Əyyub Ağamirzə oğlu Babayev (1932 - 1977) qarmon sənəti üzrə dərs deyən ən təcrübəli və nümunəvi müəllimlərdən sayılmışdır. 1950 - ci illərin sonlarından etibarən Suraxanı Mədəniyyət Sarayında (keçmiş Orconikidze ad.m.s. - O.R), Sabunçu qǝsəbəsindəki Mədəniyyət Sarayında (keçmiş Lenin ad.m.s.- Ə.R) və digər yerlərdə, fərdi qaydada öz evində dərs demişdir. Əyyub Babayev 1957 - ci ildə Bakı Kitabxanaçılıq Texnikumunun (indiki Bakı Mədəni - Maarif Texnikumu - Ə.R.) əyani şöbəsinə daxil olub "Klub işçisi - özfəaliyyət xor kollektivi rəhbəri (drijor)" ixtisasına yiyələnmiş, buranı 1961 - ci ildə bitirmişdir. Sonralar o, bu texnikumda qarmon ixtisası üzrə bir müddət dərs demişdir. Ə.Babayev 1961 – 1966 - cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) təhsil almış, buranı uğurla bitirmişdir. Əyyub müəllimin yetişdirdiyi şagirdlərin və tələbələrin sayı lap çoxdur. Ömrünün sonuna qədər sevimli peşəsinə xidmət etmiş, ifaçı və müəllim kimi fəaliyyət göstərmişdir. Əcəl imkan versəydi o, bu sahədə daha böyük xidmətlər göstərə bilərdi. Onun musiqi mədəniyyətimizə təhvil verdiyi yetirmələrin əksəriyyəti ifaçı və musiqi məktəblərinin müəllimləridir. Əyyub Babayevin qeyri - adi bir qarmonu da olmuşdur. Bu "elektro - qarmon" respublikamızda yeganə idi. Xarici görünüşü Tula şəhərində hazırlanmış adi "Azərbaycan qarmonu" kimi olsa da, içərisi tamam bam - başqadır. Yəni, alətin daxilində elektriklə ifa oluna biləcək elementlər, cihazlar quraşdırılıb. Əyyub müəllim bu elektro - qarmonla bir - neçə toylarda maraqlı ifa göstəribmiş. Ə.Babayev bu qarmonu 1970 - ci ildə Qazaxıstanın Bayka - Nur hərbi şəhərciyində hazırlatdırmışdı. (Yəni, qarmonun içərisinin sxemi həmin şəhərdə yığılıb) Məşhur qarmonçular, Aftandil İsrafilov və Əhliman Zabitoğlu bu qarmonun sorağına düşmüş, ayrı - ayrılıqda Əyyub müəllimin mənzilinə gəlmiş, "qəribə aləti" çalıb çox bəyənmişdilər. Elektro - qarmon mərhum sənətçimizin evində xatirə olaraq bu gün də qorunur.
____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “Araz” 2008, Səh. 367 – 371.