

“Azərbaycan qarmon sənəti tarixində bir çox istedadlı ifaçılar olub və bu gün də var. Lakin istedadlı olmaqla yanaşı, öz dəst-xəttini tapmaq, fərdi üslubu ilə iz qoymaq və tarixdə öz adını həkk etmək olduqca az sayda sənətkara müəssər olub. Azərbaycan qarmon ifaçılığı tarixində belə simalardan biri də Mayil Quliyev idi.
Ustadın bütün ifalarında özünəməxsus yaradıcı yanaşmanı aydın görmək mümkün idi. Bu həm əldə etdiyi səslənmədə və melizmlərdən istifadə formasında, həm də cümlə quruluşlarında və peşəkar repertuar seçimində özünü büruzə verirdi. Nəticədə, hər kəsin tərəddüdsüz “bu ifa Mayil Quliyevə məxsusdur” deyə biləcəyi peşəkar bir sənət ortaya qoyulmuşdur.
Bildiyiniz kimi, 2022-ci ildən etibarən ölkəmizdə hər il “Azərbaycan Qarmonu Günü” qeyd olunur. Təsisçisi olduğum bu layihə mədəniyyət xadimlərinin, ustadların, müəllim və tələbə heyətinin, eləcə də fəxri qonaqların iştirakı ilə davamlı olaraq keçirilir. Dəvət olunan ustadlar arasında mərhum sənətkarımız Mayil Quliyev də var idi. Hər il dəvət etməyimə baxmayaraq, müəyyən səbəblərdən yalnız bir dəfə — 2024-cü ildə Şəki şəhərində baş tutan tədbirdə iştirak edə bildi.
“Azərbaycan Qarmonu Günü” adətən gənc istedadların iştirakı ilə keçirilir. Lakin ötən il (2025) konsert proqramı məhz ustadlarımızın ifalarından ibarət təşkil olunmuşdu. Mayil müəllim solo ifa üçün həmin konsertə növbəti dəfə dəvət alsa da, təəssüf ki, yenə müəyyən səbəblərdən iştirakı mümkün olmadı.
Onunla 2024-cü ildə lentə aldırdığımız “Laçın” xalq mahnısını isə xüsusi qeyd etmək istəyirəm. Həmin duetdə dərin hisslər, duyğular və böyük bir sənət fəlsəfəsi var. İstər bu ifa və ona dair məqamlarla bağlı məsələlər olsun, istər bu inkişafın ancaq və ancaq vəhdətdə olması kimi çox vacib məqamlar olsun, istər hisslər, duyğularla bağlı məqamlar olsun, istər iki nəslin bir-birinə münasibəti kimi çox vacib, dərin məqamları özündə əks etdirən və o cümlədən digər amillər olsun. Qəhər boğduğu üçün bu barədə geniş danışmaq mənə çətindir. Lakin diqqətli tamaşaçı heç bir sözə ehtiyac duymadan həmin ifanın mahiyyətini hiss edə və qiymətləndirə bilir. Ancaq onu deyim ki, təqdim olunan bu duet bütün mövzularda Azərbaycan qarmon ifaçılığı tarixində olduqca böyük əhəmiyyət kəsb edir və edəcək də. Bu formada duet qarmon ifaçılığımızda ilk dəfə idi ki, təqdim olunurdu.
Ustadın vəfatı musiqi mədəniyyətimiz üçün ağır itkidir. Qarmon alətinin milli musiqimizə adaptasiya olunmasında, inkişafında və gələcək nəsillərə ötürülməsində, araşdırılmasında pedaqoqlarımızın, tədqiqatçılarımızın və ustadlarımızın əvəzsiz zəhməti var. Onlardan biri də məhz mərhum ustad sənətkarımız Mayil Quliyev idi. Allahdan Mayil müəllimə rəhmət diləyirik. Yeri hər zaman görünəcək!”
Dünya Akkordeon Konfederasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi, beynəlxalq münsif üzvi, qarmon.az saytı və 14 may “Azərbaycan Qarmonu Günü”nün təsisçisi, körüklü alətlər arasında dünyada ilk dəfə olaraq “Təzadlı polifoniya”nın müəllifi
Bir daha qeyd edək ki, Mayil Quliyev 2026 - cı il, Mart ayının 31 - i dünyasını dəyişib.
_____________________________________________________________________________________________________________________________________________
"Laçın" mahnısının səsyazma prosesi (Gəncə - 25.03.2024)

“Azərbaycan Qarmonu Günü - 14 may” (Şəki - 06.05.2024)

