Kamil Səfərəli oğlu Vəzirov 1949 - cu il sentyabrın 2 - də Bakı şəhərində anadan olub. Şəcǝrǝsindǝn saflaşaraq süzülüb gələn istedad az yaşlardan üzə çıxdığı üçün musiqi ilə məşğul olmuş, qarmon çalmağa başlamışdır. Çalğını atasından öyrənmişdir. Kamil 1959 – 1964 - cü illərdə 31 saylı orta ümumtəhsil məktəbdə təhsil alıb. O, 1960 – 1964 - ci illərdə 6 saylı uşaq musiqi məktəbində oxuyaraq tar sinfini bitirib. 1964 – 1968 - ci illərdə A. Zeynallı adına Musiqi Texnikumunun tar sinfində bəstəkar - pedaqoq Adil Gəraydan (1919 - 1973) not, Elxan Müzəffərovdan muğam dərsi alıb. Kamil evdə atasından qarmonda muğamın ifa yollarını da öyrənib. Ata bütün övladlarının ali təhsilli musiqiçi kimi yetişməsinə çalışırdı. Kamil 1977 - ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Institutunu bitirmişdir. O, 1967 - ci ildən Opera və Balet Teatrının sinfonik orkestrində tar ifaçısı kimi əmək fəaliyyətinə başlamışdır. Əvəzolunmaz müğənni, böyük sənətkar Rəşid Behbudov (1915 - 1989) Mahnı Teatrı yaradarkən seçdiyi musiqiçilər içərisində Kamil Vəzirov da var idi. O, burada tar, ud, saz, elektrogitara, qarmon və dodaqla çalınan qarmon çalmışdır. Kamil bu teatrın tərkibində dünya səhnələrində Rəşid Behbudovu və teatrın müğənnilərini müşayiət etmişdir. K. Vəzirovun qarmon ifasında "Zabul" muğamı, "Qıtqılıda", "Nurtaci", "Rəqs suitası". "Azərbaycan təranələri", "Bayram rəqsi", "Abşeron ritmləri" melodiyaları radio fondu üçün qəbul olunub və səsləndirilir. Həmçinin akkordeonla çaldığı "Sənə də qalmaz", tarda ifa etdiyi "Ana" (C.Cahangirov), "Arzu" (Niyazi) mahnıları da fonda daxil edilmişdir. K.Vəzirov 2000 - ci ildə əməkdar artist, 2010 - cu ildə xalq artisti fəxri ad almışdır.
_____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 368, 369.