Bir zamanlar Azərbaycan radiosundan tez - tez eşidirdik: "Qarmonda çalır Vəzifə Eyvazova". O, xalq havalarımızı bacarıqla ifa edirdi. Atası Vəzifəni Musa Həsənovdan dərs almağa aparırdı. Bu ailə Musa müəlimdən həmişə razı qalıb. 1969 - cu ildə Vəzifə xanımın ifasında "Tərəkəmə", "Qazaxı" rəqsləri və digər melodiyalar radionun fonduna qəbul olunmuş və müntəzəm səsləndirilmişdir. O, muğamlara da yaxşı bələd olmuş və yüksək səviyyədə ifa etmişdir. Onun daha bir istedadı var idi. İfa etdiyi zaman sərbəst danışır, söhbət edirdi, çaşmırdı. Əlbəttə, bu çətin işdir. Burada da istedad rol oynayır. V.Eyvazova məşhur adamların övladlarının şənliklərində qarmonu ilə məclisdəkilərə sevinc bəxş etmişdir. O, qəzəlxan - şair Əliağa Vahidin qızının toyunda, müğənni, əməkdar artist Məmməd Salmanovun oğlunun nişan mərasimində yüksək ifa bacarığı göstərmişdir. Vəzifə Eyvazova toylara gedərkən dəstəsinin müğənniləri Suğra İbrahimova, Zeynəb və Nazpəri Dostaliyeva və Kǝmalə Rəhimli olardı. Vəzifə xanım Politexnik İnstitutu bitirib trikotaj fabrikində məsul işdə çalışarkən kollektivin böyük rəğbətini qazanmışdır. O, həmin təşkilatdan 1970 – 1973 - cü illərdə Bakı şəhər sovetinə deputat seçilmişdi. Vəzifə Alxas qızı ailə quraraq camiyyatimiz üçün layiqli övladlar böyütmüşdür.
_______________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 379, 380.