Kamrabəyim (Kəmiləbəyim) Həsən qızı Hüseynova 1900 - cü ildə sözlü - nəğməli, füsünkar təbiətli, Azərbaycana dahilər bəxş edən Şuşada dünyaya gəlib. Elmin, maarifiin, mədəniyyətin, musiqinin beşiyi olan bu şəhərdə vaxtilə ən peşəkar musiqiçilər, xanəndələr yetişmişdir. Güney Qafqazın Konservatoriyası sayılan Şuşa Azərbaycana Üzeyir bəy, Bülbül, Ə.B.Haqverdiyev, Natəvan, Y.V.Çəmənzǝminli, S.Şuşinski, Xan əmi və onlarca dühalar verib. Kamrabəyim gözəl xanəndə və qarmonçalan idi. Musiqi təhsilini evdə fərdi qaydada almışdı. Pionino, tar, qarmon çalmağı uşaqlıqdan öyrənmişdi. Gur və məlahətli səsə malik olan xanəndə kimi klassik muğam və mahnıları xüsusi bir şövqlə çalıb - oxumuş, xırdalıqları, gəzişmələri, bədii ifaçılıq məharəti, texniki ustalığı, sənətkarlıq qabiliyyəti ilə başqalarından seçilmişdir. "Rast", "Segah", "Cahargah", "Heratı", "Səmayi - şəms", "Qarabağ şikəstəsi" kimi muğamlar oxumasında, "Vağzalı", "Mirzəyi", "İnnabı", "Tǝrəkəmə", "Uzun dərə", kimi milli rəqs havaları onun qarmon ifasında olduqca orjinal səslənirdi. Kamrabəyim XX əsrin 20 - ci illərində Ağdamda qadınlar klubunun təşkilində fəal iştirak etmişdir. 1930 - cu ildə bəstəkar Zülfüqar Hacıbəyov onu Bakıya dəvət etmiş, filormoniyada, mədəniyyət evlərində, fəhlə klublarında, müxtəlif konsert salonlarında, bir çox rayonlarda çıxışlarını təşkil etmişdir. Az müddətdə o, öz ifaçılığı ilə bütün respublikada məşhurlaşmışdır. Ümumiyyətlə bu ifaçı sənətkar, xüsusilə, Şuşada və Ağdamda o dövrdə keçirilən Şərq konsertlərində, ədəbi - bədii gecələrdə, teatr tamaşalarında fəal iştirak etmiş, Qarabağın və bütünlüklə respublikanın mədəni həyatının inkişafında mühüm rol oynamışdır. 1944 - cu ildə Kamrabəyim Xan Şuşinski ilə birlikdə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının incəsənət olimpiadasında iştirak etmiş, Zaqafqaziya Mərkəzi İcariyyə Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. Qarabağda Kamrabəyimin qarmon ifaçılığının incəliyi və təsirindən həvəslənib bu sənətə gǝlənlər çox olmuşdur. F.Şuşinskinin "Azərbaycan xalq musiqiçiləri" kitabının 231 - ci səhifəsində oxuyuruq: "Azərbaycanın əməkdar artisti Mürşid Haşımlı "Namuslu qız" tamaşasının Şuşada ilk tamaşasını belə xatırlayır: (Qeyd: - Bu operettanı Gəncədə yaşayan Məşədi Cəmil Əmirov 1923 - cü ildə yazmış və həmin ildə də Gəncədə tamaşaya qoyulmuşdur) "1924 - ilin yaynda Zülfüqar Hacıbəyov ailəsi ilə Şuşaya dincəlməyə gəlmişdi. O,Şuşanın səhnə həvəskarlarını ətrafına toplayıb bir tamaşa oynamağı məsləhət gördü. Qərara alındı ki, "Aşıq Qərib"i oynayaq. Lakin bu tamaşa üçün qız tapa bilmirdik. Çox axtarışdan sonra qarmonçalan - xanəndə Kamrabəyimi tapdıq və "Aşıq Qərib" tamaşasını göstərdik". Kamrabǝyim el xanəndəsi olmaqla bərabər opera tamaşalarında da çıxış etmişdi. Kamrabəyimin yaxşı ailəsi olmuş, dörd oğul böyütmüşdür. Ramiz, Fəxri, Sabir və Nadir. Fəxri anasından qarmon çalmağı öyrənmiş və Qarabağ məclislərində bacarıqlı sənətçi kimi tanınmışdır. Ağcabədidə yaşamış, sənət fəaliyyətini orda davam etdirmişdir. Layiqli sənət ömrü yaşamış Kəmiləbəyim Hüseynova 1964 - cü ildə Bakıda dünyasını dəyişmişdir.
_____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 68.