Mən Manafın yaxşı qarmon ifaçısı olması barədə tay - tuşlarım olan toy musiqiçilərindən, tar, gitara ifaçısı Xeybər Bağırovdan (1950 - 2008), klarnetçalan Fikrət Əliyevdən və nağaraçı Zaur Dadaşovdan çox eşitmişdim. 1990 - cı illərin sonlarında isə mən bu ifaçını dəfələrlə dinlədim və yaxından gördüm. Bu o zamanlara təsadüf edir ki, artıq mən toy məclislərinə aparıcı (idarə edən, masabəyi) kimi dəvət olunurdum. O, öz toy ansamblı ilə Bakının Bakıxanov qəsəbəsindəki "Badu - Kubə" şadlıq sarayında işləyirdi. Orada səviyyəli məclislər olanda inzibatçılar məni dəvət etmək məcburiyyətində qalırdılar. İdarə etdiyim toylarda Manafın necə peşəkar sənət göstərməsinin şahidi olurdum. Onun dəstəsinin klarnetçalanı Ramiz Ağayarov, nağaraçısı Eldəniz Hacıağayev, qoşanağaraçalanı Hamlet Hacımirzəyev, sintezator ifaçısı Səfər və ya Natiq olardı. Manaf bu heyətlə elə çıxış edirdi ki, sanki böyük bir orkestr çalır. Mən onun ifasında belə bir keyfiyyət də hiss etdim ki, xalq artisti Avtandil İsrafilov və digər bir neçə qarmonçalanlarda olduğu kimi onun da ifası samballı alınır, dolu səslənir. Bəzən solo ifalar göstərəndə də onun ifası zəngin və dolu alınırdı. Manaf Vǝrqa oğlu Rzayev 1958 - ci il yanvar ayının 17 - də Bakıda anadan olub. Vǝrqa Rzayev Naxçıvanın Şərur rayonundandır. Əslən Güney Azərbaycanın Təbriz şəhərindəndirlər. O, 1944 - cü ildə Şərurdan Bakıya gəlib, təmir - tikinti idarəsində qaynaqçı işləyib. Vərqa kişi 1946 - cı ildə Şəfiqə xanımla ailə qurub. Şəfiqə xanım əslən Bakının Bibiheybət kəndindən idi. Qurulan mehriban və zəhmətkeş ailədə dörd qız və iki oğul boy atıb. Manaf beşinci övladdır. Onların ana tərəfdən məşhur qarmon ifaçısı Aftandil İsrafilovgilə qohumluğu çatır. Şəfiqə xanım Aftandilin anası ilə əmiqızı idi. Manaf 1965 - ci ildə Razin (hazırda Bakıxanov) qəsəbəsindəki 169 saylı ümumtəhsil məktəbin 1 - ci sinfinə daxil olub, sonra təhsili 80 saylı məktəbdə davam edib və buranı 1975 - ci ildə bitirib. 5 yaşı olarkən onun istedadı bəlli olub. Valideynlər bunu duyub, ona kiçik həcmli qarmonlar, akkordeonlar alırdılar. Belə alətlər o zamanlar Rusiyanın bir neçə şəhərindəki musiqi alətləri istehsal edən fabriklərdə hazırlanırdı. Onu da qeyd etməliyəm ki, bu cür kiçik həcmli alətlər o dövrdə istedadlı, balaca uşaqlarımızın karına gəlirdi. Ata - ana Manafın 8 yaşı olarkən onu müəllim yanına aparmaq qərarına gəlirlər. Tar, klarnet və qarmon sənətindən dərs deyən Bağır Bağırov (1940 - 2002) onlarla qonşu idi. O, Sabunçu qəsəbəsindəki mədəniyyət sarayının musiqi kurslarında dərs deməkdən əlavə, öz mənzilində də şagirdlər hazırlayırdı. Beləliklə Manafa "Kazan" markalı qarmon alınır və o, iki il Bağır müəllimin mənzilində fərdi qaydada dərs alır. Sonra isə o, Bağır Bağırovun Sabunçudakı mədəniyyət sarayında işlədiyi qarmon sinifində öz müəlliminin şagirdi olur. Bu 1970 - ci ilə qədər davam edir. Həmin ildə isə valideynlər onu Bakıxanov qəsəbəsindəki 4 saylı uşaq musiqi məktəbinə gətirirlər. Rəhbərlik onun istedadını, çalğı bacarığını görüb ikinci sinfə qəbul edir. Sonrakı davamiyyət daha yüksək olduğu üçün Manaf Rzayev 5 illik musiqi təhsili 3 ilə bitirir. Burada onun ixtisas müəllimi Hacıağa Məhərrəmov (1933 - 1994) idi. (Bax, Əhsən Rəhmanlı "Azərbaycanda klarnet ifaçılığı sənəti". Bakı, "Min Bir Mahnı" nəşriyyatı - 2011, səh. 288 - 294). Həvəs Manaf Rzayevi Bakıxanov qəsəbəsindəki mədəniyyət sarayının (hazırda Adil İsgəndərov adına) "Mahur" özfəaliyyət x.ç.a. ansamblına da gətirmişdi. O, 1973 – 1976 - cı illərdə bu ansamblın bütün məşqlərində və konsertlərində fəallıq göstərir, durmadan inkişaf edirdi. Manaf həm də təhsil aldığı 80 saylı ümumtəhsil məktəbin özfəaliyyət ansamblının və rəqs qrupunun qarmonçalanı idi. Yaşadığı qəsəbənin stadionunda (hazırda İsmət Qayıbov adına) may bayramları ilə bağlı keçirilən möhtəşəm tədbirlərdə çalırdı. O, rəqs ansamblını yüksək bacarıqla müşayiət edirdi. Çalmaqdan yorulmayan, məşqlərdən usanmayan bu çalışqan gənc evdə də dinc durmur, öz üzərində çalışırdı. Qarmon onun həmdəmi, sirdaşı və dostu idi. Manaf təhsil almaq barədə də düşünürdü. Odur ki, 1975 -ci ildə M.Ə.Sabir adına Pedaqoji Texnikuma daxil oldu. Onun oxuduğu şöbə orta ümumtəhsil məktəblər üçün musiqi müəllimləri hazırlayırdı. Manafa qarmon sənəti üzrə də dərs keçirdilər. İxtisas müəllimi Kamil Əlibala oğlu bu gəncin gələcəkdə tam peşəkar qarmonçalan olacağını əminliklə söyləyirdi. Texnikumda təhsil alarkən Manaf bəzi musiqiçilərin diqqətini cəlb etmişdi. Onu özlərilə toylara aparırdılar. O, əsgərliyə gedənə qədər məşhur musiqiçilərdən, klarnetçalanlar Zabit Əfəndi (Məmmədov), Molodoy Rafiq, Vəli Qədimov, Rəcail, nağara ifaçıları Ağasüleyman İmanov, Çingiz Mehdiyev, xanəndə Məmmədəli Sail (Əliyev) və digərlərilə toylarda çalırdı. Yaşının az olmasına baxmayaraq, sənətdə özünü göstərə bilirdi və yaşlı, səriştəli, böyük musiqiçiləri qane edirdi. Manaf Rzayev 1977 – 1979 - cu illərdə Gürcüstan SSR - nin Batumi şəhərində Sovet ordusunda hərbi xidmət keçib. Orada o, əsgər yoldaşlarından ibarət özfəaliyyət dərnəyi düzəldib. Manaf piano çalırmış. Onun yaratdığı özfəaliyyət ansamblı hərbi hissələrdə konsertlər verirdi. Əsgərlikdən qayıdan Manaf texnikumda təhsilini davam etdirmiş və buranı 1980 - ci ildə başa vurmuşdur. Həmin ildə ilk iş yeri Azərbaycan Korlar Cəmiyyətinin x.ç.a. orkestrı olmuşdur. Orkestrin bədii rəhbəri, tanınmış bəstəkar İsrail Kərimov bu gəncin çalğısını, qabiliyyətini bəyənərək, işə qəbul etmişdi. Musiqi kollektivinin konsertmeysteri mahir kaman ifaçısı Ədalət Vəzirov (1951 - 2003) idi. Manaf Rza həmin orkestrdə 6 ay çalışıb. Onun sonrakı əmək fəaliyyəti Binə qəsəbəsində yerləşən 24 saylı uşaq musiqi məktəbi ilə bağlıdır. O, 1981 - ci ildən 1989 - cu ilə qədər adı çəkilən musiqi tǝdrisi ocağında qarmon sinfinin müəllimi olmuşdur. Manaf müəllim burada istedadlı uşaqlardan qarmon ifaçıları yetişdirmişdir. Binə qəsəbəsində çalışarkən o, bir sənətkar kimi el arasında da yaxşı tanınmış, musiqiçilərlə əlaqə qurmuş və 1981 - ci ildən 1995 - ci ilə qədər orada keçirilən toyların carçısına çevrilmişdir. Binədə yaşayan, 24 saylı uşaq musiqi məktəbində klarnet ixtisasından dərs deyən çox istedadlı musiqiçi, gözəl xasiyyətli, saf əqidəli, əli düz, sözü düz, səxavətli insan Vaqif Məmmədovla Manafın səmimi dostluğu olmuşdur. Manaf Vaqifin toy ansamblının əsas qarmonçalanı idi. (Əziz oxucu! Vaqif Məmmədovun həyat və sənət fəaliyyəti ilə tanış olmaq istəsəniz, adı çəkilən kitaba nəzər yetirə bilərsiniz. Bax. Əhsən Rəhmanlı, "Azərbaycanda klarnet ifaçılığı sənəti". 2011. səh. 472 - 481) Vaqif və Manafın toy ansamblında nağaraçalan Eldəniz Hacıağayev, gitaraçalanı Xeybǝr Bağırov, ionika ifaçısı Əliövsət Piriyev, qoşanağaraçı Sərdar və ya Hamlet Hacımirzəyev, xanəndələrdən Vahid Abdullayev, Səfər Məmmədov, Səfa Qəhrəmanov, Vilayət İbrahimov, Sabir Mirzəyev, Xəqani Bərdəli, Məsum İbrahimov, Tacir Şahmalıoğlu, Nadir Bayramlı, Kəmalə Rəhimli, Xeyransa Məmmədova, Ruhəngiz Musəvi və digərləri olurdu. Manaf Rza 1989 - cu ilin sentyabr ayından vaxtilə özü təhsil aldığı 4 saylı uşaq musiqi məktəbinin qarmon sinfində pedaqoji fəaliyyətini davam etdirib və 1999 - cu ilə qədər burada çalışıb. İlk dəfə onun Az.TV - də çıxışı 1980 - ci il may ayının 2 - nə təsadüf edir. Özünü doğruldan bu ifaçını o zamanlar yayımlanan "Səhər görüşləri" nin rejissoru Məhərrəm Bədirzadə dəfələrlə çəkdiyi verilişlərə dəvət etmişdir. Manaf öz kiçik qrupu ilə səhnəciklərin musiqilərini ifa edib. Həmin ərəfədə o, "Kolxoz" və "Günay" rəqs melodiyalarını Azərbaycan radiosunun fonduna yazdırıb. Bu ifalarda zəngin qarmon çalarları və həqiqi peşəkarlıq vardır. Qismət belə gətirib ki, Manaf 1993 - cü ildə Azərbaycan Kinostudiyasının istehsalı olan "Yuxu" filmindəki toy səhnəsində öz dəstəsilə çəkilib. Manaf Rza 1995 - ci ildə Az.TV - nin Teleteatr məkanında keçirilən Novruz bayramı şənliyinə dəvət olunmuş və sənətkar orada "Kolxoz" rəqsilə tamaşaçılarımızı sevindirmişdir. Manaf Az.TV - 2 də "Günay" rəqsini də ǝla çalmışdır. Həmin verilişin rejissoru Samir Əsgǝrxanov idi. Televiziya çıxışları ilə daha geniş şəkildə tanınan qarmon ifaçımız 1997 - ci ildə Az.TV - də "Karnaval" adlanan əsəri (əslində isə Braziliya rəqsi "Tiko - Tiko") elə bacarıqla çalmışdı ki, artıq musiqi ictimaiyyəti də onunla maraqlanmağa başlamışdı. Bu əsər Braziliyanın milli ritmində bəstələnib. Oranın ifaçıları əsərin bəstələndiyi kimi bir ritmdə, bir tonallıqda ifa edirlər. Manaf isə öz peşəkarlığından, yüksək çalğı manerasından istifadə edərək adı qeyd olunan melodiyanı "modulyasiya" (intiqal - Ə.R.) yolu ilə müxtəlif tonallıqlarda ifa edir. "Karnaval" bizim "Bayatı - Şiraz" muğamına oxşar lad əsasında yazılıb. Manaf isə ustalıqla "Mahur" muğamı əsasında olan tonallığa da keçərək həmin melodiyanı daha da zənginləşdirmiş və ahəngdar etmişdir. Manafın bu uğurlu ifası televiziyanın səhər proqramlarının birində səslənmişdi. Rejissor Natiq Ağayev idi. İfaçının bu çıxışını seyr edən tamaşaçılar, musiqiçilər onu təbrik etmiş və bəyəndiklərini söyləmişdilər. Manafı dinləyirəm: "Bu çıxışımdan sonra tanınan bəzi sənətçilǝr və hətta Aftandil İsrafilov mənimlə maraqlanmışdı. Bu çıxış mənə uğurlar, hörmət gətirdi, daha yaxşı tanınmağa başladım, televiziya verilişlərinə dəvətlər oldu, adıma gələn toylar çoxaldı. Bu mənimçün əsl reklam oldu". Manaf Rzanın televiziyadakı həmin çıxışını 2002 - ci ilə qədər efirə verirdilər. O, artıq 1999 - cu ildən Almaniyanın Berlin şəhərinin Qərb hissəsində yaşayırdı. 2001 - ci ildə Berlinə konsertə gələn qrupun tərkibində tarzən Möhlət Müslümov, kaman ifaçısı Fəxrəddin Dadaşov, müğənnilər: Mənsum Ibrahimov, Mələkxanım Əyyubova və Aygün Bayramova var idi. Manaf onlarla rastlaşmışdı, gəlişlərinə çox sevincək olmuşdu. Sənətçilərimizi Almaniyada yaşayan Əbdül adlı türk gətirmişdi. Manafı görən kimi Mənsum Ibrahimov onu təbrik edərək demişdi ki, bu günlərdə televiziyada sənin çıxışını verdilər. Qarşı tərəf isə bildirmişdi ki, o artıq 1 il yarımdır Almaniyada yaşayır. Manaf Rza qastrola gələn sənət adamlarımıza bacardığı qədər kömək etmək istəmişdi ki, onlar vətənə pul - para ilə qayıtsınlar. Misal olaraq aşağıdakıları qeyd edə bilərik. Həmən ərəfədə Türkiyənin tanınan müğənnilərindən biri Azər Bülbül də Berlində konsert verməyə gəlmişdi. O, həm də öz səsini burada disklərə yazdırıb yayacaqdı. Onun səsi Berlində yaşayan azəri türkü, əslən İğdırdan olan Saim Çakarın şəxsi studiyasında yazılırdı. Müğənnini qarmonda Manaf Rza, klarnetdə Hanover şəhərində yaşayan, Bakıdan ora köçmüş Samir, sintezatorda Rəsul Bǝrxu müşayiət edirdi. Tar - kaman ifaçılarına ehtiyac vardı. Fürsətdən istifadə edən Manaf Berlinə gəlmiş, hazırda xalq artistləri olan tarzən Möhlət Müslümovu və kamanzən Fəxrəddin Dadaşovu studiyaya aparmışdı. Beləliklə həm lent yazıları zəngin olmuş, həm də Bakıdan gedən ifaçılarımıza yaxşı pul ödənmişdi. Manaf Rza 1999 - cu ildə ailəsilə Almaniyaya köçüb. Oraya o, Saimin dəvətilə gedib. Manafgil 2005 - ci ilə qədər Berlində yaşayıblar, yüksək səviyyəli həyat tərzi ilə qarşılaşıb, mədəni və inkişaf etmiş cəmiyyətdə ömür ediblər. Manaf orada da sənətə biganə qalmayıb. Güney və Quzey Azərbaycandan oraya köçənlərdən ibarət "Araz" instrumental ansambl yaradaraq, soydaşlarımızın, Anadolu türklərinin təntənəli günlərində, toy - büsatlarında çalıb - çağırıb. Onun qrupu reklam afişaları nəşr etdirərək, Almaniyada konsertlər verməyə də nail olmuş və Azərbaycan musiqisini təbliğ etmişdir. Manaf Rzanın "Araz" musiqi qrupunda bakılı Ramiz Ağayarov klarnet, güneyli Şəhram tar, qarabağlı Yavər nağara çalırdı. Bu qrupda bakılı Zaur Hacımirzəyev də nağaraçı olmuşdu. Sonra o, Bakıya qayıtmışdı. Ansamblın müğənnisi Almaniya vətəndaşlığına nail olmuş, əslən Quzey Azərbaycanın Təbriz şəhərindən Nazir Səhǝnd idi. Bu ansambl ilk əvvəllər çətinlik çəksə də, sonralar toylarda və konsertlərdə çıxış etməyə nail olmuşdu. Manafın xatırladıqlarından: "Əsasən İğdırlı azəri türklərinin toylarında çalırdıq. Berlinin şadlıq evlərində cümə günü xınayaxdıda, şənbə günü isə toyda çalırdıq. Beləliklə, ayda 4 dəfə belə məclislərdə çıxış edirdik. Erkən gənclik illərindən köçüb, Berlindǝ yaşayan, əslən İğdırdan olan azəri türkü Dönməz öz həmyerliləri arasında yaxşı tanınmışdı. İğdır türkləri toy - düyünlərinə onu dəvət edirdilər. O da kiçik qrup düzəldib, dəvət olunduğu tədbirlərə gedirdi. Toylar Berlinin şadlıq salonlarında (türklərin təbirincə "Düyün evi", "Düyün salonu") keçirilirdi. Dönməzin qrupundan başqa toylarda "Düyün sarayı" nın türklərdən ibarət qrupları da çalırdılar. Toy ərzində iki dəfə türk qrupu, iki dəfə də bizim azəri qrupu ("Araz" adlandırdığım qrup) çıxış edirdi. İran azərilərinin toyunda bizim qrup "Araz", İğdır azəri türklərinin toyunda isə "Azəri" adıyla təqdim olunurdu. Toy bazar günü idisə, şənbə günü iğdırlılar mütləq xınayaxdı mərasimi keçirirdilər. Məclisə yalnız kişilər dəvət olunurdu. Xınayaxdı çox da böyük olmayan kafelərdə keçirilirdi. Burada musiqiyə də yer verilirdi. İki nəfər, qarmonçu və nağaraçı və yaxud qarmonçu və sintezator ifaçısı məclisin musiqiçisi olurdu. Burada musiqiçilər üçün toydakından da çox pul yığılırdı. Mərasim çox şən keçirdi. Cürbəcür xalq oyunlarına yer verilir, bəzi xalq mahnılarımız xorla oxunurdu. Axşam saat 19 : 00 - da və ya 20 : 00 - da başlanan mərasim 23 : 00 və ya 24 : 00 - a qədər çəkirdi. Bəzən həmən saatda musiqini bitirib, özləri əyləşib, məclisi davam edərdilər. İğdırlıların toy - düyünündə məxsusi olaraq mütləq öz musiqilərindən istifadə olunurdu. "İğdırbari" adlanan musiqi ilə başlanan rəqslər davam edirdi. ("Iğdırbari", halay, yəni "Iğdır yallısı" - Ə.R.). Bu musiqi "Vilayəti" pərdəsində çalınır və sonra çalğı "Mahur" pərdələrində davam edir. Sonda "Şur" a keçid olur və "Sarı gəlin" mahnısına yer verilir. Bu misiqilə qadınlar və kişilər əl - ələ tutaraq "Yallı" gedirlər. "Eyvah Dümbə" "Mahur" muğamı əsasındadır və 6/8 ölçüdə ifa olunur. Sonra 6/8 ölçülü ritm artır və daha iti sürətlə "Qəmərinski" səslənir. (Ehtimal etmək olar ki, "Qəmərinski" "Qəmərli" yer adı ilə bağlıdır. Görünür Sovet hökumətini qəbul etməyən qəmərlilər İğdıra köçərək, adət - ənənələrini və musiqilərini yaşatmış və oradan da Almaniyaya aparmışlar. Ə.R.). "Qəmərinski" dən sonra isə "Qaç ge" adlı musqiyə keçid olur. Bu musiqi daha iti sürətlə ifa olunur. (Çox güman ki, "Qaç ge" "qaç, get" sözündəndir. Qaçmaq, sürətlə rəqs etmək və ya "qaç ge" etmək cǝld, becit rəqsə keçid eləmək mənasını verir. Ə.R.). Bu melodiya "Çahargah" muğamına əsaslanır. Əvvəl "Müxalif" pərdələrində çalınır və sonra "Mayǝ" səslərinə qayıdır. Dəfələrlə bu yerdəyişmələr olur. Sonda isə "Çahargah" mayəsində musiqi tamamlanır. Bütünlüklə bu yallı rəqsi 40 dəqiqə çəkir. Məclisdəki bütün qonaqlar rəqs zamanı meydanda olur, restaranın ortasında rəqs edirlər. İğdırlıların düyünündə "Sarıköynək", "Yar yaxasın düymələsin", "Əjdər əmi" və bu kimi xalq havaları da çalınıb - oxunur. Rəşid Behbudovun oxuduğu bir neçə xalq mahnısı və qədim rəqs melodiyalarımıza da təlabat olur". Berlində Cənubi Azərbaycandan köçənlərin "Ocaq" cəmiyyəti vardır. Müğənni Nazir və qarmonçu Manaf həmin cəmiyyətin musiqiçiləri idilər. Manafin Berlində musiqiçi kimi tanınmasında "Ocaq" cəmiyyətinin xüsusi rolu olmuşdu. Həmçinin bu təşkilatın vasitəsilə Manaf Rza Almaniyanın hər yerində, Avstriyada, Fransada, Hollandiyada, Belçikada və İtaliyada konsertlərdə və toylarda çıxış etmişdi. Manaf Rza 2005 - ci ildə Bakıya qayıtmışdır. O dövrdən indiyə qədər o, sənət fəaliyyətini əsasən şadlıq saraylarında davam etdirir. Sənətkarımız son zamanlar "Bahar" və "Günay" rəqs melodiyalarını diskə yazdırıb. Hələ neçə - neçə çətin əsərləri, rəqs havalarını ifa edǝrǝk disklərə yazdırmaq və təbliğ etmək arzusu ilə yaşayır. Biz də onun arzu və istəklərinin, xoş niyyətlərinin yerinə yetməsi üçün Allaha əl açırıq. Qeyd edək ki, M.Rza 2014 - cü ilin mart ayında Jorj Bizenin "Karmen" operasından bir musiqini məharətlə ifa edərək diskə yazdırmış və YouTube vasitəsilə yayımlamışdır. Manaf Vǝrqa oğlu Rza 1981 - ci ildə ailə qurub. Bir qızı, bir oğlu var.
Saçları düm ağ olubdu sənətdə,
Bar - bəhərli bağ olubdu sənətdə,
Əzəmətli dağ olubdu sənətdə,
Öz işinə sadiq qalan Manafdı.
Yaş ötdükcə müdrik olan Manafdı.
Avtandilin sənətindən güc alıb,
Qarmon ifaçısı kimi ucalıb,
Sinni artsa da sanmayın qocalıb,
Qəlbi, ruhu, eşqi cavan Manafdı.
"Tiko - tiko" nu ilk çalan Manafdı.
Qəddü - qaməti qarmona yaraşır,
Çalğı qaydasına düzgün yanaşır,
İfasında imkanlar aşıb - daşır,
Toy - düyündə "sağ ol" alan Manafdı.
Saf könüllərə iz salan Manafdı.
Neçə illər yüksəlişlə yol gəlir,
İfasında sağla bahǝm sol gəlir,
Solda müşayiəti əla bilir,
Qəlbi musiqiylə dolan Manafdı.
Səmalarda qanad çalan Manafdı.
____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 528 – 533.