Tamilla Ağamirzə qızı Babayeva 1947 - ci il yanvar ayının 19 - da Bakı şəhərinin Əmirhacan (Xilə) kəndində dünyaya gəlib. 1954 - cü ildə məktəbin birinci sinfinə daxil olub. Az yaşlarından qızcığazın istedadı bilinməkdə, görünməkdə idi. Valideyni Tamillanı 1957 - ci ildə Suraxanı rayonundakı 5 saylı musiqi məktəbinin fortepiano sinfinə qoyur. Musiqi ilə həvəslə məşğul olan bu bacarıqlı qız beşillik təhsili başa vuraraq 1962 - ci ildə musiqi məktəbini bitirir. Həmin ildə o, ümumtəhsil məktəbdə də natamam orta təhsili başa vurur. Tamilla 13 yaşından qarmonda çalmağı da öyrənmişdi. İstedadlı insan, musiqi sahəsində əsl pedaqoq Əyyub Babayev, bacısı Tamillaya qarmon ifaçılığının ibtidai qaydalarını çox dürüst öyrətdiyindən idi ki, bu qız artıq 14 - 15 yaşlarında sərbəst, səlist qarmon sənətçisini xatırladırdı. Əyyub müəllim bacısının bacarığını, həvəsini görüb, onun az müddət ərzindəki inkişafını nəzərə alıb qarmon çalğısının incəliklərini, sirlərini də ona öyrədir. Əyyub müəllimin hazırladığı tələbələr içərisində qızlar da əksəriyyət təşkil edirdi. Yazımızın bu bölməsində onlardan ikisinin, Əyyubun həyat yoldaşı Xalidə Babayeva və bacısı Tamilla Babayevanın haqqında bilgi vermək qərarındayıq. Əyyub müəllim Xalidə xanımla 1968 - ci ildə ailə qurub. Dörd övlad, İki oğul, iki qız böyüdüblər. Xalidə xanım 1965 – 1968 - ci illərdə Suraxanı Mədəniyyət Sarayında (indi S.Bəhlulzadənin adını daşıyır - Ə.R.) Əyyub müəllimin dərs dediyi qarmon kursunda təhsil alıb. Təhsil illərində elə həmin mədəniyyət ocağında dərs deyib. (O zamanlar kadr çatışmadığı üçün, onun ifaçılıq bacarığını nəzərə alıb aşağı siniflərdə dərs deməyə icazə veriblər.) Beləliklə 1965 – 1971 - ci illər ərzində Xalidə Babayeva adı çəkilən mədəniyyət sarayında qarmon kursunun müəllimi işləmişdir. Əyyub Babayevin yurdunda boy atan, ata - ana, nənə sevgisi və qayğısı ilə böyüyən nəvələrdən biri, on iki yaşlı Əyyub babasının sənət yolunu davam etmək fikrindədir. O, 3 saylı musiqi məktəbində qarmon və fortepiano siniflərində dərs alır. Tamilla Babayeva 1962 - ci ildə Bakı Kitabxanaçılıq Texnikumuna (Bakı Mədəni - Maarif Texnikumu - Ə.R) "xalq çalğı alətləri orkestrı rəhbəri" ixtisası üzrə qəbul olunur və 1965 - ci ildə bitirir. On beş yaşından Bakı şəhərində, kənd və qəsəbələrdə müntəzəm olaraq qız toylarına gedən Tamilla xanım bir ifaçı kimi həmişə öz üzərində çalışmışdır. O, gənclik illərində və sonralar peşəkar ifaçılıqda öz "sözünü" demiş, pedoqoji işdə geniş fəaliyyət göstərmişdir. Texnikumda təhsil aldığı illərdə o, artıq musiqi kurslarında müəllim işləyirdi. Tamilla xanım 1964 – 1967 - ci illərdə Sabunçu qəsəbəsindəki Mədəniyyət Sarayında (O dövrdə Lenin ad.məd.sar.- Ə.R.), 1967 – 1993 - cü illərdə Suraxanı Mədəniyyət Sarayında (indiki S.Bəhlulzadə ad.məd.sar. Ə.R.) fəaliyyət göstərən qarmon kurslarında dərs demişdir. T.Babayeva 1993 - cü ildə işləmək üçün 3 saylı musiqi məktəbinə dəvət olunmuşdur. Bu işguzar qadın 1991 – 1995 - ci illərdə Məktəbəqədər Pedoqoji Texnikumda qarmon ixtisası üzrə müəllim işləmişdir. Saysız - hesabsız yetirmələri olan Tamilla müəllimə öz işindən həmişə zövq alıb. Əlbəttə, hazırladığı tələbələrin hamısı incəsənət sahəsinə deyil, başqa sahələrə getsələr də, musiqi ilə məşğul olanları da çoxdur. Onlardan yalnız birini nişan verəcəyik. Cavahir Abdulova qarmon ixtisasını bitirmiş, Bakı Musiqi Kollecinin səs - xanəndəlik sinfini başa vurmuşdur. Hal - hazırda Milli Konservatoriyada təhsil alır. O, "Vətən" xalq çalğı alətləri ansamblının müğənnisidir. Tamilla Babayeva sənətdə öz hünərini göstərərək Azərbaycan radiosunun fonduna "Tərəkəmə", "On dörd nömrə", "Mirzəyi", "İnnabı”, "Şampanı", "Şərur" (Noraşen - Ə.R.), "Kolxozu" xalq rəqslərini yazdırmışdır. İfaçı adı çəkilən melodiyaların bəzilərini 1970 - ci illərdə qrammofon vallarına da yazdırıb. Yaxşı ifaçı kimi Tamilla xanımın haqqında bir neçə "radio - oçerk" də hazırlanıb və efirdə səslənib. (1964) T.Babayevanın 1964 - cü ildə nağaraçı Aydın Cəfərovla birlikdə televiziyada canlı çıxışları da olub. "Vağzalı", "On dörd nömrə" və "Tərəkəmə" rəqslərini ifa edib. Bir dəfə Aşirə adlı rəqqasənin televiziyada çıxışını, "Tərəkəmə" oynamasını müşayiət edib. Bu "Tərəkəmə" səhnədə oynanılan, rəqsin quruluşuna hesablanmış, dəqiq cümlələrlə çalınır. Bundan başqa yuxarıda göstərdiyimiz dövrdə Tamilla xanım qadınlar arasında ən mahir nağaraçalan Esmira Cəfərzadənin müşayiətilə Azərbaycan televiziyasında "Kolxozu", "Maralı" və "Qoçəli" rəqslərini də ifa etmişdir. Haşiyə: Əyyubun, Tamillanın dayısı Məmmədağa Qədimov öz dövründə el - obasında tanınan qarmonçalan olub. O, 1941 - ci il rus - alman müharibəsinə qədər fəaliyyət göstərib. Əyyubun, Tamillanın anası Səlimə Qədimova (Babayeva) (1915 - 1984) qarmonçalan idi. Sənəti qardaşı Məmmədağadan öyrənmişdi. Səlimə Əliməmməd qızı musiqi ilə yalnız ev şəraitində, ailə mühitində məşğul olmuş, övladlarına musiqi tərbiyəsi də vermişdir. Əyyubgilin əmisi də gözəl musiqiçi olub. O, tarzən idi. Tar sənətindən dərs deyirdi. Tamilla xanımın söylədiklərindən: - "Qardaşım Əyyub çox istedadlı və bacarıqlı insan idi. Qarmondan başqa gitara və akkordeon da çala bilirdi. Akkordeonu əsl qaydasında. beş barmaqla, sağ - sol əl ilə, akkordlarla çalırdı. O, 1970 - ci illərdə Mərdəkan qəsəbəsindəki Mədəniyyət Sarayında musiqi kurslarında gitaradan dərs deyirdi. Evdə də gitara həvəskarlarına öyrədirdi". T.Babayeva ifaçılıq sənətini və müəllimliyi qoşa qanad kimi çiynində gəzdirə bilib. O, 2002 - ci ilə qədər qız toylarında qarmonçu kimi fəaliyyətdə olub. Müxtəlif vaxtlarda Validə Mahmudova, Kəmalə Rəhimli, Firuzə İbadova, Zümrüd Məmmədova, Təranə Vəlizadə, Gülnarə Mahmudova, Ruhəngiz Allahverdiyeva, Zahidə Məmmədsalahova, Rəhilə Bəndəliyeva, Yaqut Babayeva, Xeyrənsə Məmmədova (1966 - 1995), Könül Xasıyeva, Nazpəri, Zeynəb Dostəliyevalar və başqaları Tamilla xanımın qarmonunun sədaları ilə toylarımızda oxumuşlar. Tamilla xanım sənət yoldaşlarından "Lalə qızlar ansamblı" nın üzvləri, mahir nağaraçalan Esmira Cəfərzadə, zərb çalan Arzu Məsimova, qoşa nağaraçı Vüsalə Babayeva və digərlərinin adını həmişə hörmətlə qeyd edir. Tamilla Babayeva 1965 - ci ildə ailə qurub. İki övladı var. Oğlu Elşən Babayev 3 saylı musiqi məktəbində konsertmeyster işləyir.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “Araz” 2008, Səh. 367 – 373.