misal gətirmək istəyirəm. Rəhman qarmonların qrifindəki yarımtonların altında olduğu kimi, ağ dillərin (klavişlərin) altında da nazik dəmirlərdən qəlib (çərçivə, yuva) düzəldib bərkidir. Bunun əvvəlki təcrübələrdən üstünlüyü odur ki, həmin dillər sonralar yerində oynamır, dillər qoşulmuş pəncələrin (lapki) bir - birinə ilişməsinn qarşısını alır. Rəhmanın düzəltdiyi tonlu qarmonlar da öz orijinallığı ilə fərqlənir. Rəhman Əsgər oğlu Hacıyev 1955 - ci il aprelin 11 - də, qoç bürcündə Ordubad rayonunun Unus (Kələkiyə bitişik) kəndində anadan olub. Onun babası Məşədi Molla Həsən dövrünün savadlı və nüfuzlu şəxslərindən sayılıb. O, Şam şəhərində ali ruhani məktəbi bitiribmiş. Tez - tez Orta Asiya ölkələrinə dini tədbirlərə dəvət olunarmış. Çox olurmuş ki, Unus kəndinə Səmərqənddən, Buxaradan, İranın Xorasan əyalətindən, Məşhəd və Qum şəhərlərindən on dəvə yükü nemətlər, kişmiş, xurma, cürbəcür meyvə quruları, ədviyyat və s. sovqat gəlirmiş. Məşhədi Molla Həsən gələn sovqatların hamısını kənd əhalisinə paylarmış, Onun atası bu kənddən H'cc ziyarətinə gedən ilk şəxs olub. Bu nəslin Hacıyev (əslində Hacılı) soyadını daşıması da ordan gəlir. Məşhədi Molla Həsən 1937 - ci ildə repressiyaya düçar olaraq Komi vilayətinə sürgün olunub. Onun son məktubu da Komidən gəlib. Ölümündən sonra ona da bəraət verilib. Rəhmanın atası Əsgər müəllim orta ixtisas təhsili almışdı. İbtidai siniflərdə dərs deyirdi. O, Azərbaycan xalq hərəkatının öncülü, Azərbaycan Xalq Cəbhəsinin rəhbəri, 1992 – 1993 - cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışmış, Türk dünyasının tanınmış simalarından biri Əbülfəz Elçibəyin də ibtidai sinif müəllimi olmuşdu. Əsgər Hacıyev (1918 - 1997) dini elmlərə də yiyələnmişdi. Bunlarla əlaqədar onun nüfuzu daha da artmışdı. O, həm də həvəskar musiqiçi idi. Əla səsi ilə sevilirdi. Yaxşı "Zabul - Segah" muğam - dǝstgahı oxumağı varmış. Bu muğamı məşhur xanəndə Ağabala Abdullayevin üsulu ilə oxuyarmış. Nağara çalmaq bacarığı olduğu üçün arabir toylara da gedərmiş. Əsgər Hacıyev Zeynəb xanımla ailə qurub. Onların mehriban ailəsində dörd oğul, üç qız boy atıb yetişib. Beşinci övlad Rəhmandır. O, 1962 – 1972 - ci illərdə kənd orta ümumtəhsil məktəbində oxuyub. Uşaqlıqdan musiqiyə maraq göstərib. Onun uşaqlıq xatirələrindən: "1965 – 1966 - cı illərdə kəndimizdə ilk dəfə olaraq elektrik xətləri çəkilirdi. Bu işlə məşğul olan dəstənin briqadiri Haqverdi və bütün briqada üzvləri bizim evdə qalırdılar. Onun 12 dilli diatonik qarmonu vardı. O, bu qarmonla çalğı öyrənmək istəyirdi. Mən də alətə tamaşa edib çalmaq istəyirdim. Haqverdi çox yaxşı adam idi. Sonralar bizimlə kirvə oldu. Haqverdigil kəndlərdə elektrikləşməni başa vurub, çıxıb getdilər. O, öz qamonunu bizdə qoydu. 10 yaşım vardı. Həmin qarmonu çalıb öyrənmǝyǝ başladım. İlk öyrəndiyim hava Məşədi İbad ("Darçını" rəqsi) oldu. 10 - cu sinfi bitirənə qədər bu yarımtonsuz qarmon mənim sevimli alətim oldu. İbrahim adlı sinif yoldaşım səkkizillik təhsili başa vurub, Bakıya gəlmişdi. Qarmonu evdə qalmışdı. Onun aləti xromatik idi. İbrahimgilin ailə üzvlərindən xahiş edib, o qarmonu götürüb məşq edirdim. 9 - cu, 10 - cu siniflərdə əsasən bu qarmonda çalırdım". Ordubad şəhərində iki qarmonçalan olub. Onlar Rəhmanın atasından yaşca böyük insanlar idilər. Toylara getməsələr də yaxşı çalırdılar. Hər ikisinin qarmonu usta Karpuşkinin düzəltdikləri idi. Doktor Abbasov və Seyid ocağından Mirhaşım ağa Ordubadın ilk qarmonçalanlarından sayılırdılar. Rəhman Hacıyev 1972 - ci ildə Bakıya gələrək Politexnik İnstituta daxil olur və burada cəmi iki ay təhsil alır. 1973 - cü ildə sənədlərini Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə verir və qəbul olur. 1978 - ci ildə buranı əla qiymətlərlə başa vurur. Onun xatirələrindən: "Instituta daxil olan kimi özümə Kazan musiqi alətləri istehsal edən fabrikin buraxdığı "İdel" adlı qarmon aldım və müntəzəm məşq etdim. Özümə yaxşı qarmon, sənətkar aləti almaq qərarına gəldim. 1975 - ci ildə Tula şəhərinə getdim və qarmon aldım. İnstitut illərində Ordubadın, Naxçıvanın kəndlərində toylara gedirdim. 1979 - cu ilin oktyabr ayında Kələki kəndində Əbülfəz Elçibəyin toyunda da mən çalmışam". Rəhman Hacıyev institutu bitirib təyinatla öz doğma kəndinə gedir və məktəbdə coğrafiya fənnindən dərs deyir. İki il burada çalışır. Vənənd kəndində uşaq musiqi məktəbi açıldığı üçün onu qarmon ixtisasından dərs demək üçün dəvət edirlər. Rəhman 1990 - cı ilə qədər musiqi məktəbində işləmişdir. Sonra isə Ordubad rayon mədəniyyət evində bədii rəhbər olmuşdur. Həm də oranın xalq çalğı alətləri ansamblında qarmon çalmışdır. O, rayonun mədəniyyət tədbirlərində, konsertlərdə çalmış, hətta Naxçıvan televiziyasında çıxış etmişdir. Televiziyada ifa etdiyi sololar maraqla qarşılanmış, onun geniş tamaşası kütləsi tərəfindən tanınmasına şərait yaratmışdır. Rəhman Hacıyev 1993 - cü ildə Naxçıvan televiziyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən baxış - müsabiqədə məşhur qarmonçalan Zakir Mirzənin "Gülnarə" rəqsini ifa edərək ikinci yeri tutmuşdur. O, ümumiyyətlə Naxçıvan bölgəsinin tanınan qarmonçalanlarından biri olmuşdur. 1994 -1998 - ci illərdə Rəhman Hacıyev o zamankı iqtisadi vəziyyətlə əlaqədar sənətdən uzaqlaşaraq ticarət işlərilə məşğul olmuşdur. Lakin sonra yenə sevimli peşəsinə qayıtmışdır. İfaçılıqdan başqa qarmonun təmiri və düzəldilməsilə məşğul olmasının səbəbini belə izah edir: "Vaxtilə Tula şəhərindən aldığım qarmon uğursuz alət çıxmışdı, tez - tez təmirə ehtiyac olurdu. Bakıya gəlmək məcburiyyətində qalırdım. O vaxtlar usta Velçev Valentin 8 - ci kilometr qəsəbəsində emalatxanada çalışırdı. Usta Vasili də onunla yanaşı işləyirdi. Qarmonumu Vasiliyə təmir elǝtdirirdim. Ustaların əllərinə diqqət yetirir, necə işləmələrinə tamaşa edirdim". Rəhmanın müşahidə və görüb - götürmək qabiliyyəti çox güclü olduğu üçün hər dəfə usta yanında olarkən nəsə öyrənib gedirmiş. Bu işdə onun əl qabiliyyətinin də mühüm əhəmiyyəti olmuşdur. Beləliklə onda qarmon düzəldilməsilə məşğul olmaq, usta olmaq meyli baş qaldırmışdır. Onun dediklərindən: "Eşitmişdim ki, Ağdamda Vaqif adlı qarmon ustası var. Onun yanına gəlib tanış oldum və qarmon ustası olmaq istədiyimi bildirdim. Vaqif ustadan ilk iş qaydalarını, müəyyən üsulları öyrəndim. Bir gecə orada qalıb usta Vaqifə bəzi suallar verib mənə lazım olan cavablar aldım". Rəhman Hacıyev mənimlə birlikdə Valentinin yanında olmasını bir daha xatırladı və sorğu vasitəsilə ustadan öyrəndiklərinin sonrakı mərhələdə onun işinə yaradığını dilə gətirdi. O, Bakıdakı mahir usta Rafiq Seyidovun evində də bir dəfə olmasını, onun gördüyü işlərlə tanışlığını xatırladı. Rəhman neçə illər ərzində bu işlərlə məşğul olmuş, təcrübə qazanmış və bu sənətə mükəmməl yiyələnmişdir. O, onu da qeyd etdi ki, qarmonun tənəkələrinin (tirlərinin, rusca - planka) üzərinə səslər (rusca - qolos) vurulmasını bakılı usta Arkadidən öyrənmişdir. Naxçıvanda ilk və yeganə qarmon hazırlayan, təmir edən usta Rəhman Hacıyevdir. O, 1998 - ci ildən başlayaraq hazırladığı qarmonları realizə etməyə başlamışdır. Onun qarmonları Güney Azərbaycanımızın Culfa, Xoy, Mǝrǝnd, Urmiya və Təbriz şəhərlərinə də satılmışdır. Milli musiqimizə, qarmon ifaçılığına həvəs göstərən soydaşlarımız usta Rəhmanın hazırladığı mükəmməl alətlərdən bəhrələnirlər. Rəhman vaxtilə Təbrizə gedər və oradakı ifaçıların qarmonlarını təmir edərdi. O, İran İslam Respublikasında yaşayan qarmon ifaçılarımıza 4 (çetvert) tonlu qarmonlar da vermişdir. Belə qarmonlardan biri də təbrizli Rəhim Şəhriyariyə çatmışdır. O, hazırda Tehranda yaşayır, qarmon ifaçılığı və bəstəkarlıqla məşğuldur. Rəhman Hacıyev XX əsrin 90 - cı illərində və sonralar Türkiyənin Naxçıvana yaxın olan İğdır şəhərinə toy şənliklərində çalmağa gedir, sənətə həvəs göstərənlərə qarmon aparırmış. Oralarda usta kimi tanınandan sonra nəinki İğdırdan, hətta Qars və Ərzurumdan da qarmon həvəskarları Rəhmanın yanına gəlib, düzəltdiyi alətləri alıb aparıblar. Bundan başqa oralardakı qarmon ifaçıları gəlib ustanı tapıb öz qarmonlarını təmir etdiriblər. İran ölkəsindəki soydaşlarımızın bəziləri Rəhmanın hazırladığı milli qarmonlarımızı alıb aparıb Kanada, Hollandiya və digər ölkələrdə yaşayan azəri türklərinə hədiyyə edirlər. Rəhman Hacıyev 2005 - ci ildən Bakıda kirayə etdiyi mənzildə tam sərbəst və tam peşəkar qarmon ustası kimi çalışır. Bu alətə aid bütün işləri mükəmməl yerinə yetirir. Ona ən çox qarmonun körüyünü düzəltdirmək üçün müraciət edirdilər. Hazırda isə yüksək səviyyəli alətlər hazırlayır. Artıq ölkəmizin bütün bölgələrindən, İran ölkəsindən onun yanına gəlir ya öz qarmonlarını təmir etdirir və yaxud da yeni alətlər sifariş verirlər. Onun düzəltdiyi qarmonların sayı - hesabı yoxdur. Bu alətlər çox yerə yayılıb. Ustanın əlindən çıxan qarmonlar yerdə qalmır, tez də öz alıcısını tapır. Yaponiyanın istehsalı olan "Korq" elektro - kamerton (rəqəmsal, digital cihaz) vasitəsilə qarmon köklənməsini də ilk dəfə usta Rəhman yerinə yetirib. Bu cihazı İranda yaşayan soydaşlarımızdan biri gətirmişdi. İndi bütün ustalarımız bu cihazla işləməyi üstün tuturlar. Rəhman 1991 - ci ildə Tatarıstan Respublikasının Kazan şəhərində musiqi alətləri istehsal edən fabrikdə olmasını danışdı: "İrandan tez - tez gəlib alət alıb aparmaq istəyirdilər. Ehtiyat hissələr tükəndiyi üçün Kazana getdim. Fabrikdə oldum və fikrimi, məqsədimi bildirdim. Usta olduğumu bilib nəvazişlə yanaşdılar. Lakin onu bildirdilər ki, alət almaq istəsən bu fərdi qaydada mümkün deyil, bu respublikalararası əlaqə, müqavilə vasitəsilə və pul köçürmə yolu ilə ola bilər. Dedim ki, ehtiyat hissələr, lazım olan material almaq istəyirəm. Bunun da baş tutmayacağı aydınlaşdı. Sex rəisindən məni fabrik direktoru ilə görüşdürməsini xahiş etdim. Direktorla görüşərkən dedim ki, bizim respublika üçün istehsal etdiyiniz alətlər yararsız və keyfiyyətsizdir. O, hirsləndi və əzib - coşdu. Soruşdu ki, bunu nə ilə əsaslandıra bilərsən? Fikirlərimi bir - bir izah etdim. O, masasının üstündəki elektron düymələri bir - bir basıb, sex rəislərini, bütün mühəndis - texniki heyəti öz iş otağına topladı. Mənim iradlarımı onlara bildirdi. Sorğu - suallar başladı. Məni rahatsız edən fikirlərimi bildirdim və "Kazan" qarmonlarda olan kəm - kəsirləri sübut etdim. Onlar da diqqətlə dinlədilər. Dedilər ki, burada müzakirə olunanlar nəzərə alınacaq. Direktor mənə təşəkkür etdi və tapşırdı ki, mənə qarmon üçün istədiyim ehtiyat hissələr və lazım olan material verilsin. Kazan şəhərindən yükü dolu gəldim". Usta Rəhman artıq neçə illərdir ki, həyatını, arzusunu, istəyini, sevgisini sənətinə verib. O, milli musiqimizə sədaqətlə xidmət edənlərdən biridir. Rəhman çalışır ki, düzəltdiyi qarmonlar milli çalarlı, peşəkar və rahat olsun ki, ifaçılar onlardan yaxşı yararlana bilib yüksək sənət göstərsinlər. O, Azərbaycan qarmonlarının daha mükəmməl olması və düzgün təkmilləşməsi üçün var gücünü sərf edir. Usta Rəhman məşğul olduğu sənət vasitəsilə çox yaxşı dolanır. Emalatxanasında olarkən, o, düzəltdiyi qarmonlarla məni tanış edərkən dəfələrlə alətləri götürüb ifa etdi. İfalar xoşuma gəldi, qəlbimə yatdı. Bu əsl azərbaycan qarmonu çalğısına yaraşan üslub idi. O, 2004 - cü ilə qədər ifaçılıqla da məşğul olmuş, Naxçıvan ərazisində toylara getmişdir. Usta Rəhmanın emalatxanasında bir maraqlı qarmon da gördüm. Bu onun öz kiçik yaşlı nəvəsi üçün düzəltdiyi ən balaca qarmon idi. Kazan qarmonun dilçəklərindən düzəldilən bu bir oktavalı alətin xarici görünüşü peşəkar Azərbaycan qarmonuna bənzəyir. Öz - özümə fikir etdim ustalarımız azyaşlı, istedadlı uşaqlarımız üçün bu biçimdə qarmonlar hazırlasaydılar nə yaxşı olardı. Axı, buna böyük ehtiyac və təlǝbat var. Belə kiçik həcmli qarmonları nəinki azyaşlı oğlanlar, hətta 5 - 7 yaşlı qızlar da çala bilərlər. Rəhman Əsgər oğlu Hacıyev 1979 - cu ildə ailə qurub. İki qızı, iki oğlu və iki nəvəsi var.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 471 – 475.