Sevimli şairimiz Mikayıl Müşviqin belə bir şeiri var:
İstər bəstəkar ol, istər rəqqas ol,
Şair ol, rəssam ol, heykəltəraş ol!
Yaratdığın şeyi sevǝrǝk yarat
Hamıdan yüksək ol! Hamıdan baş ol!
Haqqında söhbət açacağımız insan öz işini sevən, əməllərindən zövq alan, yazıb - yaratdıqlarını əziz tutan, yorulmadan işləyən, olduqca təvazökar, təhsil verdiyi tələbələrin xoşbəxtliyinə çalışan, onları əsl sənət adamı kimi görmək istəyən, öz peşəsində həmişə yüksəkdə duran bir şəxsdir. Bu şəxs görkəmli qarmon ifaçısı, səriştəli pedaqoq Xeyrulladır. Xeyrulla İslam oğlu Dadaşov 1947 - ci il may ayının 6 - da Bakı şəhərində anadan olub. Atası sadə, zəhmətkeş bir insan idi. O, elektirik montyoru işlǝyirdi. Həyata gətirdiyi yeddi övladı ömür - gün yoldaşı Zivər xanımla min bir zəhmətlə, əzizləyərək, sevə - sevə böyüdürdülər. Ata dörd oğlunu və üç qızını təhsilli, sənədli, müxtəlif peşə sahibi kimi görmək arzusu ilə yaşayırdı. Bu nəsildə heç vaxt musiqiçi olmayıb. İslam kişi Xeyrullanın musiqiçi yox, ali təhsilli başqa peşə sahibi olmasını istəyirdi. Xeyrulla uşaqlıqdan musiqinin vurğunu idi. Radioda Teyyub Dəmirovun, Məmmədağa Ağayevin qarmonda çaldıqları muğam və rəqs havalarını dinləyən Xeyrullanın qəlbində qarmon çalmaq arzusu baş qaldırır. O radionu dinləyərək evdəki kətili (stul) qıçları üstünə alıb diz üstə ora - bura çəkir, barmaqlarını onun üzərində gəzdirərək özündə elə bir hal yaradırdı ki, güya qarmon çalır. Ata onun fitri istedadına diqqət yetirməsə də, ana bu işə laqeyd qalmadı. Zivər xanım ərindən xahiş edib dedi: "Xeyri balam özünü musiqidən kənar qoya bilmir. A, kişi, bu uşaq radio konsertlərindən əl çəkmir. Deyəsən qarmonçalan olacaq. Ona qarmon al". İslam kişi günlərin birində Bakının bir zamanlar çox məşhur olan, "Kubinka" adlanan məhəlləsinə bazarlığa gedir və orada qarmon satıldığını görür. Qiymətləşib 18 dilli, yarımtonsuz "Kazan" (tatar) qarmonu alıb evə gətirir. Bu 1957 - ci ilə təsadüf edir. Xeyrulla ona qarmon alındığı üçün hədsiz sevindi. Fərəhindən gözləri yaşardı. Zivər xanım kövrəldi, oğlunun boynunu qucaqlayıb öpdü və xeyir dua verdi: "Əziz balam, bir arzun yerinə yetdi. Kaş bütün arzuların belə çin olsun. Sən mənim qarmonçalan balam olacaqsan". Xeyrulla bütün günü qarmondan ayrılmırdı. Elə hey dartışdırır, nəsə öyrənmək istəyirdi. Bu iş hər gün davam edirdi. Uşaq artıq xeyli xalq havaları və rəqs melodiyaları öyrənmişdi. Az vaxt içərisində Xeyrullanın istedadı ailəsində, qonşular və tay - tuşları arasında üzə çıxmışdı. Atası onun qarmonçalan olmasını istəməsə də oğlunun uşaq arzusunun və istedadının da əleyhinə çıxmadı. İslam kişi bir gün Xeyrullanın əlindən tutub qarmon düzəldən məşhur usta Saşa Zverevin emalatxanasına gəldi. Xeyrulla sevincindən özünə yer tapa bilmirdi. Axı atası onun üçün ustaya əsl sənətkar aləti, Azərbaycan qaromonunu sifariş vermişdi. Belə bir deyim var: "Həyat ötən günlər deyil, yadda qalan günlərdir". Atasının qarmonu usta Zverevin emalatxanasından götürüb evə gətirməsi Xeyrullanın ömrünə yazılan, həmişə yaddaşında qalan gün oldu. Böyük istedad sahibi olan bu uşaq az müddət ərzində çoxlu musiqi nümunələri, xalq mahnıları, dəramədlər, rənglər, oyun havaları öyrəndi, tay - tuşları, qohum - əqrabası arasında sayılıb - seçilməyə başladı. O, evdə yorulmadan həmişə məşq edirdi. Onu neft - yağ zavodunun 8 - ci km qəsəbəsində yerləşən mədəniyyət sarayına gətirirlər. Xeyrulla orada çalaraq daha da püxtələşir. Həmin illərdə Xeyrulla həmçinin mədəniyyət sarayındakı rəqs kollektivində də çalışır. Rəqs üçün çalması onun iti barmaqla ifa etməsinə, cəld, çevik çalğı manerasına yiyələnməsinə çox böyük kömək edir. Xeyrulla orta məktəbdə yaxşı qiymətlərlə oxumuşdur. Müəllimləri həmişə ona ali məktəbə daxil olmasını tövsiyyə edirdilər. 1965 - ci ildə orta məktəbi bitirən Xeyrulla Qara Şəhərdəki mədəniyyət sarayında fəaliyyət göstərən xalq konservatoriyasının xor dirijorluq şöbəsinə daxil olur. Burada o zaman Azərbaycanın tanınmış bəstəkarları, dirijorları, musiqi nəzəriyyəçilərinin bəziləri dərs deyirdilər. Burada cəmi bir il təhsil alan Xeyrulla musiqi nəzəriyəsinə aid çox şey öyrənmişdi. Çünki özü də sərbəst olaraq mütaliə edir, əlavə ədəbiyyat oxuyurdu. Xalq konservatoriyasında o, notu öyrəndi. Sərbəst olaraq notla çalmağı və oxumağı bacardı. Xeyrulla 1966 - cı ildə xalq konservatoriyasında təhsilini yarımçıq qoyaraq sənədlərini M.F.Axundov adına Pedaqoji Dillər İnstituna verir, oraya daxil olur və 1971 - ci ildə buranı uğurla bitirir. Burada oxuduğu illərdə müntəzəm musiqi ilə məşğul olur. İnstitutun xalq çalğı alətləri ansamblında fəal üzvlərdən biri kimi tanınır. Ansamblın rəhbəri Tahir Əliyev idi. Sonrakı illərdə bu ansambla xalq artisti, məşhur tarzən Əliağa Quliyev, Əbdülağa Nəcəfov, Adil Bağırov rəhbərlik etmişdir. Adı çəkilən məşhur tarzənlərin rəhbərliyi altında ansamblda çalışması Xeyrullanın bir sənətkar kimi yetişməsində əhəmiyyətli dərəcədə rol oynamışdır. Onu da qeyd etməliyik ki, Xeyrullanın qarmon ifaçılığı institut rəhbərliyinin nəzərindən yayınmamışdı. Onu həm də rəqs kollektivinə cəlb etmişdilər. O dövrdə institutda Azərbaycanın xalq artisti, görkəmli baletmeyster, yaradıcı insan Əlibaba Abdullayevin rəhbərliyi ilə rəqs ansambli fəaliyyətdə idi. Əlibaba Abdullayev Xeyrullanın çalğısını çox bəyənirdi. Rəqs ansamblında çalmaq çox çətin işdir. Belə ki, burada musiqiçiyə çevik, cǝld barmaqlar gərək olur. Həmçinin musiqiçidan dəqiq, diqqətli, nizamlı çalğı tələb olunur. Rəqs üçün lazım olan musiqinin ritmi, ölçüsü, bütünlükdə hər bir musiqi cümləsinin nizamı rəqqasın edəcəyi hərəkətlərə hesablanır. Bütün bunlar Xeyrullanın ifaçılığında cəmlənmişdi. Xeyrulla dəfələrlə Pedaqoji Dillər İnstitutunun x.ç.a. ansambli və rəqs kollektivinin tərkibində Azərbaycanın şəhər və rayonlarında, keçmiş SSRİ məkanındakı böyük - böyük şəhərlərdə konsert səfərlərində olurdu. Bütün bunlar hamısı Xeyrullanın gələcəkdə yaxşı, peşəkar musiqiçi olmasına öz müsbət təsirini göstərmişdi. Bir dəfə PDİ - də Ə. Abdullayev olduqca çətin, səviyyəli, çox gözəl bir rəqs kompozisiyası qurmuşdu. Məşhur bəstəkar C.Cahangirov musiqi tərtibatı üçün dəvət olunmuşdu. Rəqsin kompozisiyasının quruluşu zamanı Xeyrullanın musiqini hamıdan tez öyrənməsi və olduqca dəqiq çalması böyük sənət adamları olan C. Cahangirovu və Ə.Abdullayevi valeh etmişdi. Onlar hər yerdə, həmişə bu gənc qarmonçalanı tərif edərdilər. Ə.Adbullayev həmişə təklif edib Xeyrullanı Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblına musiqiçi aparmaq istəmişdi. Lakin Xeyrulla buna razı olmamışdı. Belə ki, onun meyli həmişə müəllimlik etməyə olub. Elə sonrakı illərdə belə də oldu. O, ifaçılıqla bərabər əsasən pedaqoji fəaliyyətə üstünlük verdi. PDİ - nin rəqs ansamblı 1967 - ci ildə Moskvada, Kremilin Qurultaylar Sarayında keçirilən böyük bir festivala dəvət olunur. Xeyrulla da ansamblın tərkibində idi. Rəqs ansamblı festifalın laureatı olur. İnstitutun rəqs kollektivi Moskva festivalında 10 gün çıxış edir. Hər bir çıxış uğurlu keçir və alqışlarla qarşılanır. İştirakçılara diplomlar, medallar, fəxri fərmanlar verilir. Həmçinin Xeyrulla da yaxşı musiqiçi kimi medal və diploma layiq görülür. Burada bir az geridəki illərə qayıdaq. Xeyrulla Institutun ikinci kursuna keçərkən 13 saylı şəhər musiqi məktəbinə qəbul olunur. Çünki musiqi təhsili almaq fikiri onu bir an da rahat buraxmırdı. Gözəl musiqi qabiliyyəti, çalğısı, savadı nəzərə alınaraq o, musiqi məktəbinin dördüncü sinfinə götürülür. Xeyrulla burada yaxşı təhsil alır, nəzəri biliklərə yiyələnir. Məktəb konsertlǝrində, müsabiqələrdə müntəzəm çıxış edib özünün və oxuduğu tədris ocağının başını uca edir. İmtahanlarda həmişə təriflənir. O, 1969 - cu ildə musiqi məktəbini müvəffəqiyyətlə bitirir. Buraxlış imtahanında çalğısı, suallara aydın, düzgün, dolğun cavab verməsi münsiflər heyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Həm də ali təhsil ocağında oxuyan 22 yaşlı bir gəncin musiqi təhsili almağa maraq göstərməsi özü də xüsusi diqqət doğururdu. Axı, 20 yaşında musiqi məktəbinə daxil olanda Xeyrulla ǝsl qarmonçalan idi. O, özü musiqi məktəbində oxuyanda, həmçinin sonrakı institut illərində artıq orta məktəbin nəzdindəki, mədəniyyət sarayındakı musiqi kurslarında və dərnəklərdə qarmon müəllimi işləyirdi. Bundan əlavə o musiqi heyyətlərimizin tərkibində, toylarımızda sənət nümayiş etdirirdi. Təhsil illərinə, musiqiçilik fəaliyyətinə, müəllimlik peşəsinə yiyǝlənməsinə və bu yolda əzmlə çalışmasına diqqət yetirsək onun sənətə sonsuz həvəs, sevgi göstərməsinin şahidi olarıq. Allah! İnsanda neçə böyük səbir, dözüm, enerji olarmış! Məhəmməd peyğəmbərin belə bir kəlamı var: "Tapanlar axtaranlardır". Xeyrulla uşaqlıq və gənclik illərindən həmişə axtarışda idi. O, axtardığını müqəddəs peşə olan müəllimlikdə tapdı. Azərbaycan mətbuatının əsasını qoyan, böyük maarifçi, əsl ziyalı H.B. Zərdabi demişdir: "Əgər məndən soruşsalar ki, ən şərəfli sənət hansıdır, çəkinmədən iftixarla deyərdim, müəllim". Xeyrulla 1962 - ci ildə neft - yağ zavodunun mədəniyyət sarayındakı rəqs ansamblında qarmonçalan kimi əmək fəaliyyətinə başladı. 1969 - cu ildə 13 saylı şəhər musiqi məktəbini bitirən kimi onu burada müəllim saxladılar. Onun yaşı, savadı, biliyi, musiqiçilik qabiliyyəti buna tam imkan verirdi. Ali təhsil aldığı və sonrakı illərdə Xeyrulla Dadaşov məşhur musiqiçilər Habil Əliyev, Əliəkbər Əsgərov, Adil Bayramov, Vəli Qədimov, Həbib Bayramov, xanəndələr Əlibaba Məmmədov, İslam Rzayev, Teymur Mustafayev, Sabir Mirzəyev, Süleyman Abdullayev, Hacıbaba Hüseynov, Zaur Rzayev, Səxavət Məmmədov və başqaları ilə sənət yoldaşlığı edərək müntəzəm toy şənliklərində olmuşdur. Məşhur tarzən, xalq artisti Həbib Bayramov Xeyrullanın əxlaqını, tərbiyəsini, istedadını, əsl musiqiçi olmasını nəzərə alıb onu rəhbərlik etdiyi Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblına dəvət edir. 1974 – 75 - ci illər ərzində Xeyrulla bu ansamblda çalışır. Radio və televiziyadakı canlı çıxışlarında, lent yazılarında ansamblın tərkibində fəaliyyət göstərir. O, İlhamə Quliyeva, Canəli Əkbərov, Nəzakət Məmmədova və Zaur Rzayevin səsi qrammafon vallarına yazılarkən ansambl tərkibində çalmış, həmçinin solo hissələri də ifa etmişdir. Bu ansambla rəhbərlik edən xalq artisti Möhlət Müslümov Xeyrullanı 2002 - ci ildə yenidən kollektivə dəvət etmişdir. O, burada bir il də fəaliyyətdə olmuş, Mələkxanım Əyyubova, Bəsti Sevdiyeva, Arif Babayev və Gülüstan Əliyevanın ifasında lentə alınan muğam dǝsgahlarının yazılışında çalmışdır. Xeyrulla Dadaşov 1983 - cü ildən müğənni Səməd Səmədovla bir musiqi heyətində çalışıb. Bu ansamblın adı "Qismət" dir. Dəstǝyǝ cəmləşən musiqiçilər burada bəlkə də öz sənət yoldaşlığını, səmimi dostluq qismətlərini tapıblar ki, uzun müddət ərzində birlikdə çalıb çağırıblar. Başda S. Səmədov olmaqla ansamblın üzvlərinin bir neçəsi elə kollektiv yaranan gündən bir yerdə çalışanlar idi. Xeyrulla müəllim "Qismət" ansamblının tərkibində Rusiyanın iri şəhərlərində, həmçinin Moskvada, Sankt - Peterburqda uğurlu konsertlərdə olmuşdur. Həmçinin Gürcüstanın Tbilisi şəhərində bu ansamblın çıxışları maraqla qarşılanıb. 1991 - ci ildə S. Səmədov İsrail dövlətinə dəvət olunarkən, Xeyrulla müəllimin də daxil olduğu heyət bu ölkədə 70 gün qalaraq müxtəlif şəhərlərdə konsert vermişdir. Xeyrulla müəllimin pedaqoji fəaliyyəti xüsusi qeyd olunmalıdır. Yazımızın bu hissəsində yalnız bu barədə danışacağıq. O, 13 saylı şəhər musiqi məktəbində 26 il müəllim işləmişdir. İstər burada, istərsə də ondan qabaq musiqi kurslarında müəllimlik fəaliyyəti dövründə X. Dadaşov saysız - hesabsız şagirdlər yetişdirmişdir ki, onların əksəriyyəti ifaçı və musiqi müəllimidirlər. Xeyrulla müəllim öz peşəsini ürəkdən sevən bir insandır. O, tələbələrinə həmişə mehribanlıqla, qayğı və məhəbbətlə yanaşır. Onları həmişə bilikli görmək istəyir. Öz bildiklərinin hamısını onlara öyrətmək istəyir. O, əsl pedaqoqdur. Hər bir şagirdə, tələbəyə fərdi yanaşmağı bacarır. X.Dadaşov musiqi məktəbində dərs dediyi dövrdə həmişə bacarıqlı, savadlı, işgüzar, öz üzərində çalışan şəxs kimi tanınıb, nümunəvi qarmon müəllimi kimi qəbul olunub. Bu sözləri Milli Konservatoriya tərkibində Musiqi Kollecinin direktoru, sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi Nazim Kazımov deyir. O, əlavə olaraq söyləyir: "Tanıdığım 36 il müddətində onu həmişə eyni həvəsdə, eyni çalışqanlıqda, pedaqoji işinə sadiqlikdə görmüşəm. Bu gün də bizim kollecdə qarmon üzrə əsas, aparıcı ixtisas müəllimi, fərqlənən işçidir. Onun pedaqoji fəaliyyəti çoxlarına örnəkdir". X. Dadaşrov 13 saylı şəhər musiqi məktəbində çalışdığı zamanlar metodik seminarlarda iştirakçı olaraq həmişə maraqlı fikirlər, təkliflərlə çıxış edib. Onun dəyərli və öz dövrü üçün aktual, çox gərəkli olan çıxışları hamı tərəfindən həmişə maraqla qarşılanıb. Qarmon ixtisası müəllimlərinin təkmilləşdirilməsi kurslarında Xeyrulla müəllimin mühazirələri, praktik nəzəri seminarları bu sahədə çalışanların bilikli, məlumatlı olmasına çox kömək etmişdir. Hətta musiqi məktəblərində dərs deyən tanınmış qarmonçalanlar elə bu seminarlarda məmnuniyyətlə iştirak edir və çox şey öyrənirdilər. 1995 - ci ildə A. Zeynallı adına Musiqi Texnikumunda qarmon sinfi açılarkən X. Dadaşov bura ixtisas not üzrə ilk müəllim olaraq dəvət olunur və az vaxt içərisində özünü bacarıqlı ixtisas müəllimi kimi göstərir. Kollecə müəllim gəldiyi ildən bu vaxta qədər 200 - dən çox tələbə yetişdirmişdir ki, onların ǝksəriyyəti Bakıda və rayonlarımızdakı musiqi məktəblərində çalışırlar. Musiqi məktəbində yetişdirdiyi şagirdlərin, kollecdə təhsil verdiyi tələbələrin ümumi sayını nəzərə alsaq çox böyük say əmələ gələr ki, bu doğrudan da çox böyük göstəricidir. Xeyrulla müəllim ömründə xoş anların çox olduğunu deyir və söyləyir: "Ömrümün ən xoşbəxt çağları elə pedaqoji fəaliyyətimlə bağlıdır. Məni yaşadan bu işdir. Bu işdən ayrılsam yaşaya bilmərəm. Pedaqoji iş mənim həyatımın ayrılmaz hissəsidir". Qarmon tədrisi ilə bağlı məqalələr yazmağa o, 1970 - ci illərin sonundan etibarən başlayıb. Mədəniyyət Nazirliyi Metod Kabinetinin rəhbərliyi X. Dadaşovun çalışdığı sahə üzrə elmi - metodiki fəaliyyətini nəzərə alaraq ona proqram yazmağı tövsiyə edir. Xeyrulla müəllimin qarmon tədrisi ilə bağlı ilk proqramı 1984 - cü ildə işıq üzü görür. Musiqi ictimayiəti tərəfindən bu proqram maraqla və rəğbətlə qarşılanır. Tədrisdə bu proqramdan uzun illər istifadə olunur. Bu uğurunu görən Metod - Kabinet rəhbərliyi X. Dadaşova qarmon kitabı yazmağı təklif edir. Beləliklə o, 1984 - cü ildən kitab yazmağa başlayır və 1986 - ci ildə başa vurur. "Qarmon məktəbi" kitabı 1988 - ci ildə çapdan çıxmalı idi. Lakin məlum hadisələr respublikamızda hər sahəyə təsir etdiyi kimi, kitab nəşrindən də yan keçmədi. Düşmən qonşularımızın ərazi, torpaq iddiaları, Qərbi Azərbaycandan xalqımızın deportasiyası, müharibə təhlükəsi, bütün bunlarla əlaqədar respublikamızda xalq hərəkatının geniş vüsət alması elmə, incəsənətə, maarifa, iqtisadiyyata təsir göstərməyə bilməzdi. X. Dadaşovun "Qarmon məktəbi" kitabı 1999 - cu il, avqust ayının 30 - da hazır olur. Nəşr olunmuş 500 nüxsə kitab az vaxt içərisində Bakı şəhərindəki musiqi məktəblərinə paylanır. Rayon yerlərindəki, çoxsaylı müraciətlərə əsasən, əlavə nəşrlər olunur və əyalətlərə yönəldilir. Bu günün özündə də tələbata uyğun olaraq həmin kitablardan əlavə olaraq nəşr edilir və musiqi sənəti ilə bağlı ədəbiyyatın yayımı ilə məşğul olan dükanlara verilir. Xeyrulla müəllim 1995 - ci ildə musiqi kolleci va texnikumları üçün proqram hazırlamışdır. Bundan əlavə o dünyanın və Azərbaycanın böyük bəstəkarlarının ən populyar və sevilən əsərlərini qarmon tədrisi üçün hazırlayıb nota köçürmüşdür. Belə hazırlamalarda o, fortepiano partiyasını olduğu kimi saxlayır. İri həcmli konsertlar, rapsodiyalar, fantaziyalar və s. toplayaraq qarmonun tədrisinə yönəldir və bütün bunları kollecdə yüksək səviyyədə tələbələrinə öyrədir. Xeyrulla müəllimin hazırladığı "Qarmon üçün etüdlər", "Qarmon üçün pyeslər" məcmuələri musiqi kolleclərində qarmonun tədrisi üçün nəzərdə tutulur. Hər iki tədris vəsaiti öz çapını gözləyir. O, ümumiyyətlə qarmon tədrisinin və ifaçılığının gələcəyini uğurlu görür. Çünki Xeyrulla müəllim bu sahədə 48 ildir ki, müəllimdir. Onun ifası və təcrübəsi bunu deməyə əsas verir. Rus yazıçısı Lev Tolstoy yazmışdır: "Xoşbəxt o kəsdir ki, o, ailədə xoşbəxtdir". Sanki, bu sözlǝr Xeyrulla müəllim üçün deyilib. O, 1972 - ci ildə ailə qurub. Həyat yoldaşı da musiqidən dərs demişdir. Hazırda təqaüddədir. Çox xoşbəxt yaşayırlar. İki övlad böyüdüblər. Qızı elmi işçi, oğlu hüquqşünasdır. Xeyrulla müəllimin ailəsində nəvələr böyüyür.
Onu tanıdığım illər ərzində,
Sadəlik gördüm davranış tərzində.
Səmimilik çox aydındır üzündə,
Hər mətləbi duyan, qanan Xeyrulla.
Dost yolunda mǝrd dayanan Xeyrulla.
O, öz yerində, dövran gərdişində,
Çox peşəkardır sənət vərdişində.
Nümunədir pedaqoji işində,
Öz amalına inanan Xeyrulla,
Uğurlarından boylanan Xeyrulla.
Qarmon tədrisində nailiyyəti,
Bu sahəni ucaltmaqdı niyyəti,
Hər tələbəylə safdır ülviyyəti.
Peşəsinə qəlbən yanan Xeyrulla,
Gördüyü işi az sanan Xeyrulla.
Dəyişmədi onu bu uzun zaman,
Necə vardı, yenə elədir, haman.
Kimsədən təmanna deyildir uman,
Təmiz qazancla şadlanan Xeyrulla,
Doğruluqla qanadlanan Xeyrulla.
Bu adam saf yaşamaqçün doğulub,
Əməllərilə öz adı doğrulub.
Sədaqətdən və düzlükdən yoğrulub,
Təmiz xislətli adlanan Xeyrulla,
Halal zəhmətlə dolanan Xeyrulla.
Musiqi Kollecində işlər gördü,
Qarmon ixtisasına bina hördü,
Yazdı, yaratdı, bu günə ötürdü.
Bundan uzaq düşməz bir an Xeyrulla.
Şerim səmimidir, inan, Xeyrulla.
Ə.Rəhmanlı, 10 avqust 2013-cu il.
_________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 306 – 320.