Əslən Bakının Balaxanı kəndindən olan Novruzova Aida Nuğday qızı 1929 - cu ildə dünyaya gəlib. İçərişəhərdə boya - başa çatıb. Qarmon sənətinin ifa qaydalarını Bakının köhnə məhəlləsindən biri olan, Sovetski adlanan məhəllədə yaşayan Mirzǝağa adlı sənətkardan öyrənib. Mirzǝağa pioner və məktəblilər evində musiqi dərnəyində çalışır, evində həvəskarlara fərdi yolla dǝrs keçir və toy - mağarda çalırdı. O, Əhəd Əliyevdən (Kor Əhəd) muğam dərsi almışdır. Aida Mirzǝağa müəllimin ən istedadlı və sevimli tələbələrindən biri olmuşdur. O, bildiklərinin hamısını Aida xanıma öyrətməyə çalışmışdı. Yaşa dolub, qocalıb xəstə düşəndə Aida xanım öz müəlliminin qayğısına, qaydına qalmışdır. O, öz müəlliminə şəfqət göstərmiş, müntəzəm baş çəkmişdir. Əbəs deyil ki, sənətkar vəsiyyət edib demişdir: "Məndən sonra qarmonumu Aidaya verin. Alət yad əllərə düşməsin". Mirzǝağanın qarmonu usta Karpuşkinin düzəltdiyi ən nadir qarmonlardan biri tək ən məşhur qarmonçalanların nəzərində, arzu və istəyində olmuşdur. Aida Novruzova müəllimindən ona yadigar qalan şirin, məlahətli səsli qarmon vasitəsiylə öz incə könül tellərini dindirərək az ömründə musiqisevərləri sevindirmişdir. Allah - təala bu xanıma hər şey, gözəl çöhrə, yar - yaraşıq, məhahətli səs bəxş etmişdir. Onun gözəlliyi daxili aləminin saflığında, nəcibliyində və xoş xasiyyətində də özünü büruzə verirdi. Onu məşhur müğənni Şövkət xanım Ələkbərovaya bənzədirlərmiş. Aida xanım əvvəl Bakıda, ətrafdakı kənd və qəsəbələrdə kiçik musiqi dəstəsilə qız toylarında çalıb - oxumuşdur. O, əvvəldən müğənni - qarmonçu kimi tanınırdı. Onun istedadını görüb Azərbaycan Dövlət Filarmoniyasına dəvət edirlər. Aida xanım Novruzova 1962 - ci ildən 1970 - ci ilə qədər burada çalışaraq müxtəlif tədbirlərdə, konsertlərdə çıxış etmişdir. O, filarmoniyada solist - qarmonçu və müğənni kimi fəaliyyət göstərmişdir. İrili - xırdalı müəssisələrdə, rayonlarda kolxoz və sovxozlarda verilən konsertlərdə sevimli qarmonunu sinəsinə sıxıb, çalıb - oxuyub insanlara nəğmələr ərməğan etmişdir. Qeyd edək ki, onun çaldığı alət say - seçmə qarmonlardan idi. Qeyri - adi səsə, əla tembrə malik bu alətin sorağına çoxları düşmüşdü. Hətta bu qarmonu bir dəfə oğurlamışdılar. Xoşbəxtlikdən alǝt tez də tapılıb sahibinə qaytarılmışdı. Aida xanımın ifasında radionun fondunda "Kolxozu" rəqsi yazılmışdır. Gözəl ifa olduğu üçün tez - tez səsləndirilirdi. Hələ neçə - neçə xalq havalarını, milli rəqslərimizi və könül oxşayan təranələri çalıb lentə yazdıracaqdı. Amansız əcəl macal vermədi. Aida Novruzova həyatının və sənətinin çiçəkləndiyi bir zamanda 1970 - ci ildə 41 yaşında dünyasını dəyişmişdir.
________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 74.