Musa Yusif oğlu Həsənov 1934 - cü il sentyabrın 3 - də Bakının Çəmbərəkənd mənəlləsində anadan olub. 1960 – 1970 - ci illərdə qarmon sənətinə gələnlərin əksəriyyəti Musa Həsənovu tanıyırdı. Onu Əhməd Bakıxanovun x.ç.a. ansamblının tərkibində tez - tez televiziya ekranlarında görürdük. O, bu məşhur ansamblda 1950 - ci illərin ikinci yarısından 1970 - ci illərin birinci yarısına qədər çalışmışdır. O dövrdəki konsertlərin televiziya çəkilişlərində də onu görmək mümkündür. "Şur" televiziya filmində də Ə. Bakıxanovun idarəsilə ansamblın tərkibində qarmonçalan Musadır, muğamın şöbələrindən birini ifa edir. M. Həsənov fasilələrlə İ.Əbilov adına mədəniyyət evinin qarmon sinfində dərs demiş, bütün dövrlərdə öz mənzilində qarmon çalmağı öyrənmək istəyənləri hazırlamışdır. Yetirmələri çoxdur. Bu sırada Firuz Eyvazov, Valeh Rəhimov, Elxan Rəhimov, Səkinə İsmayılova (haz.x.a., müğənni), Etibar Qasımbəyli, Pənah İçərişəhərli və b. qeyd edə bilərik. Özü isə yeniyetmə və gənclik illərində ustad qarmonçalan Məmmədağa Ağayevdən dərs almışdır. Musa müəllim Neft və Kimya Institutunu bitirmiş və Elmi Tədqiqat İnstitutunda elmi işçi olmuşdur. Moskvanın "Melodiya" firmasının Tbilisi filialı 1975 - ci lidə M. Həsənovun ifasını qrammafon valına yazaraq yaymışdır. O, valda "Zabul" muğamını, "Tərəkəmə" oyun havasını, Ş. Axundovanın "Təbriz" rəqsini ifa etmişdir. M. Həsənov 1975 - 1985 ci illər arasında xalq artisti, ustad tarzən B.Mansurovun rəhbərliyilə x.ç.a. ansamblının tərkibində "Melodiya" firması tərəfindən müğənnilərimizin səsinin vallara yazılmasında müşayiətçi olmuşdur. O, 1993 - ci ildə Dövlət Mahnı və Rəqs ansamblında çalmışdır. Musa müəllim Sovetlər Birliyi dağılandan sonra 1994 - cü ilə qədər Türkiyəyə, sonralar isə 2012 - ci ilə qədər İranın Tehran şəhərinə səfərlər etmişdir. Tehranda musiqi məktəbində və evlərdə qarmon sənətindən dərs demişdir. Bu ölkənin radiosu qarmonçalanın ifasında Azərbaycan xalq rəqslərini fonda almış və səsləndirmişdir. Hətta bu melodiyalar Amerikaya göndərilmişdir. Musa müəllim Tehranda diskə yazdırdığı xalq havalarımızın bəzilərini Azərbaycan milli radiosuna da təqdim etmişdir.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 368.